“Rusiyadan çox İran Səudiyyə Ərəbistanının fəallığından narahatdır” Siyasət

“Rusiyadan çox İran Səudiyyə Ərəbistanının fəallığından narahatdır”

"Bu ərəfədə Səudiyyə Ərəbistanın formalaşdırmağa çalışdığı "ərəb NATO"su və ya "İslam NATO"su Azərbaycanın siyasi və ekspert dairələrində ən çox müzakirə olunan mövzulardandır. Çünki "İslam NATO"suna Azərbaycanın da dəvət edildiyinə dair xəbərlərin sayı çoxalır". Bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Azərbaycandan başqa qeyri-ərəb ölkələrindən Türkiyə, Pakistan, İndoneziya və Qazaxıstan da yeni birliyə dəvətlidirlər: "Mayın 22-də Ər-Riyadda "Ərəb, İslam, Amerika" sammiti keçirildi. Sammitdə 40 dövlət başçısı iştirak edirdi. ABŞ prezidenti Donald Trampın sammitdə iştirakı tədbirə marağı artırdı. Əslində Donald Tramp Səudiyyə Ərəbistanına səfər etmiş və bu ölkə ilə 350 milyard dollarlıq saziş imzalamışdı. Buna baxmayaraq, Ər-Riyad Trampın iştirakı ilə İslam ölkələrinin liderləri ilə xüsusi toplantı keçirməkdə də maraqlı idi. Birincisi, Ağ Ev sahibinin toplantıda iştirakını təmin edən Ər-Riyad bu yolla gələcəkdə yaranacaq "İslam NATO"sunun Vaşinqton tərəfindən dəstəklənəcəyini göstərmək istəyirdi. Ər-Riyad üçün Amerikanın dəstəyi vacibdir. Səudiyyə Ərəbistanı ilə rekord məbləğdə saziş imzalayan Tramp isə Ər-Riyadın "İslam NATO"suna "yox" deyə bilməzdi. İkincisi, Ər-Riyad İranın bölgədəki fəallığından narazıdır, bunun qarşısını almaq yolları haqqında düşünür. Ona görə də Ər-Riyad özünə dost bildiyi ölkələrdən ibarət hərbi blok formalaşdırmaq istəyir. Üçüncüsü, Ər-Riyad yeni hərbi blok vasitəsilə İslam aləmində lider rolunu gücləndirmək istəyir". Politoloq hesab edir ki, buna baxmayaraq, Ər-Riyad hərbi blok məsələsində ehtiyatlıdır və hadisələri qabaqlamaq istəmir: "Məsələn, "Ərəb, İslam, Amerika" sammitində xüsusi olaraq yeni hərbi blok haqqında fikir mübadiləsi aparılmadı. Çünki, əgər Ər-Riyad bu sammitdə yeni hərbi blokun yaradılmasını qarşısına məqsəd qoysaydı, ən azı Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçıları bu toplantıya qatılmayacaqdılar. Çünki bu ölkələr Rusiya və İranla münasibətlərini gərginləşdirmək istəmirlər. Qazaxıstan Rusiya ilə birgə hərbi (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) blokdadır, Azərbaycan isə vaxtilə Qoşulmayanlar Hərəkatına üzv olmaqla hərbi bloklara qoşulmamaq siyasətinə üstünlük verdiyini göstərib. Rusiyadan çox İran Səudiyyə Ərəbistanının fəallığından narahatdır".