“Makron Qarabağ məsələsində daha obyektiv olacaq” Siyasət

“Makron Qarabağ məsələsində daha obyektiv olacaq”

Qabil Hüseynli: "Fransanın həmsədr ölkə kimi bu məsələnin həllində obyektiv mövqeyi nisbətən güclənəcək"

Zərdüşt Əlizadə: "Bu dövlətlərdə kimin prezident olmasının Qarabağ probleminin həllinə təsiri yoxdur"

Elxan Şahinoğlu: "Makronun Dağlıq Qarabağ münaqişəsinin həllində elə də maraqlı olacağına inanmıram"
Fransada keçirilən przident seçkiləri Azərbaycanda da izlənilirdi. Çünki bu ölkə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və yeni dövlət başçısının mövqeyi bizi də maraqlandırır. Xatırladaq ki, İrəli Partiyasının lideri Emmanuel Makron mayın 7-də Fransada keçirilən prezident seçkisində qalib gəlib. Bundan sonra Fransanın həmsədr kimi fəallaşmasını gözləmək olarmı və ya bu hadisə problemin həllində rol oynayacaqmı?
Politoloq Qabil Hüseynli deyib ki, Makron Qarabağ məsələsində daha obyektiv olacaq. Onun sözlərinə görə, Makronun prezident seçkilərində həlledici üstünlüklə qalib gəlməsi həm Fransa, həm də Avropa demokratiyası üçün böyük qələbədir: "Çünki Le Pen kimi sağ təmayüllü qüvvələrin hakimiyyətə can atması Avropada tarixən, xüsusən İkinci Dünya müharibəsindən sonra yaranıb formalaşmış liberal dəyərlərin üstündən xətt çəkə, yaxud bu dəyərlərin əhəmiyyətini azalda bilərdi".
Q.Hüseynli bildirib ki, liberal cərəyanın nümayəndəsi olan Makronun qalib gəlməsi çox yaxşı oldu: "Zənnimcə, bu, Avropa İttifaqının daha da möhkəmlənməsi işinə xidmət edəcək. Makron Le Pen kimi Avropa İttifaqından çıxmaq, yaxud Avropa İttifaqını dağıdıb yenidən qurmaq kimi sərsəm təkliflərlə çıxış etməyəcək. Əksinə, Avropa İttifaqının dünyada təsirinin, xarici siyasətdə xüsusi çəkisinin artmasına, bir sözlə, Avropa İttifaqının həm iqtisadi, həm siyasi cəhətdən daha təsirli bir qüvvəyə çevrilməsinə yardımını əsirgəməyəcək".
Politoloq qeyd edib ki, Makron həm gəncdir, həm də çox maraqlı həyat yolu keçmiş bir insandır: "Bu nöqteyi-nəzərdən belə bir insanın prezident seçilməsi Fransanın rifahı yolunda, digər ölkələrlə münasibətlərinin həlimləşməsində əhəmiyyətli rol oynayacaq. Makronun dövründə Fransa-Almaniya tandemi Avropa İttifaqının lokomotivləri kimi ittifaqın daha da möhkəmlənməsinə, ola bilsin ittifaqdan ayrılmağa qərar vermiş Böyük Britaniyanın yenidən ittifaqa qayıtmasına köməklik göstərəcək". Makronun digər ölkələrlə, xüsusilə Azərbaycanla münasibətlərinə gəldikdə isə Q.Hüseynli deyib: "İstənilən halda bir məqamı qeyd etməliyik ki, fransızlar hər zaman ermənilərə yaxın olub və onları özlərinin kiçik bacısı kimi qəbul ediblər. Mən güman edirəm ki, Makron da bu duyğulardan xali deyil. Amma Makron liberal dəyərlərə daha çox pərəstiş etdiyindən onun dövründə ermənipərəstlik digər dəyərləri açıq şəkildə üstələyərək özünü qabarıq formada büruzə verməyəcək. Ola bilsin, bu "kiçik bacı məhəbbəti" üstüörtülü şəkildə və digər dövlətləri qıcıqlandırmayacaq formada təzahür etsin".
Politoloq onu da bildirib ki, Makron Le Penə nisbətən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha çox məşğul olmağa səy göstərəcək və Fransanın həmsədr ölkə kimi bu məsələnin həllində obyektiv mövqeyi nisbətən güclənəcək: "Bunu nisbətən deyirəm. Mütləq mənada söyləmək çətindir. Makronun dövründə Ollanda nisbətən daha obyektiv mövqe sərgilənəcək".
Ekspert onu da bildirib ki, Makronun prezident seçilməsi Avropadakı sağ radikal qüvvələrə böyük zərbədir: "Eyni zamanda liberal dəyərlərin daşıyıcıları üçün ruhlandırıcı nümunədir. Avropanın ən böyük dövlətlərindən biri olan Fransada bu təmayülün təmsilçisinin hakimiyyətə gəlməsi zənimcə, bütün dünyada iqlimin saflaşmasına, pozitiv meyillərin artmasına köməklik göstərəcək".
Politoloq Zərdüşt Əlizadə isə bu amilin Qarabağ probleminin həllinə zərrə qədər də olsun təsir göstərmədiyini vurğulayıb: "Bu dövlətlərdə kimin prezident olmasının Qarabağ probleminin həllinə zərrə qədər də olsun təsiri yoxdur. Çünki bu məsələ Rusiyanın məsələsidir. Rusiya çəpəri elə çəkib ki, bu problemin həllinə digər dövlətlər yaxın düşə bilmir. Rusiyanın əlində kifayət qədər təsirli alətlər var ki, lazım gələndə onları işə salır və digər dövlətlərin bu problemə təsirinin qarşısı alınır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, zaman-zaman xarici işlər nazirlərinin görüşlərini təşkil etsələr də, münaqişənin həlli istiqamətində Fransadan ciddi təşəbbüslər yoxdur: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu dövlət münaqişənin həllində zamanla müəyyən fəallıq da göstərirdi. Məsələn, keçmiş prezident Jak Şirakın dövründə, 90-cı illərin sonunda Azərbaycan və Fransa prezidentlərinin Parisdə məşhur görüşü də baş tutdu. Bundan sonra 2005-2006-cı illərdə də görüş keçirildi. Amma son 10 ildir Fransa passivdir. Minsk qrupunun həmsədrləri arasında faktiki yeganə vasitəçi Rusiyadır. Azərbaycan, Ermənistan prezidentlərinin, xarici işlər nazirlərinin görüşləri Rusiya ərazisində bu dövlətin vasitəçiliyi ilə keçirilir. Rusiya Ermənistanın strateji müttəfiqi və Azərbaycanla tərəfdaş dövlətdir və təsir imkanları böyükdür.

