“Demokratiyanın əsas cəhəti güclü çoxpartiyalı sistemdir” Siyasət

“Demokratiyanın əsas cəhəti güclü çoxpartiyalı sistemdir”

Söhrab Abdullayev: "Seçilərə daha çox namizədlə qatılmağı düşünürük"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Söhrab Abdullayevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Söhrab bəy, mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetində sədrlik Azərbaycana keçib. Bu məsələ BAXCP İdarə Heyətində müzakirə olunub və təqdir edilib. Eyni zamanda, bu faktın Avropa Şurası ilə, eləcə də bu quruma üzv olan ölkələrlə daha sıx əməkdaşlığa imkan yaratdığı bildirilib. Həm də BAXCP Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqədar hakimiyyətin ata biləcəyi humanist addımların bu hadisənin siyasi və mənəvi əhəmiyyətini daha da artıra biləcəyini hesab edib və hökumətə əfv çağırışında bulunub. Səhv etmiriksə belə çağırışlar əvvəllər də olub.
- Öncə mətbuat vasitəsilə Türkiyədə baş verən faciədə həyatını itirənlərlə bağlı kədərləndiyimi bildirmək, ölənlərə Allahdan rəhmət, yaxınlarına və bütün türk millətinə başmız sağ olsun demək istəyirəm.
Sualınıza gəlincə qeyd edim ki, BAXCP yarandığı gündən etibarən Azərbaycan dövlətçiliyini hər şeydən uca tutan, dövlətimizin varlığını və müqəddəsliyini öz tərəfdarları ilə birlikdə qoruyan, bu istiqamətdə maarifləndirmə işi aparan bir siyasi partiyadır. Güclü dövlət, güclü ordu, Bütöv Azərbaycan partiyamızın təməl prinsiplərindəndir. BAXCP dünyada və ölkəmizdə gedən prosesləri dəqiqliklə izləyir, təhlil edir, soyuq başla düşünüb qərar və təkliflər verir.
Avropa Şurası Nazirlər Kabinetinə sədrliyin Azərbaycana keçməsi önəmli bir hadisədir. Bəlli ki, bu qurumun da bir işləmə mexanizmi və kriteriyaları var. Sözsüz ki, bu kriteriyalardan önə çıxanları demokratiya, insan haqları, humanizm və sair məsələlərdir. İnsan haqları dediyimiz zamansa ilk olaraq cəzaçəkmə müəssisələrindəki insanların taleyi göz önünə gəlir. Bir çox beynəlxalq təşkilatlar bu mövzuda həddindən çox həssaslıq nümayiş etdirir və bəzi qeyri-hökumət təşkilatlarından obyektiv olmayan məlumatlar alırlar. Biz hesab edirik ki, həbsləri siyasələşdirilən insanların azadlıqda olmaları cəmiyyətə onların həbsindən daha az ziyan vurur. Bu gün ölkəmizdə sabitlik var və sərbəst buraxılanların fəaliyyətləri sabitliyi pozmağa yetməz. Ayrıca tutulan insanlarımızın bir çoxu uzun müddətdir ki, cəzalarını çəkiblər. Onların yaxınları da bundan əziyyət çəkirlər, bu səbəbdən humanizm və insan amilini nəzərə alaraq həmin insanların əfv olunmasını uyğun gördük.
- BAXCP sədri Qüdrət Həsnquliyev hər zaman Azərbaycan hakimiyyətini siyasi və iqtisadi islahatlar həyata keçirməyə çağırıb. Parlamentdə çıxışlarının birində isə Qüdrət bəy "hökumət çox iddialı layihələr həyata keçirməlidir", deyə vurğulayıb. Sizcə, Qüdrət Həsənquliyev iddialı layihələr deyəndə nələri nəzərdə tutub?
- BAXCP lideri Qüdrət Həsənquliyevin bu çağırışı birinci növbədə onun təkcə partiya sədri, millət vəkili deyil, eyni zamanda, ölkəmizin gələcəyini düşünən ciddi bir dövlət adamı olduğunun göstəricisidir. Bu çağırış olduqca ciddi, iddialı və hökumətdən cəsarətli addım tələb edən bir çağırışdır. Partiyamızın sədri bu fikirləri illərdir dilə gətirir, dəfələrlə partiyanın kollegial orqanlarında müzakirəyə çıxarıb. Məncə, islahatları ən vacib, eyni zamanda, cəmiyyətin gözlədiyi əhəmiyyətli bir məsələdən başlamaq lazımdır. BAXCP-nin üçüncü qurultayında qəbul etdiyimiz "Dördüncü respublika" şüarına diqqət çəkmək istəyirəm. Biz düşünürük ki, Azərbaycanda demokratik islahatları çevik aparmaq, çağdaş vətəndaş cəmiyyəti formalaşdırmaq, ölkənin inkişafına stimul yaratmaq üçün prezident üsul idarəçiliyindən parlamentli respublika sisteminə keçmək vacibdir. Bunun üçün proporsional seçki sistemi tətbiq olunmalı və parlamentdə ən çox mandata sahib olan partiya hökuməti formalaşdırmalıdır. O zaman siyasi partiyaların da fəallığı artar, hakimiyyət uğrunda sivil mübarizə aparılar. Baxın bu gün bəzi siyasi partiyalar heç bir məsuliyyət daşımırlar, ancaq iqtidarı tənqid etməklə məşğuldurlar. Parlamentdə təmsil olunan partiyaların deputat sayları isə fraksiya yaratmağa belə çatmır. Bu da mojaritar qaydada seçilmiş deputatların səs çoxluğu ilə qəbul edilən qərarlara təsir imkanını sıfıra endirir. Yəni alternativ fikir olmayan yerdə uzunömürlü qanun layihələrinin qəbulunu mümkün olmur.
2007-ci ildə ölkədəki mövcud durumu dəyişmək üçün BAXCP tərəfindən Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsilə bağlı layihə hazırlanaraq geniş ictimaiyyətin müzakirəsinə təqdim olundu. Konstitusiya layihəsini hazırlamaqda məqsədimiz vardı. Proseslərin inkişafı ölkənin sanki təkpartiyalı sistemə getdiyini göstərir. Çünki partiyaların ölkədəki siyasi proseslərə təsir imkanları günbəgün azalır. Bu da mövcud obyektiv vəziyyətlə əlaqədardır. Əslində siyasi partiyaların imkanları proporsional seçki sisteminin ləğvi və seçkilərin birmandatlı seçki dairələri üzrə keçirilməsilə məhdudlaşdırıldı. Bizim təkliflərimizin də kökündə ölkədəki siyasi partiyaların rolunu artırmaq dayanırdı. Demokratiyanın əsas cəhəti güclü çoxpartiyalı sistemdir. Çünki belə bir şəraitdə ölkədə rəqabət mühiti olur. Hansı ölkədə çoxpartiyalı sistem güclənərək siyasi hakimiyyətin mahiyyətini təşkil edirsə, onda normal vətəndaş cəmiyyəti qurulur, yəni qeyri-hökumət təşkilatlarının şəbəkəsi inkişaf edir, azad mətbuat formalaşır, müstəqil məhkəmə sistemi olur və nəticədə qanunların aliliyi təmin olunur. Yəni çoxpartiyalı sistemi inkişaf etdirmək üçün proporsional seçki sistemi bərpa olunmalı və hökumətin formalaşdırılması səlahiyyəti parlament seçkilərində qalib gəlmiş siyasi partiyaya verilməlidir. Seçkilərdə qalib gələn partiya hökuməti formalaşdırar və bu da istər-istəməz hökumətin parlament qarşısında məsuliyyət daşımasına səbəb olacaq. Düzdür, hökumət ildə bir dəfə parlamentə hesabat verir. Ancaq bu da formal xarakter daşıyır. Axı biz BAXCP olaraq hökumət üzvlərinin parlamentin nümayəndələri olmasını təklif edirik. Bu, siyasi partiyaya seçkilərdə 50 faizdən çox səs toplamasa belə koalision şəkildə hökumətin formalaşdırılmasında iştirakına və nəticədə siyasi təşkilatların idarəetmə təcrübəsi qazanmasına imkan verəcək. İndiki halda hökumətdə təmsil olunmağın yeganə yolu prezident seçkilərində qalib gəlməkdən keçir. Yəni 50 faizdən yuxarı nəticə göstərməklə hökuməti formalaşdırmaq mümkündür. Ancaq bizim hazırladığımız qanun layihəsilə hətta parlament seçkilərində 5 faiz səs toplamış siyasi partiyanın da hökumətin formalaşdırılmasında iştirak etməsi mümkündür. Halbuki indiki vəziyyətdə cəmiyyətin 50 faizinin səsini alan partiya hökumətin formalaşdırılmasında iştirak edə bilmir. Bizim qənaətimizcə, Azərbaycan kimi demokratik ənənələrin, vərdişlərin yaranmadığı, siyasi mədəniyyətin yüksək olmadığı bir ölkədə BAXCP-nin təklifləri çox düzgündür. Və ümid edirik ki, bu təkliflər həyata vəsiqə qazanacaq.
