“Moskva görüşündən heç kəs irəliləyiş gözləmirdi” Siyasət

“Moskva görüşündən heç kəs irəliləyiş gözləmirdi”

"Beynəlxalq müşahidəçilərin tərkibinin sayının 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub"

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik

- Aprelin 28-də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşünün nəticələri barədə nə deyə bilərsiniz? Görüşdən sonra münaqişə tərəflərinin bəyanatlarından hiss olunurdu ki, görüş nəticəsiz keçib. Bu fikirlə razısınızmı?
- Münaqişə tərəflərinin iştirakı ilə keçirilən, əsas məsələlərin baxıldığı hər hansı görüş faydalıdır. Moskvada keçirilən məsləhətləşmələr də bu baxımdan istisna deyil. Görüşdə irəliləyiş baş vermədi. İrəliləyişi heç kəs gözləmirdi də. Vacib olan odur ki, tərəflər uzun fasilədən sonra yenidən görüşə, problemli məsələlərlə bağlı fikir mübadiləsi apara, bir-birilərinin mövqelərini dəqiqləşdirə bildilər. Qısa müddətdə digər həmsədr həmkarlarımla birlikdə regiona səfər etmək niyyətindəyik. Azərbaycan və Ermənistan rəhbərliyinin reaksiyalarını aydınlaşdırmaq, perspektivdə olan işlərin planını müzakirə etmək niyyətindəyik. Bu planlara tərəflərin bundan sonrakı təmasları və eləcə də qarşıda duran bir sıra məsələlər daxildir.
- Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü günü həmsədrlər birgə bəyanatla çıxış etdilər. Lakin Laçının işğalı barədə bəyanatda heç bir qeyd olmaması Azərbaycan tərəfinin narazılığına səbəb oldu. Azərbaycan XİN bəyanatı ümumilikdə standart və simptomatik kimi dəyərləndirib. Buna münasibətiniz necədir?
- Həmsədrlərin bəyanatı qoşunların təmas xəttində bu il mayın 15-17-də vəziyyətin gərginləşməsi ilə bağlı olub. Atəşkəs rejiminin ciddi pozulması bizdə narahatlıq oyatdı. Bu bəyanatın əsas məqsədi tərəfləri münaqişə zonasında eskalasiyanın qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsinə çağırmaq idi. Analoji mövzuda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də çıxış edib.
- Azərbaycan XİN-in bəyanatında o da qeyd olunur ki, Ermənistan prezidenti bir neçə gün əvvəl parlamentdə çıxışı zamanı yenilənmiş Madrid prinsiplərini inkar edib. Danışıqların hansı prinsiplər əsasında aparıldığını açıqlamanızı istərdik.
- Mən artıq dəfələrlə bu barədə bildirmişəm - o cümlədən, sizin agentliyinizə də... Bir daha təkrar edirəm: danışıqlar prosesinin əsası yaxşı məlumdur və bu barədə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunub. Xatırladıram ki, burada söhbət BMT Nizamnaməsinin əsas prinsiplərindən, Helsinki Yekun Aktından - güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, ərazilərin, qaçqınların geri qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz və sülhməramlı əməliyyatdan gedir. Ümumilikdə tərəflər bu əsası inkar etmirlər, lakin onun komponentlərinin həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Vasitəçilər balanslaşdırılmış həllin tapılması üçün tərəflərə yardımla bağlı nəzərdə tutulmuş variantlar təklif edirlər.
- Sankt-Peterburq və Vyana görüşlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin ofisinin genişləndirilməsinə dair razılığın icrası nə yerdədir? Ofisin genişləndirilməsi üçün hansı işlər görülüb?
- Beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bununla hər iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur.