Avropa İttifaqı Lusine Nersisyanın həbsindən narahatdır Siyasət

Avropa İttifaqı Lusine Nersisyanın həbsindən narahatdır

Azərbaycan siyasi ekspertləri və hüquq müdafiəçiləri tərəfindən yaradılan Ermənistan-Azərbaycan sülh platforması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müxtəlif qruplar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard ADA Universitetində "Dinlərarası tolerantlıq və mətbuatın rolu" mövzusunda beynəlxalq konfrans zamanı "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovla söhbəti əsnasında deyib.
Milena Mard bildirib ki, Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri və müxtəlif insan qrupları arasında əlaqələrin qurulmasına dəstək verir:
"Bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Avropa tərəfdaşlığımız var və bu bizə imkan verir ki, Azərbaycan ilə Ermənistan arasında bu cür əlaqələrin qurulmasına dəstək verək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müxtəlif qruplar arasında dialoqun inkişaf etdirilməsi üçün Azərbaycanın da Bakı platforması kimi müxtəlif formatlar yaratması vacib əhəmiyyət kəsb edir".
Bakı platformasının Dağlıq Qarabağda yaşayan erməni üzvlərindən birinin Ermənistanda həbs olunması məsələsinə gəlincə, M.Mard bununla bağlı narahatlığını ifadə edib: "Mən bu məsələ ilə bağlı məlumatı mətbuat vasitəsilə aldım və bu çox narahatverici bir məsələdir. Bu həm də onu göstərir ki, medianın Bakı platforması ilə bağlı məsələləri və ümumilikdə cəmiyyətdə baş verən hadisələri izləməsi çox vacibdir".