Britaniya Qarabağın qaytarılmasına “hə” dedi Siyasət

Britaniya Qarabağın qaytarılmasına “hə” dedi

Cavid

Britaniyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu "Janes Intelligence" analitik mərkəzi İrəvanda baş verən son hadisələri şərh edib.
Mərkəz Ermənistanda sosial vəziyyətin dəhşətli olduğunu qeyd edir.
Lakin vurğulayır ki, insanlar indiyə qədər səslərini çıxarmırdı: "Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. İnsanlar daha mövcud rejimlə barışmaq istəmirlər. Aprel müharibəsi göstərdi ki, hakimiyyət ölkəni qoruya bilmir, əksinə, daha çox vergi yükü qoyaraq, öz şəxsi büdcələrini zəngiləşdirirlər".
Baş verənlərin Ermənistanın daxili vəziyyəti ilə assosiasiya olunduğunu qeyd edən analitik mərkəz rəsmi İrəvanın hazırda xarici siyasətdə də məğlub duruma düşdüyünü qeyd edib.
"Aprel müharibəsi göstərdi ki, Azərbaycan Ordusu qat-qat güclüdür və indiyə qədər olan erməni mifləri alt-üst edildi. Bunu ermənilər də yaxşı anlayır və onlar adətən buna görə hakimiyyətlə yanaşı, Rusiyanı da ittiham edirlər. Eyni zamanda, Ermənistan tərəfi Qarabağ danışıqlarında da məğlub oldu. Artıq Madrid və Kazan prinsiplərindən söhbət gedir. Hansı ki, bu ərazilərin boşaldılması ilə nəticələnəcək", - deyə məqalədə bildirilir.
Mərkəzin analizinə görə, Ermənistanda istənilən siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan hazırkı danışıqlar prosesini tormozlayacaq: "Lakin qiyamın yatırılması özlüyündə Qarabağ münaqişəsinin "Kazan formatı"nda həllini sürətləndirəcək. Bu yaxın dövrlərdə baş verəcək".
Mərkəz əlavə edib ki, 1994-cü ildəkindən fərqli olaraq bu gün Dağlıq Qarabağ münaqişəsinə Rusiya-NATO gərginliyi, Türkiyə-Rusiya yaxınlaşması və qlobal oyunun dəyişən qaydaları fonunda baxmaq lazımdır.
Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası davam edir.
Etirazçılar Azadlıq meydanında toplaşıb hakimiyyət əleyhinə şüarlar səsləndirirlər.
Aksiya iştrakçıları polis idarəsini ələ keçirən silahlı qiyamçılara dəstək nümayiş etdirirlər.
Qeyd edək ki, bir qədər öncə İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup bu gün səhər saatlarından girov götürdüyü həkimlərdən biri, David Tonoyanı sərbəst buraxıb.
Silahlı qrup iyulun 27-də yaralılardan birinə tibbi yardım göstərmək üçün gəlmiş "Təcili yardım" briqadasını girov götürüb. Hazırda iki həkim və bir tibb bacısı girov qalmaqdadır. Silahlı qrup onları Səhiyyə naziri və cərrah briqadasına dəyişmək niyyətindədir.
Xatırladaq ki, iyulun 17-dən bir qrup silahlı şəxs İrəvan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.