Ermənistan təlaşda Siyasət

Ermənistan təlaşda

"Rusiya yaxşı bilir ki, ona qarşı Ermənistanda dirəniş alətləri yoxdur"

Regional əməkdaşlıq və qloballaşdırma analitik mərkəzinin direktoru Stepan Qriqoryan hesab edir ki, onlar dəfələrlə hakimiyyətə xəbərdarlıq ediblər ki, doğru siyasət yürütmürlər. Bu barədə erməni politoloq Ermənistanın birinci kanalına müsahibəsində deyib. Onun fikrincə, hakimiyyətin yanlış siyasəti ondadır ki, enerji resurslarını, dəmir yolunu və təhlükəsizlik amillərini yalnız bir ölkə ilə əlaqələndirmək olmaz: "Belə ki, nəticədə həmin ölkədən asılılıq yaranır. Əslində isə biz bu siyasətin ardı olaraq nəqliyyat proqramı çərçivəsində İranla da əməkdaşlıq etməliyik".
"Biz eyni zamanda xəbərdarlıq etmişik ki, Rusiya öz maraqlarından çıxış edərək siyasi baxışlarını çevik şəkildə dəyişə bilər və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaq istiqamətində addımlar atar"-deyə xatırladan Qriqoryan bildirib ki, bu gün Rusiyaya üçün Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq mühümdür: "Belə ki, bu gün Rusiya Avropanın, NATO-nun hədəfinə çevrilib. Bu baxımdan, o qarşı tərəfləri zəiflətmək və izolədən çıxmağa çalışır. Bu məsələdə Rusiyaya Çin və Türkiyə yardım edəcək".
Erməni politoloqunun fikrincə, tarix də göstərib ki, türklərlə rusların yaxınlaşması ermənilər üçün təhlükəlidir və bu gün həmin vəziyyəti görməkdədirlər: "Əsas problem kimi Qarabağ münaqişəsidir. Biz ciddi təhlükə ilə qarşı-qarşıya qalmışıq ki, bütün məsuliyyət buna görə Ermənistan hakimiyyətinin üzərinə düşür. Ermənistan assosiativ razılığa imza atmayıb və hər şeyi Rusiyaya verib. Rusiya yaxşı bilir ki, ona qarşı Ermənistanda dirəniş alətləri yoxdur".
Qriqoryan hesab edir ki, Rusiyaya lazım olan odur ki, Azərbaycan Avrasiya ittifaqına üzv olsun: "Bunun nəticəsində Rusiya Ermənistana təzyiqlər göstərəcək. Bu siyasi ticarət ciddidir və ciddi olduğu qədər də təhlükəlidir. Moskva Ermənistana təzyiq edir ki, birtərəfli güzəştə nail olunsun".