Vahid Əhmədov sərt danışdı Siyasət

Vahid Əhmədov sərt danışdı

"Milli Məclisin günahı hamıdan çoxdur"



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov Rəqabət Məcəlləsinin qəbul olunmamasına etirazını bildirib.


Deputat 10 ildir Rəqabət Məcəlləsinin qəbul edilmədiyini deyb. Millət vəkili qeyd edib ki, Rəqabət Məcəlləsi Milli Məclisdə iki dəfə oxunuşdan keçsə də, III oxunuşda geri qaytarılıb.

"Cənab prezident "Strateji Yol xəritəsini" təsdiq edib. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır. "Hesablama Palatası" haqqında yeni qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Bu qanun varsa, niyə qəbul etmirik? Azərbaycanda yaranmış vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Çünki biz lazım olan qanunları qəbul etmirik. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalırıq.

Digər bir qanun layihəsi isə "Maliyyə nəzarəti haqqında" qanun layihəsidir. İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Bank sistemini sağlamlaşdıra bilmirik. Bu qanunu qəbul etmək çoxuna sərf eləmir. Çünki bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın".

Komitə sədri Ziyad Səmədzadə isə bildirib ki, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmadığı üçün gündəliyə salına bilməz. Onun sözlərinə görə, bu günə qədər iş planına salınan qanunların hamısı Milli Məclisdə qəbul olunub və ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil.

Millət vəkili Əli Məsimli hər iki qanunun qəbul olunmasının vacibliyini vurğulayıb.