“Ermənistanda nəinki Türkmənistan, heç İran mövzusunu bilmirlər” Siyasət

“Ermənistanda nəinki Türkmənistan, heç İran mövzusunu bilmirlər”

Prezident Serj Sərkisyanın İran prezidenti Həsən Ruhaniylə görüşü ilə bağlı Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda Ermənistan-İran-Türkmənistan qaz və elektrik enerjisinin mübadiləsi mövzusunun müzakirə olunması barədə də informasiya öz əksini tapmışdı. Bu erməni siyasətçilərinə İranla, o cümlədən Türkmənistanla əlaqələrə yeni PR xarakter verməyə şərait yaratdı. Reallıq isə ayrı şeydir.
Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İran indi əvvəlki İran deyil. Əvvəlki İran Azərbaycan Respublikasının düşmənçilik kimi qəbul edəcəyi regional layihələri reallaşdırmağa tabu qoymuşdu: "Bizdə olan məlumata görə bu tabu barədə Ermənistan rəhbərliyinə məlumat çatdırılıb". O bildirib ki, İran daxili siyasətini indiki geosiyasi reallıqları nəzərə almaqla yenidən qurur.
Politoloqun sözlərinə görə, Sepahçılarla prezidentin tərəfdarları arasında narazılığın mahiyyəti də budur. Belə vəziyyətdə bir qrup İran məmurunun davranışı özlərinin korporativ maraqları üzərində qurula bilər. Hər şey Ali rəhbərin idarəçiliyi ilə baş verir. Mübariz Əhmədoğlu əlavə edib ki, görünür, İrandakı bu reallıqları Ermənistanda bilmirlər və ya bilmək istəmirlər: "Ermənistanın istinad nöqtəsi İran daxilində baş verənlərdən çaş-baş qalmış bir qrup İran məmurdur. O məmurlar Ermənistan və Gürcüstan vasitəsilə Qrinkard və ya viza alıb ailə üzvlərini və mülklərini ABŞ-a köçürmüş və bu prosesi reallaşdırmağa hazırlaşan məmurlardır. Belələri Həsən Ruhaninin komandasında çoxdur. SEPAH-çılarla Həsən Ruhaninin komandası arasındakı mübarizə gec-tez onları da əhatə edəcək. Müsəlman torpaqlarının işğalı mövzusu İranın ən yuxarı dairələrində Bəhram Qasimi kimilərinin dediyindən tam fərqlənir".
Politoloq əlavə edib ki, İran parlamentinin erməni deputatlarından biri Jorjik Abraamyan ermənilərə Bəhram Qasiminin dediklərindən hay-küy yaratmamağı tövsiyə edir: "Jorjik Abraamyanın fikrincə, Bəhram Qasiminin bəyanatından o nəticəyə gəlinməməlidir ki, İranın Ermənistana münasibəti yaxşı, Azərbaycana münasibəti pisdir".
Mübariz Əhmədoğlu əlavə edib ki, İranın iqtisadi və enerji kommunikasiyalarında əsas üz çevirdiyi dövlət Azərbaycandır: "Bunu Həsən Ruhaninin bəyanatları və vitse-prezident Cahangirinin yaxınlarda İranla Azərbaycan arasında dəmir yolu tikintisinə göstərdiyi münasibət təsdiq edir. Ermənilər İranın Rusiyadakı iki rəsmisinin bu mövzuda verdiyi bəyanatlara diqqət yönəltsələr biliklərini müəyyən qədər artırmış olarlar".
O həmçinin qeyd edib ki, Türkmənistan mövzusu Ermənistan siyasi elitasının ümumiyyətlə qavraya bilmədiyi mövzudur. Hal-hazırda Türkmənistan İrana qaz nəql etmir. İran qaz nəqlini dayandırdığına görə əvvəllər Türkmənistanı ittiham edirdi, beynəlxalq məhkəmə ilə hədələyirdi. İndi İran Türkmənistana qarşı bu iddialarından əl çəkib: "İranın Türkmənistan üzrə ticarət attaşesi Rəhmətullah Xormali yaxınlarda Türkmənistanın İrana qaz nəql edə bilməməsinin səbəbini dünya bazarında qazın qiymətinin dəyişməsi ilə əlaqələndirdi. Xormali vəziyyəti izlədiklərini bildirdi. Eləcə də İran mərkəzdən Türkmənistanla həmsərhəd rayonlarına qaz kəməri çəkdi. İranın indi Türkmənistandan qaz almağa nəinki ehtiyacı yoxdur, ümumiyyətlə şimal-şərq istiqamətində qazının nəqlinin yeni diverfisikasiyasını apardı və bu diverfisikasiya Ermənistanın ziyanınadır".
O qeyd edib ki, ona görə ermənilərin Türkmənistandan İran vasitəsilə qaz almasına hava şarının partlaması kimi yanaşmaq daha düzgündür. Ermənistan prezidenti bu şarın partlaması ilə Rusiyanın qorxacağını düşünür. Avqustun 5-də Həsən Ruhani ilə görüşən Sərkisyan dəqiq bilirdi ki, avqustun 3-dən RF qaz kəmərinin təmiri adı ilə bir ay müddətinə Ermənistana qaz nəqlini dayandırıb. Səbəb siyasidir, Ermənistan ikibaşlı oyunlar oynayır. NATO-nun hərbi təlimlərində iştirak edir, ərazisində ABŞ və Britaniya hərbçiləri hərbi təlim keçirirlər.
Politoloq sonda vurğulayıb ki, beləliklə S.Sərkisyanın bu şar partlayışı, ola bilər pis qoxusu ilə fərqlənsin. Amma İran bu şarın içinə tez alışan qaz da doldura bilər. Bu isə onu partladanların əl və üzünü yandıracaq.