
Levon Ter-Petrosyanın son çıxışı o deməkdir ki, Sərkisyan növbəti ağır durumda eks-prezidentə bel bağlamaya bilər.
Bu sözləri Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışını şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Petrosyanın həmin çıxışının sensasiya əhəmiyyətli olduğunu düşünür:
"Aprel savaşı cəmi 4 gün davam etsə də, bu, Ermənistan cəmiyyətində silkələnməyə kifayət etdi. Birincisi, azərbaycanlı və erməni fəalların birgə təsis etdikləri "sülh platforması" oldu. Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirən ermənilərin sayı tədricən artır.
İkincisi isə Petrosyanın çıxışıdır və bu, Aprel savaşının nəticələri ilə əlaqəlidir. İndiki vəziyyətə görə o da məsuliyyət daşıyır".
Politoloqa görə, Petrosyanın 1990-cı il savaşlarında cəmi 12 erməni diaspor nümayəndəsinin iştirak etməsi ilə bağlı fikri isə ifşaedici mahiyyət daşıyır:
"Petrosyan və digər müxalifət təmsilçiləri Ermənistanın ən böyük bəlası kimi korrupsiyanı göstərirlər. Aydındır ki, erməni lobbisinin təmsilçiləri Sərkisyana pul verməyəcəklər".
Politoloq bildirib ki, Petrosyan çıxışının müxtəlif hissələrində bir neçə dəfə Azərbaycan və Türkiyə ilə barışığın ölkəsi üçün həyati əhəmiyyətinə işarə edib.
"Petrosyan öz ölkəsinin deyil, müharibə vəziyyətində olduğu ölkənin liderinin daha məntiqli və məsələlərə rasional yanaşdığını düşünür. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə rasional yanaşan elə prezident İlham Əliyevdir. Petrosyan da Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verir. Onun çıxışında Azərbaycan prezidentinin fikirlərini təsdiq edən məqam da az deyil. O, çıxışında təkcə müharibənin yox, hətta bu barədə söhbətlərin belə Ermənistan əhalisinin azalma prosesini getdikcə artırdığını deyib. Petrosyanın daha bir fikri bundan ibarətdir ki, demoqrafik vəziyyət elə bir acınacaqlı hal ala bilər ki, Ermənistan və Qarabağdan heç nə qalmayacaq və problem öz-özünə həll olunacaq. Bu, faktiki prezident İlham Əliyevin "münaqişənin həlliylə bağlı zaman Azərbaycanın xeyrinə işləyir" yanaşmasının təsdiqidir. Petrosyanın çıxışının leytmotivi bundan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi həllində mərhələli planını qəbul etməsə, Ermənistan və Dağlıq Qarabağı faciəvi son gözləyir".
Ermənistanda apreldə keçiriləcək parlament seçkisinə toxunan politoloq bildirib ki, hazırda erməni müxalifəti fəallığını artırır:
"Petrosyanın lideri olduğu Erməni Milli Konqresi də seçkiyə hazırlığa start verib. Mümkündür ki, əsas müxalifət partiyaların bloku formalaşsın. Çünki müxalifət parlament seçkisində uğur qazanmasa, Sərkisyan baş nazir kreslosuna əyləşəcək və hələ bir müddət də ölkəsini geri sürükləməkdə davam edəcək. Petrosyanın son çıxışı həm də o deməkdir ki, Sərkisyan növbəti ağır durumda eks-prezidentə bel bağlamaya bilər".
Qeyd edək ki, Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyanın partiyasının qurultayında Ermənistanda irəli sürülən "ordu-xalq" ideologiyasının təhlükəli və iflasa məhkum olduğunu bildirib.
Politoloq Qabil Hüseynli Ermənistanın birinci prezidenti, "Erməni Milli Konqresi" Partiyasının (AMK) lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı son çıxışına münasibət bildirib.
Qabil Hüseynli deyib ki, Levon Ter-Petrosyan sülh istəyən və praqmatik siyasətçidir: "Erməni siyasi liderləri arasında Levon Ter-Petrosyan sülh məsələsində ən praqmatik və ədalətli mövqe tutan adamdır. Hələ Levon Ter-Petrosyan hakimiyyətdə olan zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kompromisin açıq tərəfdarı olub. Onun həmin dövrdə işlətdiyi və populyar olan "Azərbaycanın indi təklif etdiyi varianta ermənilər vaxt gələcək, yalvararaq razı olacaqlar" ifadələri bu gün özünü doğrultmaqdadır. Levon Ter-Petrosyanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh sazişinin imzalanması şansları daha yaxın idi. Ancaq çox təəssüf ki, həmin dövrdə Ermənistan parlamentində məlum hadisələr baş verdi, müəyyən dövlətin təhriki ilə parlamentə silahlı hücum olundu, spiker və bir neçə deputatlar öldürüldü. Bu hadisə baş verən ərəfədə İstanbulda ABŞ prezidenti Bill Klintonun iştirakı ilə ATƏT-in sessiyası keçirilirdi. Həmin tədbirdə Dağlıq Qarabağla bağlı "böyük sülh sazişi"nin əsas müddəaları bəyan edilməli idi. Ancaq Ermənistan parlamentində baş verən həmin hadisə "böyük sülh sazişi"nin imzalanmasına imkan vermədi".
Politoloq qeyd edib ki, indi Ermənistan müxalifəti fəallaşır: "Fəallaşan müxalifət partiya liderləri arasında Levon Ter-Petrosyan da var. Erməni müxalifəti 2017-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərində və referendumda iştirak etmək istəyirlər. Əsas məqsəd isə Dağlıq Qarabağdan gələn ermənilərin hakimiyyətdən məhrum edilməsidir. Çünki hazırda Ermənistanda bütün vəzifələrdə çalışanların əksəriyyəti Dağlıq Qarabağdan çıxmış ermənilər və onların qohumlarıdır. Bütün bunlar yerli erməniləri çox ciddi narahat edir. İrəvanda yaşayan ermənilər vəzifələrdə Qarabağ ermənilərinə üstünlük verilməsinə görə özlərini alçaldılmış hesab edirlər. Hazırda yerli və Qarabağ erməniləri arasında uzun sədd yaranıb".
Qabil Hüseynli həmçinin söyləyib ki, Levon Ter-Petrosyan Dağlıq Qarabağa xüsusi status verilməsini tələb edən şəxslərdən biridir: "O vaxtilə deyirdi ki, əgər Azərbaycan müharibəyə başlasa, yenə də torpaq itirəcək. Ancaq bütün bunlara baxmayaraq, indi Levon Ter-Petrosyan Dağlıq Qarabağda sülhün zəruriliyini əsaslandırmağa çalışıb. Azərbaycan isə öz torpaqlarını qurban verməklə sülhə gedə bilməz. Sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutan tərəf hər zaman Ermənistan olub. Ermənilər bütün sülh danışıqlarını Dağlıq Qarabağın statusunu müəyyən etmək prinsipindən başlamaq istəyir. İndi Dağlıq Qarabağla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir".