İrəvanı Azərbaycan xilas edə bilər Siyasət

İrəvanı Azərbaycan xilas edə bilər

"Newstimes"in Rusiya müdafiə nazirinin Azərbaycana səfəri konkestində şərhini oxucularımıza təqdim edirik:

Son günlər Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi müşahidə olunur. Xüsusilə Rusiya və İran diplomatiyası bir-birinin ardınca addımlar atırlar. Moskvadan Azərbaycana yüksək vəzifəli rəsmilər səfər edir, İran da uyğun gedişlər edir. Tehranla Moskva həm Bakı, həm İrəvan istiqamətində siyasi və diplomatik fəallıq göstərirlər. Kreml regionda daha geniş kontekstdə işlər aparır. İran isə təhlükəsizlik, enerji, nəqliyyat kimi mühüm sahələrdə Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu bəyan etməklə yanaşı, Ermənistana da qaz kəmərinin çəkilişi ilə bağlı baza sazişi imzalayır. Bu cür geniş əhatəli proseslər, sözsüz ki, regionda geosiyasi mənzərəni dəyişə bilər və daha yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsinə yardımçı olar. Ancaq Ermənistan analitik dairələri, ekspertləri və bütövlükdə kütləvi informasiya vasitələri baş verənləri təhrif olunmuş məzmunda təqdim etməyə çalışırlar. Əslində, bununla onlar daha çox özlərinə zərər verirlər, çünki Ermənistanın bu mərhələdə də real proseslərdən kənarda qalması ehtimalı yüksəkdir.
Siyasi qərəzlilik: rəsmi İrəvanın ənənəvi xəstəliyi
Rusiyanın Cənubi Qafqaz istiqamətində diplomatik fəallığını artırdığı faktdır. Prezident Vladimir Putin də daxil olmaqla, yüksək səviyyəli səfərlərin təşkil edilməsi və bu prosesdə regionun böyük dövlətləri olan İranla Türkiyənin də iştirak etməsi, əhəmiyyətli geosiyasi problemlərin müzakirə olunması bunun təsdiqidir. Həmin bağlılıqda müdafiə naziri Sergey Şoyqunun Bakıya işgüzar səfərinə KİV-in böyük maraq göstərməsi də başadüşüləndir. Çünki burada söhbətin hərbi və təhlükəsizlik aspektləri ilə əlaqəli olacağına şübhə yox idi.
Gözlənildiyi kimi, S.Şoyqunun gəlişi Azərbaycan və Ermənistan mətbuatında müxtəlif kontekstlərdə təhlil edildi. Fərqli yorumlar vardır. Lakin qəribədir ki, məsələnin konkret məzmununa dair analizlər azlıq təşkil edir. Xüsusilə Ermənistan ekspertləri S.Şoyqunun səfərinə daha çox Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasının bir fraqmenti kimi qiymət verməyə çalışırlar (bax: məs., Акоп Бадалян. Две определяющие встречи / "Lragir.am", 15 avqust 2016).
Bununla da Rusiya müdafiə nazirinin Azərbaycana gəlişinin konkret məzmunu müəyyən qədər təhrif olunmuş olur. Prezident İlham Əliyev S.Şoyqunu qəbul edərkən dəqiq ifadə edib ki, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı ilə yanaşı, regional təhlükəsizlik məsələlərinin də müzakirəsi aktualdır (bax: Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib / AZƏRTAC, 14 avqust 2016).
Əslində, həmin məsələlər prezident V.Putinin bir neçə gün əvvəl Azərbaycana səfəri zamanı bəyan edilmişdi. Bu, iki ölkə arasında mövcud qarşılıqlı əlaqələrin məntiqinə tam uyğundur. Çünki Moskva və Bakı ənənəvi olaraq hərbi, hərbi-texniki və müdafiə məsələlərində əməkdaşlıq edirlər. Buraya regional təhlükəsizliyin də əlavə olunması tam gözləniləndir. Məsələ burasındadır ki, son zamanlar siyasətçilər və ekspertlər Cənubi Qafqazda geosiyasi mənzərəyə yaxın regionlarda baş verən proseslər kontekstində baxmağa üstünlük verirlər.
