“Ermənilərin bizdən birbaşa üstün olduğu qoşun növü yoxdur” Siyasət

“Ermənilərin bizdən birbaşa üstün olduğu qoşun növü yoxdur”

Azad İsazadə: "Hava hücumundan müdafiə və zenit qurğuları da bizdə çox güclüdür"

"Quru qoşunların balans nisbətində biz həmişə ermənilərdən üstün olmuşuq. Aprel döyüşlərindən xeyli əvvəl də bu üstünlük müqayisə olunmayacaq dərəcədə nəzərə çarpırdı. Bu üstünlük müqayisəsi özünü daha çox insan resursları, yəni fiziki qüvvə, artilleriya qurğuları və ağır texnikada özünü göstərib". Bu fikirləri hərbi-ekspert Azad İsazadə cavab verib. Ekspert bildirib ki, aprel döyüşlərinə qədər ermənilərin bir arqumenti vardı ki, sizdə silah var, lakin siz onlardan istifadə edə bilmirsiniz: "Erməni zabitlər, hərbi ekspertlər deyirdilər ki, onların peşəkarlığı guya bizdən yüksək səviyyədədir. Aprel döyüşləri bu mifi yerlə-yeksan etdi. Ermənilər Azərbaycan Ordusunun əks hücum əməliyyatlarına, şiddətli atəş zərbələrinə heç nə ilə cavab verə bilmədi. Ermənilərin baxışında silahlanmadakı üstünlüyümüz insan faktoru ilə daha da möhkəmləndi. Bu günə qədər də Azərbaycan Ordusu bu xüsuslara görə qarşı tərəfdən birbaşa üstündür. Biz buraya ehtiyat qüvvəni də əlavə etməliyik. Bu göstəricilərdə də ermənilərdən qat-qat üstün olduğumuz göz önündədir. Hətta düşmən də bunu etiraf edir. Silah, insan, ehtiyat qüvvə və maliyyə resurslarımıza görə biz daima inkişafdayıq".
O əlavə edib ki, ermənilərin bizdən birbaşa üstün olduğu qoşun növü yoxdu: "Nisbətən bərabər səviyyəli balans havadan müdafiə sistemlərində hiss olunur. Sözsüz ki, hava hücumundan müdafiə və zenit qurğuları bizdə çox güclüdür. Amma "PEVO" sistemlərimiz arsenal baxımından təxminən bərabər səviyyədə olduğu üçün biz bu üstünlükdən faktiki olaraq istifadə edə bilmirik. Fikir verdinizsə, biz aprel döyüşlərində də hərbi hava qüvvələrimizin gücündən tam olaraq istifadə etmədik. Burada balanslar paralellik təşkil edir. Bəzi qurğulara görə ermənilər, bəzi havadan müdafiə sistemlərinə görə bizim üstünlüyümüz var. Bu baxımdan rusların ermənilərə verdiyi "İsgəndər" kompleksləri Azərbaycana təhlükə yarada biləcək komplekslərdi. Bunun da qarşısını ancaq bizim hava hücumundan müdafiə komplekslərimiz ala bilər. Bir neçə gün öncə Azərbaycan özünün "İldırım" raketlərini çox uğurla sınaqdan keçirdi. Bu sahədə bizim İsraillə də sıx əməkdaşlığımız mövcuddur. Bütün dünyada raket və raketə qarşı müdafiə qurğularının alınması, bu iki sistem arası mübarizə bütün dünya ordularında aparılır. Biz də öz zərbə və müdafiə qüvvələrimizi günbəgün inkişaf etdiririk".
Onun fikrincə, bu günə qədər ruslar "İsgəndər" komplekslərini ermənilərdən başqa heç kimə satmayıb: "Hələlik Rusiyanın bu kompleksləri Ermənistana satması da böyük sual altındadı. Ola bilsin ki, bu sursatlar KTMT daxilində birgə istifadə üçün ermənilərə verilib. Birbaşa erməni ordusunun arsenalına verilməsi də şübhəli məqamlardandır. "İsgəndər" raket kompleksinin iki matifiklasiyası var. Ermənilərə verilən daha güclü versiyasıdır. Ruslarsa bu günə qədər həmin versiyanı satışa çıxarmayıb. Çox güman ki, yaxın vaxtlarda Moskva onu Azərbaycana da satmayacaq. Amma bu və ya digər səbəblərdən sabah pioritet dəyişə bilər. Rusiya həmin kompleksləri də satışa çıxara bilər. O zaman Azərbaycan da bu silahları ala bilər. Bir şeyi yaddan çıxarmayaq ki, Azərbaycan üçün "İsgəndər" tipli komplekslər o qədər də vacib deyil. Azərbaycan hələlik Ermənistana həlledici zərbə vurğmağı və uzunmüddətli müharibəni planlaşdırmır. Bu komplekslər praktiki olaraq Qarabağda istifadə olunmayacaq. İndiki "PEVO" arsenalımızla da biz Qarabağda istənilən nöqtəni vura bilərik. Bizi narahat edən yeganə faktor Ermənistan ordusunda "İsgəndər" raketlərinin olmasıdır. Qarşı tərəf həmişə bəyan edir ki, siz müharibəyə başlasanız, biz o biri strateji nöqtələrinizi vuracağıq.
Ermənilərin Qarabağda nəzarət etdiyi ərazilərdən Bakıya ən yaxın məsafə 250-300 kilometrdir. Naxçıvan sərhəddindən İrəvana isə 40 kilometr məsafə var. Burada söhbət hava məsafəsindən gedir. Ermənilər "İsgəndər"ləri Bakını hədəf alana qədər biz Naxçıvandan düz beş dəfə atəş açaraq İrəvanı vura bilərik. İşğalçı ölkədə bunu çox yaxşı başa düşürlər. Ona görə də, bu cür bəyanatlar daha çox hərbi-siyasi təzyiq forması daşıyır. Amma silah varsa bundan atəş açılma təhlükəsi həmişə var. Bu Ermənistanda terrorçuların da əlinə düşə bilər. Ermənistanda polis alayını tutanlar sabah həmin raketləri ələ keçirib bizə qarşı atəş aça bilərlər".