“Çox fərqli tərəfləri də ola bilər” Siyasət

“Çox fərqli tərəfləri də ola bilər”

Mehmet Fatih Öztarsu: "Hadisələr diqqətin Rusiya üzərində cəmləşdiyini göstərir"

"Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bir səfir sui-qəsdlə öldürülüb. Bu qətlin məqsədi haqda danışmaq üçün tez ola bilər". Bu fikri Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi məsələsini şərh edərkən deyib. O qeyd edib ki, hər kəsin ağlına gələn ilk düşüncə budur ki, qətl Türkiyə-Rusiya münasibətlərinin pozulması üçün törədilib: "Lakin çox fərqli tərəfləri də ola bilər. Xüsusilə Türkiyə və Rusiyanın Suriya məsələsindəki mövqeyi böyük önəm kəsb edir. Rusiyada eyni gün baş verən təyyarə qəzası və rus rəsminin silahlı hücuma məruz qalması diqqətin Rusiya üzərində cəmləşdiyini göstərir".
Ekspert əlavə edib ki, Rusiyadan gələn açıqlamalar soyuqqanlı xarakter daşıyır. M. F. Öztarsu hesab edir ki, bu məsələnin Rusiya-Türkiyə münasibətlərini pozacağı barədə düşünmək olmaz: "Səfirə hücum edən şəxsin Hələbdən, Suriyadan bəhs etməsi və cihadçıların marşından qısa bir cümlə səsləndirməsi diqqətləri son zamanlar baş verən hadisələrə çəksə də, qərar qəbul edən zaman tələskənlik etmək olmaz".
Ekspert qətlin hansı qüvvə tərəfindən təşkil edilməsi barədə bir nəticəyə gəlinəcəyini düşünmür: "Türkiyə son zamanlarda davamlı terror aktlarına məruz qalıb və bu vaxta qədərki hadisələr haqqında aydın nəticələr əldə edilməyib".