Tanınmış rusiyalı ekspert S.Markedonov Vladimir Putin, Həsən Ruhani və İlham Əliyevin Bakı görüşünü, Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburq səfərini nəzərdə tutaraq vurğulayır ki, "...bu görüşlər Böyük Qafqaz regionuna həm daxili dinamika, həm də fon yaradan faktorlar – Rusiya-Türkiyə münasibətləri, iqtisadi situasiya, enerji təhlükəsizliyi, həmçinin Yaxın Şərqdəki böhranın Qafqazdakı vəziyyətə təsiri kontekstində baxmaq cəhdini nümayiş etdirir" (bax: Сергей Маркедонов. Встреча В.Путина и С.Саргсяна: Москва поддерживает компромисс / РСМД, 15 avqust 2016).
Deməli, son zamanlar regionda müşahidə edilən siyasi-diplomatik aktivliyə geniş kontekstdə yanaşmaq daha doğrudur. Burada hansısa lokal xarakterli faktorun ümumi mənzərədən təcrid edilib, ona üstün arqument kimi baxılması reallığa uyğun gəlmir. Erməni ekspert dairələri məhz bu üsulla həm prezident V.Putinin, həm də müdafiə naziri S.Şoyqunun Bakıya səfərlərinə qiymət verməyə çalışır, nəticədə, çox ciddi yanlışlıqlara yol verir, səhv qənaətlərə gəlirlər. Xüsusən Ermənistanın geosiyasi rolunu süni olaraq şişirtməyə çalışırlar. Bəzi hallarda vəziyyəti elə təqdim edirlər ki, guya Qərbin də, Rusiyanın da, İranın da regionda əsas və layiqli tərəfdaşı İrəvan ola bilər.
Özünütəcrid: regionda geosiyasi konfiqurasiyadan kənarda qalma xətti
Bir nümunə göstərə bilərik. Az-çox analitik qabiliyyəti olan İ.Muradyan belə yazır: "Ermənistan Türkiyənin əks tədbirlərlə "qarşısını almaq" vəzifəsi ilə Rusiya ilə bədnam "strateji tərəfdaşlığı" uyğunlaşdırır, o cümlədən KTMT strukturunda bunu edir, həmçinin İranla daha çox yaxın münasibətləri vardır ki, bu da Avro-Atlantik ictimaiyyəti çox maraqlandırır" (bax: Игорь Мурадян. Интересы США в отношении Армении / "Lragir.am", 12 avqust 2016). Özü də bu fikirləri o, "Gürcüstan özünün strateji potensialını xərcləyib qurtarıb" və "Azərbaycan müvəqqəti dövlətdir" kimi cəfəng iddialar fonunda gətirir (bax: əvvəlki mənbəyə).
Lakin dərhal da öz absurd sərsəmləmələrini təkzib edən tezis irəli sürür. Konkret olaraq, İ.Muradyan yazır: "Ermənistanı heç bir formada hərbi manevrlərə, başqa ciddi hərbi tədbirlərə dəvət etmirlər, çünki onu Rusiyanın vassalı kimi qəbul edirlər" (bax: əvvəlki mənbəyə).
Buradan erməni müəllif belə nəticə çıxarır ki, "Ermənistan əvvəlcə öz suverenliyinə nail olmalıdır" (bax: əvvəlki mənbəyə). Qəribədir, deyilmi – Ermənistan nə kimsə tərəfindən ciddi tədbirlərə dəvət edilmir, nə də bütövlükdə dövlət olaraq suverenliyi yoxdur, ancaq strateji potensialını itirən o deyil, Gürcüstandır, müvəqqəti dövlət olan o deyil, regionun lideri Azərbaycandır!
Təbii ki, bu cür absurd xəyallara diqqət yetirməmək daha konstruktiv mövqedir, lakin məsələ ondan ibarətdir ki, hələ bu cür iddialar Ermənistan analitik dairələrinin qismən ağıllı kəsimindən eşidilir: digərləri daha biabırçı və real vəziyyətdən çox-çox uzaq olan mənasız cümlələrlə doludur.
