Akif Çovdarov haqqında bəzi faktlar Siyasət

Akif Çovdarov haqqında bəzi faktlar

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə bəzi detallar məlum olub.
İstintaq zamanı müəyyən edilib ki, A. Çovdarov 2008-ci ilin fevral-mart aylarında MTN-nin Antiterror Mərkəzinin rəis müavini işləyərkən çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Azərtikinti-ATF" MMC-nin direktoru Azər Cəlil oğlu Quliyevin külli miqdarda pulunu ələ keçirmək məqsədilə hakimiyyətdən və öz qulluq mövqeyindən tamahkarlıq məqsədi ilə sui-istifadə edərək, rəsmi sürətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət ərizəsi, əməliyyat məlumatı olmadığı halda cinayət işi üzrə dəstə üzvlərindən olan Səlim Məmmədovun vasitəsi ilə 2008-ci ilin fevral ayında Azər Quliyevi MTN-ə çağırıb. A. Çovdarov A. Quliyevin 8 saat ərzində yaxın qohumları, ailə üzvləri ilə əlaqə saxlamasına imkan vermədən hərəkət sərbəstliyini məhdudlaşdırıb nazirlik əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlamaqla qanunsuz azadlıqdan məhrum edib.

A. Çovdarov xidməti otağında onunla görüşərək qarşılıqlı biznes əlaqələrinə malik olduğu şəxslərlə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək "Orxan" MMC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasından saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar mənzillərin satışına görə barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi ilə şəxsən hədələyərək 1 200 000 ABŞ dolları məbləğində pul vəsaiti tələb edib, 2 mənzilin ona verilməsi ilə razılaşıb. Bundan əlavə, 2008-c il martın 11-də Azər Quliyevi direktoru olduğu "Azərtikinti-ATF" MMC ilə "Babək-94" müstəqil kiçik müəssisəsi arasında bağlanılmış müqavilə əsasında inşa edilən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2942a məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında (hazırda Xudu Məmmədov küçəsi, 34) inşa edilən yaşayış binasında öz payına düşən 62 860 manat dəyərində 89,8 kvadrat metr ölçüdə olan 136 və bazar dəyəri 115 500 manat təşkil edən həmin ölçüdə 100 saylı mənzilləri dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu Bağırov Kazım Alməmməd oğlunun adına sənədləşdirilməsi ilə hər iki mənzili dəyəri ödənilmədən əvəzsiz sürətdə hədə-qorxu ilə əldə edib.
Akif Çovdarov sonradan 136 saylı mənzili üçüncü şəxslərlə satmaqla, 100 saylı mənzili isə özünün Novxanı qəsəbəsində yerləşən bağ evində bağban kimi fəaliyyət göstərən Həsənov Elxan Müqabil oğlunun adına rəsmiləşdirərək faktiki mülkiyyətində saxlayıb.
Həmçinin 2008-ci il mart ayında Səlim Məmmədov Bakı şəhəri 8-ci kilometr yaşayış massivi, "Borçalı" şadlıq sarayının yaxınlığında Azər Quliyevlə görüşüb ondan hədə-qorxu ilə müvafiq dövrün məzənnəsinə görə 12 478 manata bərabər 15 000 ABŞ dolları alıb. Bununla onlar özgənin külli miqdarda pul vəsaiti və əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.