Milli Məclisin növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), "Kabel şəbəkəsi yayımı haqqında" Azərbaycan Respublikası qanunun layihəsi barədə müzakirələr aparılıb.
"Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi barədə Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
İkinci oxunuşa təqdim edilən layihədə göstərilib ki, bələdiyyə üzvü vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası qarşılığında mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini öyrənməlidir.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bir sıra təkliflər səsləndirilib. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsinin hazırlanmasının cəmiyyətin tələbi olduğunu dilə gətirib: "Lakin qanunun qəbulu ilə iş bitmir, bunun işlək mexanizmi yaradılmalıdır. Siqaretin qadağası ilə bağlı minimum yaş həddi 18-dən 21-ə qaldırılsın".
Deputat Şahin İsmayılov bildirib ki, qanunun qəbulunun ardınca tütün asılılığından xilas olmaq üçün qaynar mərkəzlərin yaradılması lazımdır: "Qəlyanlar məsələsinə gəlincə, çay evlərində qəlyanların verilməsi geniş yayılıb. Qəlyan aparatlarının mütəmadi təmizlənməməsi, eyni qəlyandan ayrı-ayrı şəxslərin istifadəsi bəzi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Qonşu ölkələrdə bu praktika olub. Ona görə həmin iaşə obyektləri qarşısında qəlyandan istifadə zamanı aparatlarındakı borularının yenilənməsi şərt kimi qoyulmalıdır".
Qeyd edək ki, qanunda siqaretdən və sulu qəlyandan istifadənin qadağan olunduğu yerlər açıqlanıb.
Bundan başqa "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi müzakirə olunub.
Layihə haqqında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib. Qanun layihəsi 17 maddədən ibarətdir. Qanun kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Layihəyə əsasən, Azərbaycanda kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq. Layihəyə əsasən, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur. Kabel şəbəkəsi yayımçısı dövlət maraqqlarının qorunması məqsədilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla razılaşdırır. Xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır. Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının tərkibində dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçilik təbliğ edən verilişlərə görə proqramın sahibi məsuliyyət daşıyır. Yayımçıbelə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqaviləni ləğv edə bilər. Bundan başqa, layihədə qeyd olunub ki, Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycan vətəndaşlarının kabel televiziyası ilə bağlı hüquqları kifayət qədər pozulur: "İnsanların əsəbləri ilə oynayırlar. Bəzi kabel televiziyaları çox pis göstərir. Vətəndaşların əsəbləri ilə oynayırlar. Ya pis göstərir, ya bağlanır. Məhkəməyə də müraciət edəndə vətəndaş 2 ay-gedib gəlir. Axırda da şirkət 150 manat cərimə olunur. Buna görə də, cərimələrin məbləği artırılmalıdır. Saat 12 oldu, yayım kəsilir. Yağış yağır, qar yağır yayım kəsilir. Amma kabel televiziyları vətəndaşlara 1 manat da güzəştə getmir. Bundan başqa vətəndaşa seçim imkanı vermirlər. Bütün paketlərdə demək olar ki, eyni kanallardır. Üstəgəl, kanalların keyfiyyəti də yaxşı olmalıdır". Komitə sədri internet televiziyilarla bağlı sərt qanunların qəbul edilməsini də təklif edib: "Xaricdə oturan 3-5 nəfər əlinə kamera alıb insanlardan müsahibə alaraq, ölkəmiz haqqında danışırlar. Hansı ki araşdırma aparanda məlum olur ki, heç Azərbaycanda elə bir insan yoxdur. Aprel döyüşlərində də buna təsadüf etdik. O zaman silahlı qüvvələrimiz xalqımız haqqınmda elə sözlər deyilir ki hansı ki onların 7 arxa döpnəmlərinin Azərbaycana aidiyyatı yoxdur. Onlar ermənidən pula lıb belə danışırdılar. Bunların qarşısı alınmalıdır. İnsanlara təsir göstərən informasiya mənbələrinə nəzarət olunmalıdır".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.