Bu səbəblərdən S.Şoyqunun Bakıya səfərini neqativ fonda təqdim etməyə çalışmaqla reallıqda Ermənistanın sivil dünyadan daha çox təcrid olunmasına təkan verirlər. Proseslər bu müstəvidə davam etsə, İrəvanın vəziyyəti daha acınacaqlı ola bilər. Çünki indi Cənubi Qafqazla bağlı çox ciddi geosiyasi planlar hazırlanıb həyata keçirilir. Burada Rusiya və İranın aktivlik göstərdiyini, Türkiyənin də həmin prosesə ciddi şəkildə qoşulduğunu görürük. Regionun bu böyük dövlətləri faktiki olaraq bu coğrafiyada yerləşən ölkələrin təhlükəsizliyini səmərəli təmin etmək üçün bir araya gəlməyə məcburdurlar.
Bunun fonunda Ermənistanın müxtəlif bəhanələrlə iradlar bildirməsi, Azərbaycan və Türkiyəyə qarşı cəbhənin yaradılmasına xidmət edən axmaq fikirlər irəli sürməsi böyük yanlışlıqdır. Çünki İrəvanın ən yaxın müttəfiqi saydığı Rusiya və İranı belə bir mövqe qane edə bilməz. Tehranla Moskva ilk növbədə öz təhlükəsizlikləri naminə iki güclü türk dövləti ilə əməkdaşlıqda maraqlıdırlar. Bunu reallıq tələb edir. Onu qəbul etməmək hətta Rusiya kimi supergücə belə ciddi zərər verə bilər. Onun təsdiqi ABŞ-ın belə səhvlər ucbatından son illər dünyada mövqeyini əhəmiyyətli dərəcədə itirməsidir. Moskva çətin ki, Vaşinqtonun belə yanlışlıqlarını təkrarlasın.
Bu bağlılıqda S.Markedonovun bir qeydi maraqlıdır. Onun sözlərinə görə, bəzən unudulur ki, "Moskva da öz maraqlarını müdafiə etməyə və özünə sərfəli qərarlar qəbul etməyə can atır. Rusiyanın vəzifəsi ondan ibarətdir ki, öz sərhədləri yaxınlığında münaqişənin alovlanmasına imkan verməsin... Bununla bağlı Rusiya öz final seçimini təxirə salmağa çalışır, belə ki, bu və ya digər tərəfi dəstəkləməklə, Moskva, özünün vəziyyətini pisləşdirə bilər" (bax: Сергей Маркедонов. Göstərilən məqaləsi).
Bizcə, doğru qiymətləndirmədir. Rusiya rəsmi şəxslərinin regiona səfərlərində əsas məqsədləri öz ölkələrinin maraqlarına uyğun nəticələr əldə etməkdir. Lakin bu zaman Moskva regionun hansısa ölkəsini digərindən üstün tutmağa meyl göstərmir, özünün son qərarını açıqlamır. Azərbaycan bu gedişatdan narahat deyil, çünki Rusiya ilə real əməkdaşlıq edə bilir. O cümlədən hərbi və hərbi-texniki sahədə, təhlükəsizlik sferasında, enerji, nəqliyyat və başqa istiqamətlərdə əlaqələri yeni səviyyəyə yüksəltməyə çalışır. Qalan şeylər Azərbaycanın özündən asılıdır.
Deyək ki, Dağlıq Qarabağdan və ətraf rayonlardan işğalçıları çıxarmağa görə ona kimsə irad tuta bilməz. Bu, Azərbaycanın təbii haqqıdır. Lakin Rusiyanın Bakıya məhz bu məqsədlə hərbi əməkdaşlıq təklif etməsini düşünmək də sadəlövhlükdür – Kreml Ermənistana ziyan vuran addım atmaz. Deməli, Ermənistanda əsas olaraq daxili mühit üçün fikir söyləyir, yalançı təhlükələr uydurur və bu üsulla hakimiyyəti saxlamağa çalışırlar. Ancaq təcrübə göstərir ki, bu yol uzun olmur, nə vaxtsa qırılır. Ermənistan siyasi rəhbərliyini də belə aqibət gözləyir. Paradoksal görünsə də, İrəvanı Azərbaycan xilas edə bilər. Təcavüzkarı işğal etdiyi ərazilərdən çıxarmaqla Azərbaycan rəsmi İrəvanın ağlını başına toplamasına imkan yaradar.