“Şimali Koreya məsələsinin sülh yolu ilə həlli mümkün deyil” Siyasət

“Şimali Koreya məsələsinin sülh yolu ilə həlli mümkün deyil”

Qabil Hüseynli: "Orada xalqa zidd bir rejim bərqərar olub"

"Yarımadada gərginlik müvəqqəti səngiyə biləcək. Hazırkı rejimin dövründə Şimali Koreya məsələsinin sülh yolu ilə həlli mümkün deyil". Bu fikirləri politoloq Qabil Hüseynli səsləndirib: "Mən Koreya böhranının sülh yolu ilə həll ediləcəyinə inanmıram. Çünki Şimali Koreyada xalqa zidd bir rejim bərqərar olub. Bu rejimin başçısının ruhi-psixoloji vəziyyəti də kifayət qədər şübhə doğurur. Onunla bir masa arxasında əyləşib danışıqlar aparmaq qeyri-mümkündür. Ola bilsin, danışığa getdi, müəyyən vədlər verdi. Amma onun danışığa gedəcəyi də problemli görünür. Çünki Kim Çen İn tamamilə xəyallar, ruhlar aləmində yaşayan bir adamdır. Ümumiyyətlə, Şimali Koreya böhranının sülh yolu ilə həllini mümkünsüz hesab edirəm. Gərginlik müvəqqəti olaraq səngiyə bilər. Tramp da təbiətcə, xarakter etibarilə dəyişkən adamdır. Bu dəyişkənliyin nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma Şimali Koreya probleminin həllinin bir yolu var. Orda rejim dəyişikliyinə gedilməli, bir xalqın iki yerə bölünməsi prosesinə son qoyulmalı, ən başlıcası isə şimaldakı xalqı zülm-zillətlə yaşamaqdan xilas edib cənubdakı kimi rifaha qovuşdurmaq lazımdır".
Politoloq bildirib ki, bu məsələlər Yaponiya və ABŞ üçün bəlkə o qədər də maraqlı olmaya bilər, amma Cənubi Koreya üçün aktuallıq kəsb edən problemdir:
"Cənubi Koreyada bu yumşalmaya yəqin Trampın təklifləri əsasında gedirlər. Mən bu prosesin arxasında hansısa diplomatik gedişin olduğu qənaətindəyəm. ABŞ, Yaponiya və Cənubi Koreya manevr edirlər. Amma bu manevrin bir nəticə verəcəyini qətiyyən düşünmürəm. Bir daha qeyd etmək istəyirəm ki, Şimali Koreya məsələsinin bir yolla həlli var. Ona doğru gedib sonda geri çəkilirlərsə, bu da öz işləridir. Amma mən əminəm ki, yenidən həmin yola doğru qayıtmağa cəhd göstərəcəklər".
Q.Hüseynli qeyd edib ki, Çin əvvəlcə ABŞ-a yardım edəcəyini, ən azı neytral qalacağını vəd etmişdi:
"Görünür, bu vəd reallıqda hələlik özünü doğrultmur. Rusiya da məsələyə dair neytrallığını bildirmişdi. Amma son zamanlar Moskva aqressiv bəyanatlar səsləndirməkdədir. Trampın əhval-ruhiyyəsinə bu da təsir edə bilər. Bir sözlə, Şimali Koreya ətrafında avtoritar ölkələrin alyansı formalaşıb ki, bu alyans da Yaponiya, Cənubi Koreya və ABŞ-ın razılaşdırdığı strateji xəttə təsir göstərə bilər. Amma bu da müvəqqətidir".