“Buna heç kimin gücü çatmayacaq” Siyasət

“Buna heç kimin gücü çatmayacaq”

Türkiyənin Azərbaycandakı səfiri: "Azərbaycan bayrağını endirməyə çalışanlar qarşısında bizi görəcək"


"İndi regionda Azərbaycanın sağalmaz yarası olan Dağlıq Qarabağ münaqişəsi ən ağrılı problemdir".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə keçirilən "Türkdilli ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25 ildə" adlı konfransda deyib.
O qeyd edib ki, Ermənistan tərəfindən problemin həllinə dair haqsızlıqların artması problemin həllinə başlıca maneədir. Səfir problemin tezliklə həllinin region üçün vacib amil olduğunu bildirib.
Erkan Özoral bildirib ki, 15 iyulda Türkiyə xaricdən və ölkə daxilindən olan xainlərin amansız terror cəhdinə məruz qalıb: "Ölkəmizi xainlərə təslim etməyə çalışdılar. Dövlət çevrilişi cəhdləri ölkəmizə qarşı xəyanət idi. Bu cəhddən sonra türkdilli ölkələrin, onların dövlət başçılarının, xüsusilə də Azərbaycan prezidentinin ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarıq. Biz bu yardımları unutmarıq və hər zaman sizi dəstəkləməkdə davam edəcəyik. Türkiyə keçmiş Sovet İttifaqından qurtulan bütün türkdilli ölkələrə daim dəstək olub və həmişə olacaq. Bu gün dünyanın ən böyük bayrağı Bakıda, Bayraq Meydanında dalğalanır. Bu bayraq tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin müstəqillik simvoludur. Bu bayrağı endirməyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq".