“Azərbaycan son illər ərzində çox böyük iqtisadi inkişaf yolu keçib” Siyasət

“Azərbaycan son illər ərzində çox böyük iqtisadi inkişaf yolu keçib”

Azərbaycanda ötən 5 ildə əldə olunan nəticələr növbəti 5 ildə də bu prosesləri uğurlu şəkildə davam etdirəcəyimizə inamı artırır.
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 2016-2020-ci illər BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması mərasimində çıxış edərkən deyib.
B.Muradova əlavə edib ki, əldə ediləcək inkişaf nəticələri Azərbaycanın bütün vətəndaşları üçün, o cümlədən həssas qrupları, ehtiyacı olan təbəqələrin nümayəndələri üçün bərabər şəraitin, imkanın yaradılmasından, əlçatanlığın təmin olunmasından keçir.
Vitse-spiker hesab edir ki, müvafiq qurumlar bu istiqamətdəki işlərini günün tələblərinə və hədəfə uyğun şəkildə tənzimləməyi bacarmalıdırlar.
B.Muradova qeyd edib ki, Azərbaycan son illər ərzində çox böyük iqtisadi inkişaf yolu keçib: "Əlbəttə, bütün inkişaf etməkdə olan və inkişaf yoluna qədəm qoyan ölkələrin rastlaşdığı çətinliklərlə rastlaşır, eyni zamanda öz nailiyyətlərini də qeyd edir. İstər dayanıqlı, davamlı iqtisadi inkişafın əldə olunmasında, istərsə də bu təşkilati potensialın gücləndirilməsində, inkuliziv və sosial xidmətlərin təmin olunmasında, ətraf mühitin, ekoloji vəziyyətin idarəolunması, insanlar üçün təhlükələrin azaldılması istiqamətindəki əməkdaşlıq çox böyük vəzifələr müəyyən edir. Bizim beynəlxalq qurumlarla əməkdaşlığımız genişləndikcə, inkişafımız artıqca onun çərçivəsi də artmaqdadır. Əlbəttə ki, burada şəffaflığa, məlumatlandırmağa çox ciddi ehtiyac olacaq".
Vitse-spiker əlavə edib ki, Azərbaycan hökumətinin bütün qanadları - vətəndaş cəmiyyəti, mətbuat, elmi ictimaiyyət bu sahədə bütün əlaqələrini birləşdirməklə yalnız bu məqsədə nail ola bilərlər. Bu da yalnız o şəkildə mümkün olacaq ki, siyasi iradə və möhkəm məsuliyyət olacaq.