“Ermənilər Demiçova dedi ki...” Siyasət

“Ermənilər Demiçova dedi ki...”

Hüseynağa Qəniyev:"Axı siz Moskvada bizə başqa vədlər vermişdiniz. Demiçov dedi ki, heç bir vəd verməyib. Onlar isə bildirdilər ki, biz sizin qəbulunuzda olmuşuq və demisiniz, gedin bu məsələni qaldırın kömək edəcəyik"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü Hüseynağa Qəniyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

-Hecə fikirləşirsiniz, bu gün deyə bilərikmi, Qərb və Avropa dövlətlərinin Ukraynanı Rusiyanın caynağından qurtarmağına az qalıb?
-Hə qədər vaxt qaldığını deyə bilmərəm, hər halda sizinlə razıyam ki, o gün gələcək. Ümumiyyətlə, mənə elə gəlir ki, Ukraynanın Qərb rayonları ilə Şimal tərəflərinin dünyagörüşündə, mentalitetində müəyyən bir-birinə uyuşmayan istiqamətlər mövcuddur. Xüsusən ölkənin Qərb hissəsində olanlar uzun illər ya Polşa dövlətinin, ya da Avstriya və Macarıstanın tərkibində olublar. Yalnız 30-cu illərin axırlarında hitler Almaniyası Avropanı işğal edəndə sovet hökuməti də onları özünə birləşdirdi. Və o mentalitet fərqləri bu gün də davam edir. Əgər bu günə qədər həmin fərqlər aradan götürülməyibsə, o daha çox irəli gedə bilər.
-Bəzi analitiklər deyirlər-Ukraynada müxalifətin önündə gedən idmançı Vitali Kliçko siyasi baxımdan Qərbi və Avropanı tam təmin etmədiyindəndir ki, hələlik Viktor Yanukoviçin hakimiyyətdə qalması müddətini uzadırlar. Və bəzi məsələlərin onun əliylə həllinə nail olmaq istəyirlər.
-Mənim fikrimcə, Viktor Yanukoviçin özü də xalqın içindən təbii yolla çıxıb prezident olmayıb. Süni yolla üzə çıxan hər hansı bir məsələ, hər hansı bir şəxs və yaxud hər hansı bir vəzifəni idarə edən ölkənin təlatümlü dövrlərində davam gətirə bilmir. Bu adamlar o zaman işləyə bilirlər ki, hər şey sakit və dinc yolla gedir. Ancaq müəyyən dönüş nöqtələri olanda tarix həmin adamları səhnədən atır. Hesab edirəm ki, Vitali Kliçko da dalğanın üstündə gələn biridir. Onun populyarlaşması siyasi qələbələri ilə deyil, idman qələbələriylə bağlıdır. Tarixdə belə hadisələr çox olub. "Qladiator" filmində Maksimus məhşur döyüşçü olub və həmin dövrdə onun döyüşçü olması populyarlığına heç bir köməklik göstərməyib. O bir qladiator kimi məşhurlaşıb və qladiator kimi də kütlənin içinə girib. Belə adamlar hadisələrdə müəyyən rol oynayır, ancaq hadisələri irəliyə apara bilmir. Kliçko da hazırda həmin rolu oynayır. Xalqın onu idmançı kimi sevməsi adamlarda ona inam yaradır. Ancaq prezident seçilərsə, bu heç də uğurlu seçim olmayacaq.
-Bəzən belə bir fikir dövriyyəyə buraxılır ki, Rusiya Ukraynada məsələləri həll edəndən sonra Azərbaycana təzyiqləri artıracaq. Azərbayan isə birmənalı olaraq Rusiyanın proyekti olan Avroasiya və Gömrük İttifaqlarına daxil olmayacağını bəyan edib. Və Avropaya üzünü tutub.
-Bilirsiniz, Avropaya istiqamət deyəndə Avropada olan əsas dəyərləri götürmək lazımdır. Məsələn, deyək ki, Ukraynada kimsə hakimiyyətə əgər millətçilik telləri üstündə gəlirsə, bu Avropa dəyərləri demək deyil. Çünki Avropada millətçi dövlətlərdən daha çox, vətəndaş dövlətləri qurulur. Ancaq məsələ burasındadır ki, Avropa bu gün Kliçkonun millətçi baxışlarına da dözə bilər, təki Ukraynada məsələ onların dediyi kimi həll olunsun. Və köhnə hakimiyyət getsin. Həqiqətən də köhnə hakimiyyətin getməyi lazımdır. Ümumiyyətlə, Avropa dəyəri və demokratiyanın dəyəri nədir?
