“Azərbaycan ordusu təxribatlara cavab verməyə hazırdır” Siyasət

“Azərbaycan ordusu təxribatlara cavab verməyə hazırdır”

Mübariz Əhmədoğlu: "Amma bununla paralel olaraq çox maraqlı vəziyyət yaranıb"

"Ermənilərin Azərbaycana marağının artması, Azərbaycanda yaradılmış "Sülh platforması" Ermənistan rəsmilərini hərbi təxribata vadar edən səbəblərdən biridir. Azərbaycanın Ermənistana düşmənçilik etməsi barədə kilişelərin işə düşməsi və erməniləri qorxutmaq üçün Serj Sərkisyan hərbi təxribata əl atmalıdır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, MDB məkanında münaqişəli regionlarda yenidən müşahidə olunan aktivlik fonunda Ermənistanın hərbi insidentlərdən istifadəsi çox ehtimallıdır: "Dağlıq Qarabağda erməni təxribatı olacaqsa, bu gün Azərbaycan ordusu əvvəlki dövrlərə nisbətən bu təxribatlara cavab verməyə daha çox hazırdır. Amma bununla paralel olaraq çox maraqlı vəziyyət yaranıb. Əgər beynəlxalq ictimaiyyət, Rusiya başda olmaqla ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün "Sülh platforması"na ciddi dəstək verərlərsə, bu, müharibənin qabağını ala bilən faktor ola bilər. Bu Ermənistana beynəlxalq ictimaiyyətin mövqeyinin nümayişi olacaqdır. Beynəlxalq ictimaiyyət Ermənistana nümayiş etdirir ki, ermənilərlə azərbaycanlıların dialoqunun tərəfdarıdır. Hər iki cəmiyyətin sülh axtarışlarını dəstəkləyir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əməkdaşlığı, dialoqu alqışlayırlar".
M.Əhmədoğlu qeyd edib ki, bu prosesdə Avropa strukturlarının vacib rolu ola bilər: "Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun funksiyasına müdaxilə etməmək şərti ilə Dağlıq Qarabağ tənzimlənməsində aktivləşmək kursu götürüb. Ona görə etimad tədbirləri Aİ üçün ən vacib məsələdir. Etimad tədbirləri dedikdə Ermənistan və Azərbaycan vətəndaşları, iki ölkənin vətəndaş cəmiyyətlərinin müxtəlif sosial strukturları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulması başa düşülür. Aİ-nin nəzərdə tutduğu vəzifələrin reallaşması ümumilikdə sülh prosesini o cümlədən Bakıda imzalanmış "Sülh platforması"nın işini daha da gücləndirəcək və erməni faşistlərinin irsi nəzəriyyəsinə kifayət qədər ciddi zərbə olacaq. Erməni və Azərbaycan xalqları ortalığa sülh qoymaqla regionun inkişafına və sabitliyinə böyük töhfə vermiş olacaqlar. Aİ-nin Azərbaycandakı səfiri Malena Mardın "Sülh platforması" ilə bağlı mövqeyindən geri çəkilməsi sülhə və etimad quruculuğu tədbirlərinə ciddi zərbədir. Sülhü dəstəkləmək müharibəni dəstəkləməkdən daha çətindir. M.Mard bu çətinliyə dözməli idi. ATƏT Dağlıq Qarabağ tənzimlənməsində müharibənin əleyhinədir, sülhü də dəstəkləmir. Aİ isə həm müharibənin, həm də sülhün əleyhinədir".