“Burada məsələ sülhdən gedir” Siyasət

“Burada məsələ sülhdən gedir”

Rövşən Rzayev: "Biz bölgəyə sülh gətirmək istiqamətində fəaliyyət göstəririk"

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının görüşünün baş tutması ilə bağlı işlər davam etdirilir". Bunu "Dağlıq Qarabağın Azərbaycan İcması" İctimai Birliyinin Şura üzvü, millət vəkili Rövşən Rzayev deyib. O bildirib ki, "Dağlıq Qarabağın Azərbaycan İcması" bununla bağlı öz mövqeyini hər zaman səsləndirir: "Təbii ki, burada məsələ sülhdən gedir və biz bölgəyə sülh gətirmək istiqamətində fəaliyyət göstəririk, müharibənin olmamasına çalışırıq. Təbii ki, bütün bunlara yol açan əsas məsələ ötən ilin aprel döyüşləri oldu. Belə ki, aprel ayında Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı qüvvələri bu döyüşlər zamanı düşmən ölkəyə tutarlı cavab verdikdən sonra Ermənistan cəmiyyəti də gördü ki, onların "məğlub olunmaz" silahlı qüvvələri bir gün ərzində puç oldu. Azərbaycanın gücü və qüvvəti bütün dünyaya bəlli oldu. Amma buna baxmayaraq, yenə də Azərbaycan tərəfi müharibəni saxladı və onun daha ağır formaya keçməsini istəmədi. Çünki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verir. Biz görürük ki, gənclər Ermənistanın təxribatçı insanlarının qurbanına çevrilərək öz həyatlarını itirirlər. Biz bunun qarşısını almaq üçün icmaların görüşü ilə bağlı mövqeyimizi bildirmişik".
İcmaların görüşünün təşkili ilə bağlı ideyanın reallaşması ilə bağlı işlərə 2009-cu ildən başlandığını deyən R. Rzayev söyləyib ki, hazırda da istiqamət üzrə fəaliyyət davam edir: "İndiyədək bir neçə dəfə Almaniyanın paytaxtı Berlində, Fransada, Belçikada bu məsələ ilə bağlı görüş keçirilsə də, erməni icmaları görüşlərə gəlməyiblər. Mən bu gün də Bako Saakyanı görüşə dəvət edirəm. Ermənistan işğalçı düşüncə ilə hara qədər getmək istəyir? Bütün bunların həlli yalnız masa arxasında, icmaların görüşünün keçirilməsi və onlar arasında itirilən münasibətlərin bərpa edilməsi yolundan keçir. Bundan sonra biz ATƏT-in Minsk qrupuna öz mesajımızı verməliyik".
Birliyin şura üzvü əlavə edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının görüş Bakıda da baş tuta bilər.