MSK referendumun nəticələrini təsdiqləyib Siyasət

MSK referendumun nəticələrini təsdiqləyib

Dünən Mərkəzi Seçki Komissiyasının iclasında Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirəyə çıxarılıb.
MSK referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir. Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb. Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib. Referendum Aktı layihəsində Konstitusiyada prezidentin səlahiyyət müddəti yeddi ilə qədər artırılması təklif edilib. Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf var. Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tutub. Mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verilir. Sənəddə həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi nəzərdə tutulub. Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edilib. Milli təhlükəsizliyi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa da dəyişikliklərdə əksini tapıb.
Konstitusiyanın hazırda qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan prezidentinin Ali Baş Komandan kimi Azərbaycan Ordusunun zabitlərindən fərqli olaraq, Milli Qvardiyanın komandanlığına, Daxili Qoşunların komandanlığına və ümumiyyətlə, silahlı birləşmələrin zabitlərinə birbaşa əmr vermək səlahiyyətləri təsbit edilməyib. Bu maddənin təklif olunan yeni redaksiyası Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olmasını nəzərdə tutub. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti silahlı birləşmələrin də Ali Baş Komandanı olacaq. Eyni zamanda insan hüquq və azadlıqlarının daha geniş müdafiəsini nəzərdə tutan dəyişikliklər də Referendum Aktı layihəsində yer alıb.