“Ermənistan münaqişənin həlli ilə bağlı məsələləri daha da mürəkkəbləşdirir” Siyasət

“Ermənistan münaqişənin həlli ilə bağlı məsələləri daha da mürəkkəbləşdirir”

Qabil Hüseynli: "Son dövrlər işğalçı dövlət hərbi ritorikasını sərtləşdirir"

"Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində çox böyük qanunsuzluqlar həyata keçirilər. Xüsusilə də Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın əvvəl Xankəndi, oradan da Kəlbəcərə səfəri ciddi şəkildə Azərbaycan tərəfinin etirazına səbəb olub. Çünki Ermənistan danışıqlar, sülh prosesi əvəzinə münaqişənin həlli ilə bağlı məsələləri daha da mürəkkəbləşdirir, iki ölkə arasında vəziyyəti daha da gərginləşməsi üçün atdıqları addımlarını davam edirlər". Bunu politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, son dövrlər işğalçı dövlət hərbi ritorikasını sərtləşdirir, təhdid və şantaj elementlərini çoxaldıb: "Bildiyiniz kimi bir müddət öncə, düşmən ölkənin rəhbəri Serj Sarkisyanın işğal olunmuş torpaqlara səfər edərək orada bir qarış torpağı belə geri qaytarmayacağı ilə bağlı mesaj vermişdi. İndidə Nalbadyan həmin bölgəyə səfər edərək, orada ermənilərin yerləşdirilməsi və eləcə də Ermənistanın hər hansı güzəştə getməyəcəyi barədə fikirlər səsləndirir. Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar prosesini baykot eləcə də təmas nöqtəsində təxribatlar etməkdə davam edəcək. Son 3-4 gün ərzində bu təxribatların sayı yüksələn xətlə gedir. Belə ki, həm say etibarı, həm də həyata keçirilən təxribatların mahiyyətinə görə də, ermənilər irəli getməyə çalışır. Misal üçün ötən gün cəbhə xəttində ermənilər pilotsuz uçan aparatdan istifadə edərək, hərbi hissələrimizin postlarına həmin aparatdan raketlə atəşə açıblar. Təbii ki, Azərbaycan ordusu artıqlaması ilə onların cavabını verir. Lakin bütün bunlar onu göstərir ki, ermənilər işğal olunmuş ərazilərdə bir tərəfdən hərbi gücünü artırmağa çalışır, digər tərəfdən də imkan daxilində xüsusilə də Laçın və ya Kəlbəcər ərazilərində məskunlaşma prosesini həyata keçirmək istəyir. Hətta bununla bağlı müəyyən xəbərlər də var". Nalbadyanın Kəlbəcərdə olarkən açıq şəkildə bu torpaqların qədim erməni torpaqları olması barədə təhrikedici fikirlər səsləndirdiyini dilə gətirən Q. Hüseynli söyləyib ki, artıq düşmən ölkə işğal olunmuş əraziləri həyasızcasına qədim erməni torpaqları adlandırmağa başlayıblar: "Bu sarıdan Kəlbəcər Laçın və Zəngilən Cəbrayıl əraziləri haqqında daha çox fikirlər və yazılara rast gəlmək mümkündür. Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirlikləri birgə bəyanat yayaraq bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara Ermənistanın nəinki sülh danışıqlarından imtina etdiyi, eləcə də üstəlik işğal edilmiş ərazilərdə hərbi gücünü artırdığını və həmin ərazilərdən ölkəmizin mülki əhalisinə qarşı təxribatlar, hərbi əməliyyatlar etməkdə davam etdiyini bildirmiş oldular". Politoloq qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən bütün təxribatların əsas məqsədi Azərbaycanın əsəblərini tarıma çəkməkdən ibarətdir: "XİN və MN-nin birgə yaydığı bəyanatında da açıq şəkildə bildirilir ki, düşmən ölkənin törətdiyi təxribatlar bölgədə daha irimiqyaslı qarşıdurmaya gətirib çıxaracaq. Lakin buna baxmayaraq ermənilər cəbhədə gərginlik yaratmaqda davam edir. Azərbaycan ordusu isə məcburən cəbhə xəttinə yaxın bölgələrdə müharibə şəraitinə yaxınlaşdırılmış təlimlərini keçirməkdə davam edir. Azərbaycan bununla qarşı tərəfə, eləcə də dünyaya mesaj verərək ermənilərin nazı ilə oynamayacağını və istənilən vaxt onların təxribatlarına qarşı cavab tədbiri görə biləcəyini bildirir. Bu ölkəmizin təbii hüququdur. Bütün beynəlxalq sənədlər də bunu təsdiqləyir".