“Türkiyə-Rusiya yaxınlaşmasının münaqişənin həllinə necə təsir edəcəyini proseslər göstərəcək” Siyasət

“Türkiyə-Rusiya yaxınlaşmasının münaqişənin həllinə necə təsir edəcəyini proseslər göstərəcək”

Elxan Şahinoğlu: "Suriyanın İraq kimi bir neçə yerə parçalanmasının şahidi oluruq"

Piter Teys: "Türkiyə hakimiyyətinin Əsədin Suriyadakı siyasi gələcəyi ilə bağlı səsini yumşaltmasının 3 səbəbi var"

Avqustun 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirdi ki, Ankara Suriya prezidenti Bəşər Əsədin keçid hökuməti dövründə hakimiyyətdə qalmasını qəbul edir, lakin Suriyanın gələcəyində Əsədə yer yoxdur. Türkiyənin son zamanlar Suriya siyasətində müşahidə olunan dəyişikliyin səbəbi nədir?
Amerikalı siyasi ekspert Peter Teys qeyd edib ki, Binəli Yıldırım bu bəyanatı Türkiyənin avqustun 24-də ABŞ-ın vitse-prezidenti Co Baydeni qarşılamalı olduğu bir vaxtda verdi. Ekspert bildirib ki, Baydenin səfəri çərçivəsində iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etməkdə təqsirli bilinən Fətullah Gülənin ekstradisiyası müzakirə ediləcək.
P. Teys vurğulayıb ki, Suriya Silahlı Qüvvələri ötən həftə ərzində Suriyanın şimalındakı Hasakeh şəhərində nəzarəti ələ almaq istəyən Kürd Asayiş Qüvvələri ilə vuruşub: "Suriya döyüş təyyarələri şəhərin mərkəzindəki Kürd mövqelərinə basqın edib. Bu 5 il ərzində – müharibə başlayandan Suriya Silahlı Qüvvələrinin Kürd silahlılarına qarşı ilk hücumudur".
Ekspert vurğulayıb ki, prezident Əsədin qüvvələri isə hətta müstəqilliyə doğru irəliləyən Suriyadakı kürd silahlılarına hücum etməkdən imtina edib. Digər tərəfdən Ankaranın kürdlərin müstəqilliyə doğru irəliləməsi tendensiyasından narahat olduğunu deyən P. Teys ABŞ-ın kürdlərə verdiyi dəstəkdən də danışıb: "ABŞ Silahlı Qüvvələri Suriyadakı kürd silahlıları ilə birgə xüsusi təyinatlıların sayını 300-ə çatdırmışdı. 2016-cı ilin mayında ABŞ Mərkəzi Komandanlığının rəisi general Joseph Votel kürd silahlı qüvvələrinə baş çəkməklə onlara dəstək verdi".
Ekspertin fikrincə, Türkiyə hakimiyyətinin Əsədin Suriyadakı siyasi gələcəyi ilə bağlı səsini yumşaltmasının 3 səbəbi var. Birinci, Kürd Asayiş Qüvvələrinin Suriyanın gələcəyində artan əhəmiyyəti, kürdlərin dövlətçilik istəyi (Türkiyə Əsədi devirmək üçün qiyamçıları dəstəkləyən əsas qüvvələrdən biridir, lakin Türkiyə ABŞ tərəfindən dəstəklənən kürdlərin öz müstəqilliyini elan edə biləcəyindən narahatdır) və eləcə də Əsədin Silahlı Qüvvələrinin kürdlərə ilk böyük ölçülü hücum etməsi və kürdlərlə ABŞ arasında əməkdaşlığın inkişaf etməsidir. İkinci, Fətullah Gülən tərəfindən uğursuzluqla nəticələnən dövlət çevrilişi Ankaranın Suriyaya qarşı diqqətini oyatdı və Türkiyə hökumətini regiondakı mövqeyinə baxış keçirməyə məcbur etdi. Üçüncü, Türkiyə 28 milyon suriyalı qaçqına ev sahibliyi edir, lakin Avropa İttifaqına üzv dövlətlər, BMT və NATO Suriyada stabillik və sülhü qorumaq məsələsində aktiv deyil.
P. Teys qeyd edib ki, Ankara tərəddüdsüz şəkildə Suriya rəhbərliyinə və qonşu ölkənin siyasi gələcəyinə dair mövqeyini dəyişdi.
