“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlar artacaq” Siyasət

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlar artacaq”

"Ermənistan hakimiyyəti hər zaman ABŞ-dan məbləğsiz çek alıb, Rusiyadan qabaqcıl raket texnologiyası aldığı üçün heç vaxt tənqid edilməyib". Bu fikri amerikalı siyasi ekspert Piter Teys deyib. O qeyd edib ki, ABŞ Hökumətinin yaratdığı boşluq nəticəsində Rusiya Müdafiə Sənayesi Ermənistan Silahlı Qüvvələri ilə sıx əlaqə quraraq Yerevanı çoxlu sayda "İsgəndər" kompleksləri ilə təmin edib. P.Teys vurğulayıb ki, digər tərəfdən ABŞ-ın Müdafiə Departamenti bu ilin iyulunda Cənubi Koreya Respublikası ilə razılıq əldə edib: "Razılığa əsasən, Cənubi Koreyanın təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ-ın Koreyadakı bazasına raket müdafiə sistemləri yerləşdiriləcək. Və bu da Cənubi Koreyanı Şimali Koreyanın kütləvi dağıdıcı silahlarından qoruyacaq".
Ekspert bildirib ki, qısa mənzilli ballistik raketləri barədə Rusiya-Ermənistan anlaşması ABŞ və Koreya arasında razılığın əldə edilməsindən bir neçə ay sonra baş verdi.
P.Teys xatırladıb ki, Moskva ilə Yerevan arasında 2010-cu ildə bağlanmış daha bir müqaviləyə əsasən, Rusiya Ermənistanı qabaqcıl və müasir silah sistemləri ilə təmin edə bilər: "2016-cı ilin əvvəllərində Rusiya Ermənistana 200 milyon ABŞ dollar kredit ayıracağını bəyan etdi. Beləliklə də Serj Sarkisyanın faşist rejimi Ermənistanın artan silah sursatı ilə Azərbaycana qarşı qəsbkarlığı davam etdirə biləcək. Bu vəsaitlə Yerevanın raket sistemləri, tank əleyhinə raketlər, təyyarə əleyhinə raketlər alacağı və quru qüvvələrinin arsenalını yeniləyəcəyi gözlənilir".
Ekspert həmçinin əlavə edib ki, Rusiya hərbi texnologiyası Ermənistanın silahlı qüvvələrini modernləşdirməsi üçün yağ-çörəkdir: "Bu gün Ermənistan "Scud-B", "Toçka-U" ilə təchiz edilib. "İsgəndər - M" isə hərbi texnologiyanın tanıdığı ən qabaqcıl silahlardan biridir".
P.Teysin fikrincə, Rusiyanın Ermənistana silah satması şübhəsiz ki, regionda münaqişəni daha da alovlandıracaq və Cənubi Qafqazı daha da həssas edəcək.
Ekspert aprel hadisələri zamanı Rusiyanın silah satışı ilə bağlı verdiyi açıqlamanı da xatırladıb: "Baxmayaraq ki, Rusiyanın baş naziri Dmitri Medvedev 2016-cı ilin aprelində demişdi ki, silahlar tək bir gün istifadə edilmək məqsədilə deyil, daşındırıcı faktor kimi də alına bilər. Lakin mən hesab edirəm ki, Rusiyanın köməyi ilə Ermənistanın arsenalını inkişaf etdirməsi Xəzər regionunda böhranın reseptidir".
P.Teys sonda qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatlar artacaq və beynəlxalq hüququn bələdçiləri olmaq əvəzinə, susan və Azərbaycanın ərazi bütövlüyündə maraqlı olmayan beynəlxalq təşkilatlar tərəfindən güclü qınaq olmayınca Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər davam edəcək: "Hesab edirəm ki, Moskva Ermənistanı silahla təmin etdikcə, Bakı təmas xəttindəki hərbi postlarının müdafiəsini yüksək səviyyədə saxlamalıdır. Fikrimcə, Moskvanın fəal diplomatiyası Qafqazda ABŞ-ın iştirakını kölgədə qoyub".