Milli Məclisin plenar iclası keçirilib Siyasət

Milli Məclisin plenar iclası keçirilib

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Deputatlar dünən 14 məsələni müzakirə ediblər.
Cari məsələlərdən sonra "Turizm haqqında" qanun layihəsi müzakirə olunub.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib.
Daha sonra isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib.
Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda turizmlə bağlı böyük işlər görülüb Azərbaycan prezidentinin rəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradılıb: "Qış və yay turizmi üçün lazımi şərait var. Bu sahədə nazirlik kifayət qədər iş aparır. Həm turizm, həm də mədəni abidələrin təmir olunaraq, istifadəyə verilməsi, kilsələr, dini obyektlər hər bir turistin diqqətini cəlb edir".
Deputat qeyd edib ki, bəzi məsələlər birbaşa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı olmasa da, digərləri ilə bağldır:
"Biz problemlərin aradan qaldırılmasına çalışmalıyıq. İlk növbədə turistlərin kimliyi müəyyən olunmalıdır. Dünyada baş verən hadisələrə nəzərə saldıqda, o zaman turistlərin kimliyinin bilinməsi vacibdir. Həmin şəxslər mənzildə yaşadıqda onların hansı hadisəni törədəcəyi haqqında heç kimin məlumatı olmur. Heç onların şəxsiyyət vəsiqələrinin surəti belə, çıxarılmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Biz 5-10 manata görə ölkədəki sabitliyi poza bilmərik".
Komitə sədri "halal otel"lərlə bağlı da iradını bildirib: "Digər bir tərəfdən elanlar yazılır ki, "halal otel". Bu nə deməkdir? Hansı termonoloogiyaya uyğundur? Belə çxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara "halal" adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qedy edib ki, təhlükəsizliklə bağlı ciddi narahatlığa ehtiyac yoxdur: "Turistlər sərhəddən və miqrasiyadan keçirlər. Uçota düşürlər. Güman edirəm ki, narahatlığa ehtiyac yoxdur. Təbii ki ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzərə alırıq və alacağıq".
Deputat Əli Məsimli bildirib ki, qanun layihəsi beynəlxalq standartlara cavab verir. Əli Məsimli bildirib ki, bəzi məsələlərə diqqət yetirmək lazımdır: "Azərbaycanda Ümumi Daxili Məhsulun 4.5 faizi daxil turizmin payına düşür. İş yerlərinin isə 3 faizi. Biz turizmi bu sənəddə göstərilən kimi inkişaf etdirsək, əlavə iş yerləri açılacaq".
Deputatın sözlərinə görə, bununla belə bəzi məsələlər daha da təkmilləşdirilməlidir. Onun fikrincə, Azərbaycan ekoloji təmiz məhsulların sayını çoxaltmalıdır: "Bu sənəddə bələdiyyələrə də geniş yer verilib. Amma faktiki şəkildə bələdiyyələrə imkan yaradılmasa, yazılanlar elə kağız üzərində qalacaq".
Bundan başqa "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi daha çox müzakirə olunub. Qeyd edək ki, parlamentdə hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir.
Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.
Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir.
Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Deputat Zahid Oruc isə sənədə etiraz edib. O qeyd edib ki, bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq. Onun sözlərinə görə, dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır: "Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bununla parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü deputatlıq səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq, məsələn, region ölkələrində belə bir kodeks yoxdur. Bu yaxınlarda Gürcüstan parlamentində kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur".
Zahid Oruc bildirib ki, bir çox ölkədə deputat haqda belə qanun yoxdur: "Məsələn, bu məsələdə birinci yerdə Danimarka parlamentidir. Orada belə bir qanun yoxdur. İndoneziyada belə bir qanun var, amma bu məsələ ilə bağlı dünya sıralamasında 88-ci yerdə dayanır. Bu, qanun layihəsi qəbul olunsa, parlamentdə qorxaqlıq yaradacaq, özünü senzuraya gətirib çıxaracaq". Zahid Oruc bildirib ki, obrazlı şəkildə bu, sanki Bibliyadan xütbələrin oxunmasıdır: "Əgər biz gerçəkdən də belə dəyişiklik edəcəyiksə, bu, parlamentin nüfuzuna zərbədir. Düşünməyin ki, dövlət güclü, parlament zəif ola bilər".
Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır: "Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox".
Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. Fərəc Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.
Deputatı Siyavuş Novruzov isə deyib ki, qanun layihəsi qəbul olunduqdan sonra deputatlar həmkarlar arasında çıxış etdikləri zaman öz mövqeyini müdafiə etməklə yanaşı, haqlı olduqlarını sübut etməli olacaqlar: "Biz cavabdehliyimizi həmkarlarımız qarşısında daşımalıyıq. Qanun layihəsi bir çox ölkələrin təcrübəsi əsasında hazırlanıb. Onun üzərində 5 il işlənilib. Layihədə müəyyən detalları çıxarmaq olar. Misal üçün burada deputatın hədiyyə alması ilə bağlı limit 55 manatdır. Bu məsələyə baxıla bilər, ola bilər ki, dəyişiklik edilsin. Lakin ümumilikdə qanun layihəsi birinci oxunuş üçün hərtərəfli işlənib, konseptual baxımından zəruri və vacibdir. Deputatlarımız qanun layihəsi ilə bağlı təklif və fikirlərini yazılı şəkildə təqdim edə bilərlər ki, onların təklif və istəkləri II oxunuşda öz əksini tapsın".
Məsələ ilə bağlı Milli Məclisin spikeri Oqtay Əsədov da fikirlərini bildirib. O deyib ki, qanun layihəsi işlənməli, orada yer alan bəzi məqamlar yumşaldılmalı və ya çıxarılmalıdır.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib
Milli Məclisin iclasında həmçinin "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirə olunub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bundan başqa "Azərbaycan Hökuməti ilə Latviya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" saziş də təsdiq edilib.
Həmçinin "Diplomatik xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə də səsə qoyulub və qəbul edilib. "Pasportlar haqqında" qanuna dəyişiklik də qəbul olunub.

Əli