Ankaranın Suriya siyasətində baş verən dəyişiklik Ankara-Moskva yaxınlaşması fonunda inkişaf edir. Qeyd edək ki, "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələrinin İranın Həmədandakı bazasından Suriyadakı mövqeləri bombalamasını, gözlənildiyi kimi beynəlxalq ictimaiyyət o qədər də təqdir etməyib. Rusiya Müdafiə Nazirliyi qarşıya qoyulmuş məqsədə çatdıqlarını bildirərək terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyini bəyan etsə də, Vaşinqton fərqli qənaətdədir. Pentaqondan bildiriblər ki, Rusiyanın İrandakı hərbi hava bazasından həyata keçirdiyi uçuşlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçu qruplaşmasına qarşı yönəlmiş fəaliyyətlərinə təsir göstərməyib.
İş orasındadır ki, Rusiyanın Suriya böhranının həllində yenidən fəallaşması artıq dəyişilmiş geopolitik situasiyada baş verir. Belə ki, Rusiya-Türkiyə yaxınlaşması öz təsirlərini yalnız ölkələr arasındakı iqtisadi münasibətlərin əvvəlki səviyyəyə çatdırılmasına hesablanmayıb, eyni zamanda siyasi hədəfləri də var. Ərdoğan-Putin görüşündə də bu vaxta kimi regionun iki güc mərkəzi arasında problemə çevirilmiş siyasi anlaşılmazlıqların da aradan qaldırılmasına ümid verən fikirlər səsləndi.
Dövlət başçılarının görüşünü şərh edən, Rusiya XİN nəzdində Diplomatik Akademiyanın professoru Lev Klepaskiy bildirib ki, yaxın vaxtlarda siyasi anlaşılmazlığın aradan qalxacağına ümid etmək mümkündür: "Ehtimal etmək olar ki, Suriya məsələsində də irəliləyiş olacaq. Burada söhbət Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasından və o ölkədə yaşayan kürdlərin muxtariyyət məsələsinə münasibətdən gedir".
"Burada da Türkiyə öz baxışlarını korrektə edəcək, buna şübhə yoxdur. Əgər belə bir yanaşma olmasaydı, onda Ərdoğanın Moskva səfəri əhəmiyyətsiz olardı", — deyə Lev Klepaskiy bildirib. Amma bir çox ekspertlərin fikrincə, Suriyada əldə olunmuş atəşkəs razılaşmasının davamlı olacağı şübhə doğurur və Bəşər Əsəd hakimiyyətdə qalmağa israr etdikcə, münaqişənin həllinin uzanması ehtimalı böyüyür.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Əsədin hələ də hakimiyyətdə qalması beynəlxalq terrora qarşı mübarizəni zəiflədir. "Rusiyanın Əsədin getməsi ilə bağlı hər hansı bir fikrə gəldiyini düşünmürəm", —deyə siyasi təhlilçi vurğulayıb.
Bölgədə maraqlarından geri çəkilməyən Rusiya üçün vacib amillərdən biri də Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması məsələsidir. E. Şahinoğlunun fiukrincə, bundan sonra Suriyanın ərazi bötüvlüyünü təmin etmək çox çətin olacaq.
"Düzdür, müəyyən uğurlar var. Amma, Suriyada tək terrorçular fəaliyyət göstərmir, axı? Əsədə tabe olmayan silahlı kürd və sünni qruplaşmaları var. Yəni artıq Suriyanın İraq kimi bir neçə yerə parçalanmasının şahidi oluruq", — politoloq vurğulayıb.
Ekspertlərin qənaətincə, Suriyanın gələcək taleyi ilə bağlı beynəlxalq aləm ortaq fikrə gəlməlidir. Türkiyə-Rusiya yaxınlaşmasının münaqişənin həllinə necə təsir göstərəcəyini isə yaxın vaxtlarda baş verəcək proseslər göstərəcək.