“Ermənistanı sülhə məcbur etmək mümkündür” Siyasət

“Ermənistanı sülhə məcbur etmək mümkündür”

Ermənistan prezidenti Serj Sərkisyanın hətta bundan 20 il sonra belə Azərbaycana güzəştə getməyəcəkləri ilə bağlı səsləndirdiyi fikirlər siyasilər tərəfindən birmənalı qarşılanmayıb. Onların bir çoxu hesab edir ki, Sərkisyanın bu açıqlaması əslində rəsmi İrəvanın bu günə qədər aparılan danışıqlar prosesində səmimi olmadığını sübut edir.
Politoloq Fikrət Sadıqov Ermənistanı sülhə məcbur etməyin mümkünsüz olmadığını deyir: "Ermənisdanı sülhə məcbur etmək mümkündür. Aparıcı dövlətlər bunu çox asanlıqla edə bilər. Xüsusilə də Rusiya Ermənistanın strateji müttəfiqi kimi bunu edə bilər. Lakin onlar neçə ildir ki Ermənistanın başını sığallayır. Buna görə də Sərkisyan bu cür axmaq bəyanatlar səsləndirir. Bunun özü bir daha göstərir ki, Ermənistan danışıqlar adı ilə bu vaxta qədər oyun oynayıb. Sülhə nail olmaq fikrində olmayıb. Heç bir qətnaməni yerinə yetirmək fikrində olmayıb. Məlum bəyanat bütün bunların etirafıdır. Əgər Ermnistan hələ 20 il bundan sonra da prosesi uzatmaq istəyirsə, çətin buna nail olsun. Çünki Azərbaycan proseslərə seyirci qalmayacaq. İşğaldakı torpaqları addım-addım azad edəcək. Buna həm hərbi, həm də siyasi gücümüz çatır".