Mədəniyyətimizin soyqırımı... Siyasət

Mədəniyyətimizin soyqırımı...

Faiq İsmayılov:"Ermənilər işğal altında saxladıqları ərazilərimizdə nəinki sənayemizi, kənd təsərrüfatımızı, təbii sərvətlərimizi dağıdıb, qarət ediblər, həm də milli- mədəni dəyərlərimizin planlı və sistemli şəkildə məhvini və ya erməniləşdirilməsini həyata keçirirlər"

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür itki və tələfatların "Beynəlxalq Qiymətləndirmə Standartları"na əsaslanaraq hesablanması barədə prezident İlham Əliyevin Azərbaycan hökumətinə ünvanladığı göstərişlərə müvafiq qaydada prosesin icrası istiqamətində mövcud fəaliyyətin genişləndirilməsinə başlanılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinə prezident İlham Əliyevin imzaladığı (H27/2-222, 18.11.2011-ci il tarixli) təkliflərə müvafiq qaydada baxılaraq Ermənistanın işğalı altındakı ərazilərdəki əmlaka dəyən zərərlərin qiymətləndirilməsi üçün 15 nəfərdən ibarət işçi qrupunun yaradılması barədə Nazirlər Kabineti tərəfindən 51 saylı 26 fevral 2014-cü il tarixli sərəncam verib. Bu sərəncama uyğun olaraq BAXCP Ali Məclis sədrinin müavini, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov həmin işçi qrupun üzvü təyin edilib. Bu barədə BAXCP mətbuat xidmətinə məlumat verən Faiq İsmayılov bildirir ki, "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki tarix və mədəniyyət Abidələrinin Beynəlxalq Standartlara uyğun qiymətləndirilməsi metodologiyası" kitabını nəşr etdirərək milli-mədəni dəyərlərimizə dəyən zərərlərin qiymətləndirilməsi qaydalarını müəyyənləşdirib:"Bu qaydalara əsasən Azərbaycanın işğal olunmuş ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin hesablanmasını başa çatdırmışam. Həmin hesablamalara görə, münaqişə zonasındakı daşınmaz tarix və mədəniyyət abidələrinə 130 949 812 000 AZN məbləğində zərər dəyib".
İşçi qrupunun üzvü deyir ki, Ermənistan hökuməti, öz işğalı altında saxladığı Azərbaycan ərazilərini məcburi şəkildə erməniləşdirməklə, bu torpaqları mənimsəməyə çalışırlar:"Ərazilərin erməniləşdirilməsi əsasən toponimlərin və tarixi abidələrin divar yazılarının dəyişdirilməsi ilə aparılır. Artıq heç kimə sirr deyil ki, ermənilər, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində Azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir, xristian dövrü abidələrinin isə formasını və ya divar yazılarını dəyişdirərək bu abidələrin ermənilərə məxsus olduqlarını iddia edirlər. Məhz bu səbəblərdən də işğal altındakı tarix və mədəniyyət abidələrinin mühafizəsi, təbliği və onlara dəyən zərərlərin dəyərləndirilməsi bu gün daha çox aktuallıq kəsb edir. Azərbaycanın tarix və mədəniyyət abidələrinin dünya mədəniyyətinin inkişafında xüsusi yeri olduğunu anlayan hər kəs, bu abidələri mühafizə edərək gələcək nəsillərə çatdırılmasını özünün borcu və vəzifəsi bilməlidir".
Faiq bəyin sözlərinə görə, xalqımızın ermənilər tərəfindən illərlə hissə-hissə dağıdılan mədəni irsinin yerini doldurmaq sadəcə mümkün deyil:"Əgər biz işğal altında olan tarix və mədəniyyət abidələrimiz üzərində sahibliyimizi əldə edib, mədəni irsimizin nümunələrini gələcək nəsillərə olduğu kimi qaytarmasaq, abidələrimizin qorunması və mühafizəsi işlərini bərpa etməsək, bu, Azərbaycan mədəniyyətininin mənəvi yoxsullaşmasına gətirib çıxaracaq. Məlumdur ki, SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, o dövrdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatından kənarda qalmasına səbəb olmuşdu. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və onlara işğal dövrü ermənilər tədəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Eyni zamanda, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrindən istifadə olunmaması, yəni abidələrin mövcud vəziyyətdə işğal altında qalması Azərbaycanın tarixinə, mədəniyyətinə, həm də dövlətin büdcəsinə hər il milyonlarla manat ziyan vurur. Azərbaycanın işğal altında olan ərazilərinin tarixi ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qanunsuz arxeoloji qazıntılar aparılır, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək ölkədən çıxarılır. İşğal altındakı bütün ərazilərdə kütləvi şəkildə erməni "tarixini" əks etdirən kustar, eləcədə mexaniki üsullarla yonulmuş bədii daş nümunələri, məhşur erməni terrorçularının adlarını əbədiləşdirən monumental komplekslər quraşdırılır. Azərbaycanlıların qovulduqları kənd, qəsəbə və şəhər xarabalıqlarında erməni kilsələri tikilir, xristianlığa qədər olan dövr və xristianlıq dövrü abidələrinin (Qafqaz Albaniyası dövrü abidələri) adları dəyişdirilərək erməni adları ilə əvəz olunur.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri, qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar, qəbir daşları, qəbirüstü abidələr, kurqanlar, istehkamlar, qalalar və memarlıq abidələri kimi qruplara bölünür. Bu qruplar üzrə 894-ü rəsmi dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum olan 4300 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Burada göstərilən rəqəmləri Ermənistanın rəsmi mənbələri də təsdiqləyir. 28.01.2011-ci il tarixdə Ermənistanın "Radi Doma" saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın İA REGNUM agentliyi Ermənistan rəsmlərinin məlumatlarına əsasən bildirib ki, 2011-ci ildə Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000 min tarix və mədəniyyət abidələri qeydə alınıb. Erməni tarixçisi Şahen Mkrtçyanın 1989-cu ildə Moskvada nəşr etdirdiyi "Qarabığın memarlıq abidələri" və 2006-cı ildə İrəvanda təkrar nəşr etdirdiyi eyni adlı kitablarda Qarabağdakı abidələrin adları və mövcud olduqları yerlər dəqiq göstərilib".
Faiq İsmayılov deyir ki, ermənilər işğal altında saxladıqları ərazilərimizdə nəinki sənayemizi, kənd təsərrüfatımızı, təbii sərvətlərimizi dağıdıb, qarət edib iflic vəziyyətinə salıblar, eyni zamanda, orada yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc və ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini, tətbiqi sənət numunələrini, o, cümlədən folklorumuzu, toponimlərimizi, mətbəximizi eləcədə tarixi əsərlərimizin yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf götürərək, bütün milli-mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhvini və ya erməniləşdirilməsini həyata keçirirlər:"Azərbaycan ərazilərində ermənilərin həyata keçirdiyi bu hadisələr beynəlxalq hüquqda mədəniyyətin soyqırımı anlamını verir.
Bu gün işğal altındakı ərazilərimizdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onları mühafizə edərək, gələcək nəsillərə çatdırılması bizim borcumuz və vəzifəmizdir".
Faiq bəy qeyd edir ki, işğal altındakı abidələr forma və həcminə görə iki hissəyə bölünür-daşınan abidələr (səyyar) və daşınmaz (stasionar) abidələrdir:"Daşınan abidələr, muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində (məscid, kilsə, məbəd) şəxsi mülklərdə və başqa yerlərdə qorunan eksponat və digər əşyalardır. Halbuki, bu kateqoriyaya aid aid olan 26 muzey, şəkil qalareyaları və şəxsi mülklərdən 100 minlərlə eksponat torpaqlarımızın işğalı dövrü ermənilər tərəfindən qənimət kimi mənimsənilərək, bir qismi aparılaraq Ermənistanda saxlanılıb, bir qismi isə Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərin böyük şəhərlərində satış üçün hərraca çıxarılıb və ya nüfuzlu şəxslərə hədiyyə edilib.
Aydındır ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulub və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır".
Onun sözlərinə görə, Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların əraziləri tarix və mədəniyyət abidələrinin, istərsədə ilk insan məskənlərinin mövcudluğu baxımından olduqca zəngindir:"Xocavənd, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları ərazilərində ilk insanların mövcudluğunu sübut edən faktlar deməyə əsas verir ki, hələ min illər öncə ilk insan icmalarının təşəkkül tapdığı dövrlərdə də, insanların yaşayışı üçün Qarabağ bölgəsində əlverişli münbit təbii şərait olub. Bəlkə də bölgədə bu cür üstün şəraitin olması, ona qarşı qonşu xalqların təcavüzlərinə və istilalarına gətirib çıxarıb.
Dağlıq Qarabağ, Cəbrayıl, Laçın və Kəlbəcər əraziləri dünyanın ilk insan düşərgələrinin olduğu nadir ərazilərindəndir ki, burada yüz illərlə ilk insanlar yaşayaraq öz izlərini daşlar, qayalar üzərində qoyub gediblər. Zaman keçdikcə ibtidai insanın şüuru, mədəniyyəti inkişaf edir, hər qəbilənin özünə məxsus fantaziyası, yeni fəlsəfi düşüncəsi və adət-ənənələri meydana gəlirdi. Yeni adətlərdən biri də hər qəbilənin özünə məxsus dəfn mərasimlərini icra etməsi olur. Məhz bunun nəticəsi idi ki, bu ərazilərdə kurqanlar, küp qəbirlər və. s. meydana gəlirdi. Dünya arxeoloqlarının apardıqları çoxsaylı araşdırmalara və gəldikləri ümumi nəticələrə görə, neolit və eneolit dövrlərində və tunc dövrünün əvvəllərində ölənlərin qəbirləri üzərində torpaq, ağac və daşdan ibarət süni təpələr, kurqanlar yaratmaq adəti vardı. Hətta bu gün erməni alimləri də təsdiqləyirlər ki, dünyada kurqanların düzəldilməsi türkdilli xalqlara məxsusdur. Çünki kurqanlar yalnız türkdilli xalqların yaşadıqları ərazilərdə təsadüf edir".
Faiq bəy vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqa zidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması, Ermənistan əsirliyində saxlanılan azərbaycanlıların azad edilməsi, onların insan hüquqlarından istifadə edə, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıda bilməsi, əmlakının qaytarılması və s. deməkdir:"Bundan əlavə, restitusiya Ermənistan tərəfinin Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ali Sovetin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və digər qanunsuz qəbul olunmuş bütün normativ aktlarının ləğvini də özündə ehtiva edir. Eyni zamanda, işğal edilmiş Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfi ilə bağlanmış müqavilələr əsasında xarici şirkətlərin təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına qadağan qoyulması tələbinin yerinə yetirilməsi də restitusiya çərçivəsində həyata keçirilən tədbirlərdən olmalıdır".