“Qarabağ problemini dondurmağa çalışırlar” Siyasət

“Qarabağ problemini dondurmağa çalışırlar”

"Ombudsman təsisatının yaradılması ilə Azərbaycan bütün dünyaya göstərdi ki, insan hüquqlarına nə qədər böyük əhəmiyyət verir".
Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq inkişafı" mövzusunda konfransda çıxışı zaman deyib. Onun sözlərinə görə, Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlər görüb, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edib.
"Azərbaycan multukulturalizm sahəsində bütün dünyaya bir nümunədir. Artıq dünyada Azərbaycanın multukulturalizm modelindən nümunə kimi istfadə olunur. Azərbaycan modelinin dünya modellərindən fərqi ondan ibarətdir ki, multukulturalizm ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələrinin gündəlik həyat tərzinə çevrilib. Ona görə də təsadüfi deyil ki, Azərbaycan modeli bütün dünyaya yayılıb. Azərbaycanın 28 tədris ocaqında multukulturalizm bir fənn kimi tədris olunur. Bu, dünyaya çox böyük nümunədir".
Baş nazirin müavin əlavə edib ki, Ermənistan, Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi zamanı azərbaycanlıların hüququları pozulub: "Artıq Azərbaycan xalqının bir hissəsi 24 ildir məcburi köçkündür. Bəzi dövlətlər, beynəlxalq təşkilatlar bu problemi dondurmağa çalışır. Biz buna yola verə bilmərik. Bir neçə beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət kimi tanısa da, torpaqlar işğaldan azad edilmir. Nə üçün? Biz axı bütün beynəlxalq prinsiplərə əməl edirik".
Qaçqın və məcburi köçkünlərə 6,2 milyard manat vəsait sərf edildiyini deyən Ə. Həsənov bildirib ki, təbii artım hesabına qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 minə çatıb.