Valyutadəyişmə məntəqələri bərpa olunur Siyasət

Valyutadəyişmə məntəqələri bərpa olunur

Vahid Əhmədov: "Qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik"

Siyavuş Novruzov: "Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun"

Yavda Abramov: "Novxanı, Bilgəh və Sahil qəsəbələrində öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişiblər"

Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin gündəliyinə 36 məsələ daxil edilib. Spiker Oqtay Əsədov bildirib ki, Cinayət Məcəlləsinə dəyişiklik layihəsi gündəlikdən çıxardılıb və onun yerinə Əziz Seyidovun Ali Məhkəməyə hakim təyin olunması məsələsi daxil edilib.
Daha sonra qanun layihəərinin müzakirəsinə başlanılıb. Daha çox "Valyuta tənzimi haqqında" qanun layihəsi ilə bağlı müzakirə aparılıb. Millət vəkili Elmira Axundova deyib ki,valyutadəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub: "Belə ki, ilk əvvəl valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb.
İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.
Bunları nəzərə alaraq "Valyuta tənzimi haqqında" qanuna təklif edilən dəyişikliyi mühüm addım hesab edirəm. Yeni dəyişikliklər valyuta dəyişmə məntəqələrinin qanuni şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Həmin şəxslər artıq vergi ödəyicisinə çevriləcəklər".
Deputat Vahid Əhmədov qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır: "Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz "Nağd hesablaşmalar haqqında" qanuna dəyişdirdik. Amma bu, real iqtisadiyyatda çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Müzakirələrə ehtiyac var".
Deputat Siyavuş Novruzov "Azərbaycanda 1 ilə yaxındır ki, valyuta dəyişmə məntəqlərinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi", - deyə vurğulayıb. Onun fikrincə vətəndaşlar da bundan əziyyət çəkirdi: "Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik".
Komitə sədri çıxışı zamanı ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib: "Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problem həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa o zaman bununla bağlı təqdimat verilsin".
Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını dilə gətirən deputat qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insan işsiz qaldı, pullar isə qara bazarda fırlandı: "Bundan əvvəl valyutadəyişmə məntəqlərinin yerləri var və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımızın istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyutadəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə durur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur".
Siyavuş Novruzov bildirib ki, valyutadəyişmə məntəqələri depozit qoymamalıdırlar: "Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytara bilməsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarını dövlət özü qarant verir. Çünki, onları elə system əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir".
Millət vəkili Əli Məsimli diqqətə çatdırıb ki, "Qara bazar"da alış-satış daha yumşaqdır: "Banklarda isə alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır". Deputat bildirib ki, bankların bugünkü siyasəti davam edəcəksə, 21 fevrala (21.02.2015-ci il - ilk devalvasiya) yenidən dönəcəyik.
Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. "Qara bazar" ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik "qara bazar"ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı "qara bazar"a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, qanuna ediləcək dəyişiklik nəticəsində Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq.
Komitə sədri bildirib ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.
Deputat Yevda Abramov qeyd edib ki, "Valyuta tənzimi haqqında" qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənlışdirə bilmir. Deputatın fikrincə, valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi: "Valyutadəyişmə məntəqələrinin sayını azaltmaq lazım idi. Amma hamısını bağladılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbələrində öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. Mən qeyd edim ki, babalarımızın, nənələrimizin "sandıq pulu" var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur".
"Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı" haqqında qanun layihəsinin müzakirəsi çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, gözün buynuz qişası toxumalarının ölkəyə gətirilməsinə icazə verilməsi önəmli bir hadisədir: "Yüzlərlə insanın problemi öz həllini tapacaq. Eyni zamanda bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmaycaq, öz ölkəmizdə bu əməliyyatlar həyata keçiriləcək".
Qənirə Paşayeva bildirib ki, bundan sonra çox vacibdir ki, ürək və qan-damar əməliyyatlarında istifadə olunan toxumaların, homoqreftlərin, qapaqlar və damarların, yəni toxumaların ölkəyə gətirilməsinə də icazə verilsin: "Ölkəmizdə cənab Prezidentin də iştirak etdiyi Bakıda "Ürək Mərkəzi"nin açılışı oldu. Bu gün ölkəmizdə yüksək səviyyədə ən mürəkkəb ürək əməliyyatları həyata keçirilə bilər. Ürək qapağının infeksiyalaşması, endokardit, uşaqlarda bir sıra mürəkkəb ürək əməliyyatlarında və s. bu kimi əməliyyatlarda istifadə olunan toxumaların, homoqreftlərin ölkəyə gətirilməsinə icazə verilməsi çox vacib məsələdir və bu, ən mürəkkəb ürək əməliyyatlarının həyata keçirilməsinə öz müsbət təsirini göstərə bilər. Eyni məsələ oynaq toxumaları ilə də bağlıdır".
Deputat bildirib ki, bəzi ölkələrdə homoqreftlərin və bir sıra toxumaların satışı rəsmi şəkildə həyata keçirilir və onların rəsmi qaydada ölkəyə gətirilməsi bu istiqamətdə əməliyyatların həyata keçirilməsi üçün həyati vacibdir: "Biz çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi əməliyyatları üçün xarici ölkəyə üz tutmasın və öz ölkəmizdə bu əməliyyatları həyata keçirə bilsinlər. Bunun üçün də qanunvericilikdə bu istiqamətdə əlavə və dəyişiklərin edilməsinə ehtiyac var".
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bir çox qanunları biz daha da genişləndirərək cəmiyyətə təqdim edirik: "Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir".
Komitə sədri bildirib ki, niyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazım olan orqanları gətirmək olmaz: "Əgər gətirmək olarsa, biz elə etməliyik ki, hər istiqamət işləsin. Bunu insanlar gözləyir. Biz gözlə ürək arasında fərq qoymamalıyıq. Azərbaycanda gözün buynuz qişasını 3000 insan gözləyir. Amma bəlkə digər orqanları gözləyənlər ondan da çoxdur".
Komitə sədri bildirib ki, ölkədə dövlətçilik naminə islahatlar aparılır. Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlamant də onlara baxaraq, dəyərləndirir. "Valyuta tənzimi haqqında" qanunla da bağlı fikirlərini qeyd edən Fuad Muradov təəssüflə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihələrindən görünür ki, həmin sənədlər bu qurumun öz səlahiyyətlərini qaldırmaq istiqamətindədir: "Burda heç kəsin şübhəsi yoxdur ki, biz cənab prezidentə və dövlətə bağlı və sədaqətli insanlarıq. Biz bütün həyata keçirilən islahatları dəstəkləyirik".
Müzakirə olunan qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli