XİN-də görüş Siyasət

XİN-də görüş

Elmar Məmmədyarov:"Bütün beynəlxalq ictimaiyyət "status-kvo"nu qəbuledilməz sayır"


Azərbaycan xarici işlər naziri Elmar MəmmədyarovMacarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.
E. Məmmədyarov Bakıda keçirilən Azərbaycan- Macarıstan hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının iqtisadiyyat, nəqliyyat, enerji, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

Nazir ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına göstərdiyi dəstəyə görə Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırıb. E. Məmmədyarov Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi və TANAP/TAP-ın icrası haqqında ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E. Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində mövcud "status-kvo"nun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib.

P. Siyarto isə Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyərək bu xüsusda Birinci Avropa Oyunları, Formula 1 Avropa Qran-Pri və qarşıdan gələn İslam Həmrəylik Oyunlarını qeyd edib. O, Azərbaycan-Macarıstan hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 6-cı iclasından məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib, Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edilib. P. Siyarto BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilməsi münasibətilə Azərbaycanı təbrik edib. Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, Avropa İttifaqı daxilində cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.