“Azərbaycanda yeni strateji kurs götürülüb” Siyasət

“Azərbaycanda yeni strateji kurs götürülüb”

Fəzail İbrahimli: "Artıq zaman özü diktə edir ki, Azərbaycan neftdən asılı olmasın"

"Azərbaycan dünyanın bir parçasıdır və dünyada gedən proseslərdən kənarda qala bilməz. İstər siyasi, istərsə də iqtisadi proseslərin ölkəmizə təsiri kifayət qədər olub, olur və olacaq. Bəzən qlobal siyasətdə Azərbaycanla bağlı mənfur istəyini ortaya qoyanlar olur, ancaq Azərbaycanın qarşısına qoyduğu ən böyük vəzifə ondan ibarətdir ki, o, dünyada gedən mənfi proseslərdən çox uğurla çıxa bilsin, özünə yaxın buraxmasın. Bu, Azərbaycan dövlətinin və insanının düşüncəsi qarşısında duran ən ümdə vəzifədir və şükürlər olsun ki, dövlətimiz, millətimiz buna nail ola bilib". Bu barədə Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli 2016-cı ilin yekunlarını Milli.az-a şərh edərkən deyib. Millət vəkilinin sözlərinə görə, başa vurduğumuz 2016-cı il özündən əvvəlki illərə nisbətən Azərbaycan üçün ağır il olsa da, yaxın gələcəkdə bu çətinliklər aradan qalxacaq: "Ötən il devalvasiya, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, eləcə də MDB məkanında, Avropadakı böhran Azərbaycan iqtisadiyyatına mənfi təsir etdi. Nəticədə dövlət büdcəmiz azaldı. Amma güman edirəm ki, Azərbaycan növbəti illərdə bu boşluğu dolduracaq və büdcəmiz yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Bunu ona görə belə əminliklə deyirəm ki, artıq Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanır və ölkəmiz neftdən asılılığını aradan qaldırmaq üçün ciddi addımlar atır. Bununla bağlı artıq strateji kurs götürülüb. Uzun müddət bu kursa münasibətdə lənglik hiss olunurdusa, artıq zaman özü diktə edir ki, Azərbaycan neftdən asılı olmasın. İqtisadiyyatımız neftdən asılılığını aradan qaldırdıqdan sonra bu boşluq avtomatik dolacaq və çox şeylər düzələcək".
F.İbrahimlinin fikrincə, ötən il Azərbaycanın əldə etdiyi ən əsas və ən böyük uğur ölkədə siyasi stabilliyin qorunub saxlanmasıdır: "Əgər biz "Evimiz bəzəklidir, Vətənimiz gözəldir" prinsipi ilə hərəkət etsək, nəticəmiz uğurlu ola bilməz. Biz "Vətənimiz gözəldir" prinsipi ilə yaşamalıyıq. Bir kəlam var, deyirlər ki, səni yaradan Tanrıdan narazı qaldığın zaman özündən qabaqda gedənlərə yox, çevrilib arxaya bax və görəcəksən ki, çox irəlidəsən. Ona görə də Azərbaycandakı mövcud siyasi sabitlik müstəqilliyimizin ən böyük uğurudur. Tarixin bütün anlarında dövlətin qüdrəti həmişə ölkədəki siyasi sabitliklə bağlı olub. Sevinə bilərik ki, bu, ölkəmizdə var.
Hərdən ətrafa, dünyada gedən proseslərə baxmalıyıq - Yaxın Şərq od-alov içində yanır, gücün hüquqa diktə etməsi baş alıb gedir, müsəlman dünyasına olan münasibət göz qabağındadır. Bunlardan özümüzə nəticə çıxarmalıyıq. Azərbaycan da türk və müsəlman dünyasının bir parçasıdır. Qardaş Türkiyədə baş verənləri, dövlət çevrilişinə cəhddən tutmuş kütləvi terrorlaradək hamısını sistemləşdirsək, qarşısından yaza bilərik ki, müəyyən iqtisadi sıxıntılara baxmayaraq, 2016-cı il Azərbaycan xalqının tarixi taleyini zədələmədi, tariximizdə faciə yaşanmadı. Əksinə, cəbhədə aprel hadisələri adlı uğurumuz oldu, işğal edilmiş torpaqlarımızın az da olsa, bir hissəsini azad edə bildik.
Hazırda ölkəmizdə rəvan həyat yaşayırıq. Arzu edirəm ki, insanlarımız bugünkü kimi gecələr həmişə qoy azad gəszinlər, qorxu, hürkü içində yaşamasınlar, hansısa təhlükə, basqın görünməsin. Ən əsası - Qarabağ problemi həll olunsun. İqtisadi cəhətdən zəif də olsaq, siyasi cəhətdən yaralarımızın bütöv sağalmış formasında növbəti illərə qədəm qoyaq".