Demokratiyanın dəyər prinsiplərindən biri də dövlət başçılarının müəyyən müddətdən sonra hakimiyyətdən uzaqlaşmasıdır. Ukraynanın son 20 ildəki bu istiqamətdə fəaliyyəti Avropa dəyərlərinə cavab verir. Hər seçkidən sonra yeni prezident hakimiyyətə gəlib. Dörd prezident bir-birilərini sevməsələr də, dövlətin çətin günlərində otrub bir yerdə məsləhətləşirlər və çıxış yolu axtarırlar. Baxın, Gömrük İttifaqına hansı ölkələr qoşulub-Qazaxıstan, Belorusiya. Bu ölkələrdən hər birinin rəhbəri 25 ildən artıqdır ki, prezident kürsüsünə sahibdirləər. Bundan sonra da 25 il prezident kürsüsündə oturmağı düşünürlər. Ona görə də Ukrayna dövlətçilik prinsiplərinə görə Avropaya daha çox yaxındır və bu istiqamətdə gedir.
O ki qaldı Azərbaycana, bu o demək deyil ki, Ukraynada nə baş verirsə, Azərbaycanda da təkrarlanmalıdır. Bizim məqsədimiz Avroatlantikaya döğru getməkdir. İndinin özündə də Azərbaycan istər Avroasiya, istərsə də Gömrük İttifaqına girməkdən uzaqdır. Hesab edirəm ki, Rusiya bizə təzyiq göstərə bilməz və təzyiq göstərsə də belə, əhalinin böyük hissəsi öz seçimini müəyyənləşdirib-Avropaya doğru getmək.
-Ukraynada artıq parlamentli respublika məsələsi gündəmə gətirilib və bunun mümkünlüyü istiqamətində söhbətlər aparılır. Azərbaycanda isə parlamentli respublikaya keçidin zəruriliyini BAXCP və partiyanın lideri Qüdrət Həsənquliyev dəfələrlə bildirib. Hətta, BAXCP 2013-cü il prezident seçkilərinə bu şüarla qatıldı.
-Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika kimi yaradılıb. Mənim fikrimcə, parlamentli respublika daha demokratik respublikadır. Xüsusilə müsəlman ölkələri üçün uğurlu nəticələr verə biləcək respublikadır. Çünki hakimiyyətdə səlahiyyətin bir nəfərə çox verilməsi sonradan diktaturaya meyilliyə gətirib çıxarır. Atatürk kimi nəhəng şəxsiyyət də bütün bunları nəzərə almışdı ki, Türkiyədə parlamentli respublikanın əsasını qoymuşdu. Ukraynada da parlamentli respublika yaransa bunun nəticəsi yaxşı olar.
-Bu günlərdə millət vəkili Zahid Oruc təklif etdi ki, Milli Məclisin adı dəyişdirilərək Millət Məclisi olsun. Sizcə, söz nəyi dəyişə bilər?
-Milli Məclis kimi qalsa daha yaxşı olar. Bəlkə bu təklifi verən, bütün millətlərin nümayəndəsinin Milli Mcəlisdə təmsil olunmasını nəzərdə tutur? Ancaq verilən qərarı tez-tez dəyişmək lazım deyil.
-Siz vaxtilə parlamentin üzvü olmusunuz. Sizin dövrünüzlə, indiki dövr arasında parlamentdə oxşarlıq və yaxud fərqlilik nədə özünü göstərir?
-Bizim dövrümüzdə parlamentdə çox gərgin iş gedirdi. 1991-1995-ci illərdə Azərbaycan dövlətinin dövlətçilik prinsipləri, qanunçuluq bazası, beynəlxalq məsələlərdə ayrı-ayrı dövlətlərlə münasibətlərin yaranması daha öncül məsələlər idi. Parlamentdə də cəmi 50 nəfər təmsil olunurdu. Hər həftə demək olar ki, üç dəfə Milli Məclisin iclasları keçirilirdi. Ciddi məsələlər qoyularaq müzakirə olunurdu və fikir ayrılıqları da yaranırdı. Bəzən deyirlər ki, hamının sözü bir olsun. Elə məsələlər var ki, hamının sözü bir olmalıdır-dövlət, millətin və xalqın mənafeyi məsələlərində. Ancaq elə məsələlər də var ki, yekdillik qəbuledilməzdir. Allahın özü yeknəsəkliyin əleyhinədir. Yəni Allah elə bir şey yaratmayıb ki, birinci ikincini təkrarlasın. Allahın yaratdığı hər şey müxtəlifdi və rəngarəngdi. Bu mənada fikir müxtəlifliyi ola bilər və bu fikir müxtəlifliyindən müəyyən ideya ortaya çıxar və həmin ideya qəbul olunandan sonra hamı onun icrasıyla məşğul olar. O dövrki parlamentdə həqiqətən fikir ayrılıqları çox idi. Və indiki parlamentdən də bununla fərqlənir.
-Vaxtilə parlamentdə Dağlıq Qarabağ problemi müzakirəyə çıxarıldı və bu zaman ölkənin siyasi partiyaları, ictimaiyyət nümayəndələri həmin müzakirəyə dəvət olundular. Bu gün isə belə müzakirələr keçirilmir. Baxmayaraq ki, dəfələrlə bununla bağlı təkliflər səsləndirilib.
