“Rusiyada yaşayan ermənilər mühüm vəzifə sahibləridir” Siyasət

“Rusiyada yaşayan ermənilər mühüm vəzifə sahibləridir”

Rövşən Rzayev: "Onlar bu imkanları hesabına Azərbaycanın əleyhinə təxribatçı addımları ata bilirlər"

"Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətləri həmişə olduğu kimi yüksələn xətlə inkişaf edəcək. Əgər vaxtilə hər iki ölkənin münasibətləri çox isti və inkişaf edən münasibətlər adlanırdısa, bu gün artıq strateji və tərəfdaşlıq adlanır. Yəni bu istiqamət öz axarı ilə gedəcək". Bunu millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında çox müsbət münasibət var, eyni zamanda bir-birinə qarşı etibarlı yanaşma var: "Təbii ki, bu xətt qorunacaq və yaşanacaq. Çünki hər iki dövlətin marağındadır ki, münasibətlər müsbət məcrada davam etsin. Təbii ki, biz də bu istiqamətdə öz fəaliyyətimizi göstərəcəyik. Bu bir istiqamət. İkinci məsələ ondan ibarətdir ki, Rusiyada erməni lobbisi çox inkişaf edib. Rusiyada yaşayan ermənilər mühüm vəzifə sahibləridir. Onlar bu imkanları hesabına Azərbaycanın əleyhinə təxribatçı addımları ata bilirlər. Təəssüflər olsun ki, onların da qarşısı alınmır. Bu məqsəd də ondan ibarətdir ki, Ermənistan davam edən işğalçı siyasətini gündəmdən çıxarmaqdan ötrü Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyib və öz məsələlərini uzatmaqdan ötrü aparılan siyasətdir, addımlardır. Bunlar hamısı göz önündədir. Təbii ki, Azərbaycan öz işini düzgün qurmalıdır".