“Azərbaycan siyasi və diplomatik üstünlük əldə edib” Siyasət

“Azərbaycan siyasi və diplomatik üstünlük əldə edib”

Mübariz Əhmədoğlu: "Ermənistanın isə uğursuzluqları çoxdur"

"Vaxtilə Azərbaycan müsbət mənada dünyanın diqqət mərkəzində idi. İndi dünya ölkələri iki qrupa bölünüb. Bir qrup ölkələr istəyir ki, Azərbaycan əvvəlki layihələri davam etdirsin". Bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi "Qarabağ saatı"nda deyib. O bildirib ki, Azərbaycan nəinki öz iqtisadiyyatını inkişaf etdirir, tərəfdaş ölkələrin də iqtisadiyyatının inkişafına kömək etməyə çalışır. Politoloq əlavə edib ki, təəssüf ki, Azərbaycanın ayağını çəkmək istəyən qüvvələr az deyil. M. Əhmədoğlu həmçinin Azərbaycanın guya İŞİD-ə silah daşıması ilə bağlı Bolqarıstan mediasında yazılanlara münasibət bildirib. Politoloq buna səbəb kimi Bolqarıstandakı ermənipərəstləri göstərib. Politoloq vurğulayıb ki, Bolqarıstan dövlət kimi özünü idarə edə bilmir: "Orada prezident rusiyapərəst, baş nazir qərbpərəstdir".
Mübariz Əhmədoğlu deyib ki, biz İranın Azərbaycanla bağlı siyasətinin yalnız üzdə olan tərəflərini deyil, digər tərəflərini də bilirik. O qeyd edib ki, İran Azərbaycanda kimisə ələ ala bilər: "İran pullarını qoyub ortaya, 4-5 nəfər yeyir. Bundan zərər çəkən İran özü olacaq". Politoloq vurğulayıb ki, İslam dinində müsəlman müsəlmanın qanını töksün, hakimiyyəti devirsin kimi məsələlər yoxdur. Bu islam deyil, qurama dindir. M. Əhmədoğlu əlavə edib ki, hər iki dövlətin prezidenti münasibətlərin inkişafı üçün bir çox işlər görür. Lakin bir qrup dindarlar bu münasibətlərin inkişafını istəmir.
M. Əhmədoğlu həmçinin ermənilərin Alxanlıda törətdiyi qətldən danışıb. O qeyd edib ki, ermənilər təkcə Füzuli sakinlərinə deyil, XİN rəhbərlərinin Vyana görüşünə atəş açmışdı: "ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana təzyiq edir ki, danışıqlar masasına oturmalısan və münaqişə nizamlanmalıdır. Ermənilər də yaxşı başa düşür ki, Dağlıq Qarabağ ətrafı ərazilər Azərbaycana geri qaytarılmalı, sonra tədricən Dağlıq Qarabağın özü qaytarılmalıdır. Ermənilər buna görə danışıqlar ərəfəsində dinc sakinləri qətlə yetirdi".
Politoloq qeyd edib ki, ermənilər bu yolla danışıqları pozmağa çalışsalar da buna nail olmadılar.
O deyib ki, aprel döyüşləri ona görə baş verdi ki, Ermənistan Dağlıq Qarabağ danışıqlarına ciddi yanaşmadı. İndi də ermənilər bu cür mövqe nümayiş etdirir. Ona görə yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Politoloq qeyd edib ki, Azərbaycan Ermənistan tələblərinin heç birini qəbul etmədən onu danışıqlar masasına oturdub. Politoloqun sözlərinə görə, Azərbaycan siyasi və diplomatik üstünlük əldə edib, Ermənistanın isə əksinə uğursuzluqları çoxdur. Onun fikrincə, Ermənistanın ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlərlə münasibətləri pisləşib.
Politoloq həmçinin vurğulayıb ki, regionda müharibə və ya sülhün olması həmsədrlərdən asılıdır: "Həmsədrlər bura gələndə regionda "Kalaşnikov"dan başqa silah yox idi. Lakin indi silahlar Kalaşnikov avtomatından "Tos 1"ə qədər dəyişib, həmsədrlər isə dəyişmək istəmir".
Rusiya prezidentlərin görüşü ilə bağlı substantiv, məzmunlu, konkret müddəalar olan təkliflər irəli sürməsə, Qarabağda müharibə qaçılmazdır: "Aprel döyüşünü ermənilər başladı, Azərbaycan isə cavabını verdi. Türkiyə neytral qaldı, İran isə əleyhimizə işlədi. Rusiya isə yalnız müharibəni dayandırmağa çalışdı".