Rusiya və İran Bakı görüşünə yüksək qiymət verir Siyasət

Rusiya və İran Bakı görüşünə yüksək qiymət verir

Bakıda üç ölkə rəhbərinin görüşü əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu barədə Rusiyanın İtar Tass agentliyində Azərbaycan İran və Rusiya prezidentlərinin görüşünü şərh edən yazıda qeyd edilib. "Bu görüş böyük əhəmiyyət kəsb edir. Belə ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyəti Avrasiya məkanı üçün çox önəmlidir"- deyə adıçəkilən agentlik Azərbaycan Prezident Adminstrasiyasının xarici əlaqələr üzrə rəhbəri Novruz Məmmədovun fikirlərini yazıb.
Qeyd olunur ki, bu layihə nəinki üç ölkənin iqtisadiyyatına, eləcə də Avrasiya məkanında yerləşən onlarla ölkəyə öz töhfəsini verəcək və bu, regionun siyasi, humanitar, mədəni və s. sahələrində yeni mərhələyə keçid üçün impuls olacaq.
"Bu, Asiyanın Cənub-Cənub Şərq və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün müasir "İpək yolu" layihəsi olacaq"-deyə agentlik Novruz Məmmədovun fikirlərini vurğulayır.
Moskvada isə qeyd edirlər ki, görüşdə əsas diqqət nəqliyyat layihələrinə yönələcək. "Yeni formatlı sammitdə əsas hədəf yeni perspektivli infrastruktur layihələri, ilk növbədə nəqliyyat sahəsi olacaq"-deyə Kremlin sözcüsü Yuri Uşakov bildirib. O, Rəşt (İran)-Astara (Azərbaycan) dəmiryolu layihəsi bardə fikirlərini bildirərək deyib ki, onun reallaşması nəticəsində "Şimal-Cənub" beynəlxalq dəhlizi regiona böyük imkanlar vermiş olacaq.
Üçtərəfli görüş haqqında ekspertlərin də fikirləri yer alıb. Onların fikrincə, tərəflər arasında Xəzər dənizinin milli sektorlarında sərhədlərin müəyyənləşdirilməsi və dənizin dibdən bölünməsi barədə də danışıqların aparılması istisna olunmur. Qeyd olunur ki, sözügedən məsələ Azərbaycan və Rusiya arasında praktiki olaraq həll olunub. Lakin İranla qarşılıqlı anlaşma əldə edilməyib.
Bildirilir ki, İran dənizin beş sahilyanı ölkəsi ilə bərabər bölgülərin aparılması tərəfdarı kimi çıxış edir. Həmçinin, Moskva və Tehran dənizin dibində neft-qaz borularının tikintisi istiqamətində eyni baxışdan çıxış edirlər. Lakin bu, hövzədə yeni ekotəhlükənin yaranacağına da səbəb olar.
İtar-Tass yazır ki, regional təhlükəsizlik kontekstində üç ölkənin liderləri Dağlıq Qarabağ probleminin həlli məsələsinə də toxunacaqlar. "Nəzərə alsaq ki, Rusiya Minsk Qrupunun həmsədr ölkələrindən biridir, bu zaman Qarabağ münaqişəsinin həll olunması məsələsinə də toxunulacaq"-deyə agentlik növbəti dəfə Novruz Məmmədovun fikirlərinə yer ayırıb.
Prezident Administrasiyasının rəsmisinin Xəzər dənizi üzrə əməkdaşlıq məsələləri ilə yanaşı, təhlükəsizlik, terrorla mübarizə məsələləri ətrafındakı fikirlərini də qeyd edən agentlik yazır. "Əsas odur budur ki, uzunmüddətli strateji əməkdaşlıq müəyyənləşdirilib"-deyə Novruz Məmmədovun fikirləri bildirilir.
O cümlədən, Bakı görüşünün Tehranda da maraqla izlənildiyi bildirilir. Belə ki, Tehranda bu görüş Rusiya ilə gələcək əməkdaşlığa böyük ümid bəslənilir. İranın İRNA agentliyinə istinadən qeyd edilir ki, İran İslam Respublikasının beynəlxalq arenadakı mövqeyinin inkişafı, möhkəmlənməsi artıq səkkizinci dəfə baş tutacaq Vladimir Putin və Həsən Ruhani görüşünün nəticələrindən bir daha bəlli olacaq.