-Dağlıq Qarabağ problemi kampaniya xarakteri daşımamalıdır. Hər gün bu problem nəzarətdə saxlanılmalı və çözüm yolları aranmalıdır. Yəqin kiminsə fikri belədir ki, ildönümlər olanda müəyyən məsələlər müzakirə olunsun. Dağlıq Qarabağ məsələsi nəinki Azərbaycanın, həm də dünyanın problemidir. Bu problem dünya miqyasında çox böyük rezonans verdi. Dağlıq Qarabağa yeyələnmək məsələsi ermənilərin sifətini göstərdi. Dağlıq Qarabağ ta qədim dövrdən Azərbaycan torpağı olub. Hələ 2000 il, bəlkə də ondan əvvəl Xocalı mədəniyyəti yaranıb. Ermənilərin birdən-birə torpaq mənimsəmək iştahı onların özlərini gülünc vəziyyətdə qoydu. Mənim yadımdadır, 1988-ci il yanvarın 20-də "Sovetskiy Karabax" qəzetində belə bir məlumat verildi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin növbədənkənar sessiyası çağrılıb və sessiyada Azərbaycan SSR Ali Sovetindən və Ermənistan SSR Ali Sovetindən xahiş olunur ki, Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə verilməsi üçün SSRİ Ali Soveti qarşısında məsələ qaldırsın və bunun müsbət həllinə nail olsun. Bu məlumatı eşidənlərin hamısı təəccübləndi. Çox maraqlıdır, o vaxt SSRİ-yə rəhbərlik edən Mixail Qorboçov isə həmin məlumatı alqışladı və dedi ki, bu, yenidənqurmanın, yeni təfəkkür tərzinin və demokratiyanın təntənəsidir. Burdan belə bir nəticə çıxır ki, 1988-ci ildə qaldırılan bu məsələnin kökləri çox dərindədir. Ermənilər daim xəlvəti də olsa bu məsələylə məşğul olublar və indiki mərhələyə gətirib çıxarıblar. Həmin dövrdə Azərbaycan Mərkəzi Komitəsinin 5-6 nəfər işçiləri Xankəndinə getdik. O zaman Sov. İKP Mərkəzi Komitəsinin katibi Razumovski və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini Demiçov orada iştirak edirdi. Razumovski dedi ki, Azərbaycan rəhbərliyi çox passiv gözləmə mövqeyi tutub. Situasiyaya nəzarət edə bilməyib və onu düzgün qiymətləndirməyib. Yerdən çıxış edənlər, xüsusən Manuçarov, Robert Köçəryan Demiçova üz tutub dedilər ki, bəs siz niyə danışmırsınız? Axı siz Moskvada bizə başqa vədlər vermişdiniz. Demiçov dedi ki, heç bir vəd verməyib. Onlar isə bildirdilər ki, biz sizin qəbulunuzda olmuşuq və demisiniz ki, gedin bu məsələni qaldırın kömək edəcəyik. Demək ermənilər aşağıdan gözəgörünməz tellərlə bu məsələylə daim məşğul olublar. Bir məsələylə ki, metodiki olaraq daim məşğul olursan, onu sonluğa gətirib çıxarmaq mümkündür.
Dağlıq Qarabağ probleminin həllində müəyyən məqamları buraxdıq. Belə ki, hakimiyyətə gələn Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov kadrları dəyişməklə məşğul oludular. Həticə də onu göstərdi ki, kadrlar dəyişməklə məsələ həll olunmur. Əsas ideyanı, düşüncəni, təfəkkür tərzini dəyişmək lazım idi. Bunu edə bilmədiklərindən Dağlıq Qarabağ problemi də həllini tapmadı və Xocalı soyqırımı baş verdi. Ümumiyyətlə, Azərbaycanın mübarizə metodikası ilə ermənilərin mübarizə metodikasını nisbi olaraq belə qiymətləndirirəm. Azərbaycanın mübarizə metodikasında beynəlmiləlçilik, ermənilərdə isə radikal millətçilik əsas rol oynayırdı. Mən radikal millətçiliyin tərəfdarı deyiləm. Ancaq millətin mənafeyi insanın qəlbində olmalıdır. Elə məqamlar var ki, orda Atatürkün sözü yada düşür-"Türkün türkdən başqa dostu yoxdur". Çünki elə bir məqam olur ki, millət təklənir və bu zaman millət millət kimi birləşməlidir. Biz isə beynəlmiləlçilik metodla radikal millətçilik metoduna qarşı mübarizə apardıq nəticə də belə oldu.
-İldönümlərdən söz düşmüşkən, Xocalı soyqırımının baş verdiyi tarix yaxınlaşanda hər dəfə müzakirələr açılır ki, biz özümüz bu soyqırıma hüquqi və siyasi qiymət vermədən başqa ölkələrdən bu qiyməti istəyə bilmərik.
-O vaxt siyasi qiymət verildi. Ancaq Xocalı soyqırımı dünyaya çıxarılmalıydı. Baxın, yəhudilərə qarşı soyqırım oldu. Onlar bu gün də bununla bağlı müböarizələrini davam etdirirlər. Bizdə isə bu ardıcıllıq olmadı. Hər hansı qərarı qəbul eləmək asandı. Onun icrası haqqında düşünmək lazımdır. Qərar bir gündə qəbul olunur, icrası üçünsə aylar-illər lazımdır.