E.Makron prezident seçilib, onun Dağlıq Qarabağ münaqişəsi haqqında müəyyən açıqlamaları da olub. Hesab etmirəm ki, Makron münaqişənin həllində eks-prezidentlər Fransua Ollanddan və ya Nikola Sarkozidən daha fəal olacaq. Bu dövlət Minsk qrupunun həmsədri olduğundan, qurum daxilində müəyyən təşəbbüslər göstəriləcək. Ola bilsin, yaxın müddətdə və ya ilin sonuna qədər Parisdə xarici işlər nazirlərinin görüşləri həyata keçirilsin. İrəlidə parlament seçkiləri var və prezidentin başı da buna qarışacaq. Çünki Makronun bu qələbəsi hələ heç işin yarısı deyil. O çalışmalıdır ki, parlamentdə onun öz hərəkatının nümayəndələri deputat seçilsin. Prezident olduqdan sonra gərək o parlamentdə də özünə yaxın fraksiyanı formalaşdırsın. Yəni Makronun hələ 2-3 ay başı bu məsələlərə qarışacaq. Üstəlik Suriyada, Ukraynada olan vəziyyətləri də nəzərə alsaq, onda Makronun Dağlıq Qarabağ münaqişəsinin həllində elə də maraqlı olacağına inanmıram".
Minsk qrupu həmsədrlərinin fəaliyyətinin passivliyinə toxunan E.Şahinoğlu bildirib ki, həmin dövlətlər münaqişənin həlli ilə məşğul olmurlar: "Minsk qrupu həmsədrləri sadəcə status-kvonun uzadılmasına çalışır. Yeganə istəkləri odur ki, atəşkəs pozulmasın, sakitlik olsun. Həmsədr olan iki dövlət – Fransa və Amerika münaqişənin dərinliyinə gedib, həllinə çalışmır. Onlar sadəcə Rusiyanın bazarına girməyək, o nə desə razılaşaq. Rusiyanın etdikləri isə göz qabağındadır".

Əli