O ki, qaldı Qüdrət bəyin "hökumət çox iddialı layihələr həyata keçirməlidir" fikrinə, partiyamızın lideri dəfələrlə öz çıxışlarında neft pullarının səmərəsiz xərclənməsindən narahatlığını bildirib. Doğrudan da abadlıq, təmir-tikinti işlərinə xeyli vəsait ayrılır, ancaq istehsal və emal müəssisələri yaradılmır. Düzdür, yol çəkilməlidir, infrastruktur qurulmalıdır, yeni su kəmərləri də çəkilməlidir. Ancaq rayon yerlərində əhalinin iş təminatının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması üçün sənaye müəssisələri açılmalıdır. Qüdrət bəy dəfələrlə təklif vermişdi ki, əsasən Çin istehsalı olan velosipedləri xaricdən idxal etməkdənsə, onun ölkə daxilində istehsalı daha məqsədəuyğundur. Artıq bu istiqamətdə iş qurulub. Belə ki, İsmayıllıda müəssisə açılıb. Biz bunu təqdir edirik və davamlı olmasını arzulayırıq.
- Neçə illərdir Bakı şəhər bələdiyyəsinin və ya böyük şəhər bələdiyyələrinin yaradılması, eləcə də mer seçkilərinin keçirilməsi müzakirə olunur, ancaq nəticə yoxdur. Azərbaycanın da qoşulduğu Avropa Yerli Özünüidarə Xartiyasına əsasən, paytaxt şəhərin idarəçiliyi seçkili orqanlara verilməlidir. Ölkəmizin xartiyaya qoşulmasına baxmayaraq, paytaxt Bakıda və digər iri şəhərlərdə idarəetməni təyinatlı yolla icra hakimiyyətləri həyata keçirir. Yada salaq ki, xartiyaya qoşulmuş Gürcüstan və Ermənistanın paytaxt şəhərlərində mer seçki yolu ilə seçilir. Azərbaycanda isə bu, hələ ki, mümkün olmayıb.
BAXCP lideri də dəfələrlə bu məsələləri qaldırıb.
- Dünya təcrübəsində şəhər bələdiyyələrinin yaranması praktikası geniş yayılıb və şəhər bələdiyyələrin fəaliyyəti son nəticədə şəhərin inkişafına ciddi təkan verib. Məsələn, qonşu və qardaş Türkiyədə böyük şəhər bələdiyyələri fəaliyyət göstərir. Azərbaycanda da bir neçə böyük şəhər var ki, bu şəhərlərdə mərkəzi şəhər bələdiyyəsinin yaradılması yaxşı olardı. Bu sırada xüsusilə Bakının və Gəncənin adını çəkmək yerinə düşər. Böyük şəhər bələdiyyələrinin yaranması bələdiyyələrin fəaliyyətinin mərkəzləşdirilməsinə şərait yaradardı. Eyni zamanda, bələdiyyələrin məsuliyyəti artar.
- Bu il ölkədə bələdiyyələrə seçkilər keçiriləcək. BAXCP bu seçkilərə necə hazırlaşır?
- Seçki təcrübəsinə malik bir partiyanın təmisilçisi olaraq deyə bilərəm ki, ötən bələdiyyə seçkilərindən daha artıq namizədlə seçkilərə qatılmağı düşünürük. Qərarımızı Ali Məclisin növbəti sessiyasında verəcəyik.