“Trampın “qlobal media”nın dezinformasiya yaymaq üzrə ixtisaslaşmaları haqqında açıqlamalarını yəqin xatırlayanlar var” Siyasət

“Trampın “qlobal media”nın dezinformasiya yaymaq üzrə ixtisaslaşmaları haqqında açıqlamalarını yəqin xatırlayanlar var”

Sahib Alıyev: "Bu cür media qurumlarının əksəriyyəti çirkin işlərlərə məşğuldurlar"

Hikmət Babaoğlu: "Hazırda Sorosun terrorçu elan edilməsi üçün ABŞ-da petisiya elan olunub"

"Amerika prezidenti Donald Trampın bəzən "qlobal media", bəzən də "beynəlxalq KİV" adlandırılan qəzet, televiziya və agentliklərin saxta informasiya yaymaq üzrə ixtisaslaşmaları haqqında açıqlamalarını yəqin xatırlayanlar var. Cənab Tramp bununla əslində Amerika kəşf etmirdi, Amerikada və bir çox başqa Qərb ölkələrində qlobal media funksiyasını yerinə yetirənlərlə bağlı reallığı dilə gətirirdi. Bu cür media qurumlarının əksəriyyəti çirkin işlərlərə məşğuldurlar, Soros kimi qlobal dələduzların yer aldığı çevrələrə bağlıdırlar və onların sifarişlərini yerinə yetirirlər ki, onu da indi bilməyən yoxdur. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bu qəbildən olan mediada, məsələn, "Washington Post", The Guardian" və digərlərində Azərbaycanla bağlı mənfi yazılar oxuyanda ikili hiss keçirmək mümkündür: "Təbii ki, insanın özü haqqında böhtan müəyyən narazılıq yaratdığı kimi, bir parçası olduğun məmləkətin haqqında böhtan da o cür reaksiya doğurur. Ancaq eyni zamanda buna sevinirəm də. Ona görə sevinirəm ki, demək, Azərbaycan hakimiyyəti milli maraqları əsas götürərək həmin mənfur çevrələrin yenə də hansısa istəklərini rədd edib.
Əgər nəzərə alasaq ki, son günlər başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub, demək, bütün bunlar bir mərkəzdən yönləndirilir. O mərkəzdən ki, öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda bunun nəyə aparıb çıxardığını isə biz indi xaos girdabına batan bir çox ölkələrin təcrübəsində görürük.
Onu da görürük ki, həmən medianın sülh göyərçini kimi təqdim edib, Nobel Sülh ödülü verdirib Myanmarın prezidenti seçdirdiyi Aung San Suu Kyi indi minlərlə müsəlmanı orada necə öldürtdürür.
Maraqlıdır, görəsən həmin "Washington Post" və digər çirkab maşınları nədən Myanmarda məhv edilən on minlərin deyil də, bizdə konkret cinayətlərdə günahlandırılan bir neçə adamın "qayğı"sına qalır, bunu qlobal problem kimi təqdim etməyə çalışırlar".
Milklət vəkili, politoloq Hikmət Babaoğlu isə bildirib ki, beynəlxalq münasibətlər sistemində dövlətlər arasında rəqabət gündən-günə artır. Onun sözlərinə görə, hazırki mərhələdə beynəlxalq münasibətlər sistemini formalaşdıran mərkəzlər arasında bir növ yeni qütblər formalaşır: "Belə olan halda, tərəflər biri digərinin beynəlxalq münasibətlər sistemindəki mövqeyini sıxışdırmağa çalışır. Xüsusən yeni müstəqil dövlətlərin güclənməsi artıq ənənəvi güc mərkəzləri tərəfindən yaxşı hadisə kimi qarşılanmır. Azərbaycanın nüfuzu hər gün daha da artır, milli dövlətçiliyimiz möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı qısa fasilədən sonra yenidən bərpa olunmağa başlayıb. Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini donmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamafob mərkəzlərinin xoşuna gəlmir. Ona görə də bəzi qüvvələr vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhdlər edirlər. Çünki, erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək. Eyni zamanda Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır. Belə olan halda, ermənipərəst mərkəzlər və onların havadarları Azərbaycanı daxildən parçalamağa cəhd göstərir, guya ölkəmizdə korrupsiya, sabitliyin kövrək olması, insan haqlarının pozulması ilə əlaqədar iddialar ortaya atırlar. Son günlər qlobal mediada Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında da məhz düşmən qüvvələrinin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır. Çox təəssüf ki, hazırda imperialist mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları da bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevrilirlər. Bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır. Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin bir başa iştirakı var. Eyni zamanda məhşur milyarder və siysi hoqqabaz C.Sorosun da bu işdə dəsti xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhdi kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi hazırda C.Sorosun terrorçu elan edilməsi üçün ABŞ-da petisiya elan olunub və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza artıq toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terrorru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə iş birliyi içərisində olması olduqca təbiidir. Çünki onları terrorizm xisləti birləşdirir".
Onun fikrincə, Azərbaycanla bağlı yazılan qərəzli məlumatların arxasında ermənilər dayanır: "Ermənistan bu cür informasiyalar vasitəsilə regionun real siyasi gündəliyini, işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir. Lakin bu mümkün deyil. Çünki, Azərbaycan diplomatiyası, eləcə də informasiya gücü buna imkan verməyəcək. İşğal faktının arxa plana keçirilməsinə yönələn bu cəhdlər xüsusən 2016-cı ildə baş verən aprel hadisələrindən sonra daha da aktivləşib. Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində bu cür təxribatlara əl atmaqla gündəmini dəyişməyə çalışır. Ancaq dediyimiz kimi Azərbaycan güclü və müstəqil dövlətdir və ölkəmiz öz torpaqlarını işğaldan azad edəcək. Bu cür təxribatlara, erməni yalanına isə Azərbaycanın informasiya məkanında və azərbaycanlılar arasında inanan yoxdur".
Siyasi Şərhçi Azər Həsrət isə öz yazısında diqqətə çatdırıb ki, yenə düyməyə basılıb: "Yenə "azad və tərəfsiz media" orqanı olan The Guardian (Böyük Britaniya) Azərbaycanı hədəfə alıb. Almağa da məcburdur. Çünki bu qəzet qlobal səviyyədə kampaniyaçı media orqanı kimi tanınır, qəbul edilir.... Çünki The Guardianın özünün də bəyan etdiyi kimi, ayaqda qala bilmək üçün pul lazımdır. Gəlin, qəzetin hər yazının altında yerləşdirdiyi çağırışa baxaq: "Guardian-ı indi daha artıq insan oxumaqdadır, ancaq bütün mediada reklam gəlirləri aşağı düşməkdədir. Lakin biz bir çox media qurumlarından fərqli olaraq ödəmə tələb etmirik – öz jurnalistikamızı mümkün qədər açıq tutmaq istəyirik. Yəni bizim nə üçün sizdən kömək istədiyimizi anlaya bilərsiniz. The Guardian-ın müstəqil, araşdırma jurnalistikası çoxlu vaxt, pul və ağır çalışma tələb edir ki, nəticə olsun."
Adamlar açıq şəkildə deyir ki, bizə pul lazımdır. Buyurun, pulunuzu verin, istədiyiniz kampaniyanı aparın. Yəni anlaşılan odur ki, The Guardian onun səhifələrini satın almaq istəyənlər üçün qapıları açıq tutur. Necə olmasa da reklam gəlirləri getdikcə azalır, alternativ qazanc mənbəyi tapmaq lazımdır. O mənbə də Azərbaycanı hədəfə götürən mərkəzlər – erməni lobbisi, inqilablarla ölkələri xaraba qoyan Corc Sorosun şəbəkəsi və əlbəttə ki, bunlardan hər fürsətdə istifadə edən qüvvələrdir.
The Guardianın kampaniyaçılıq damarının indi tutması da səbəbsiz deyil. Amma bizi o səbəblərdən daha çox bu kampaniyaçılığı faş etmək maraqlandırır…Bir sutka ərzində bir qəzet eyni mövzuda 7 ayrı yazı dərc edir və bütün yazılar eyni ölkəni tək tərəfli şəkildə hədəf alır. Yazılardan ikisinin həmmüəllifi erməni, birinin müəllifi isə Azərbaycan dövlətinə qarşı açıq savaş elan etmiş Xədicə İsmayıldır. Yəni balansdan, ədalətli media siyasətindən danışmaq üçün heç bir şans tanınmır bu yazılarda. Hətta tanınsaydı belə sual oluna bilərdi ki, bir Britaniya qəzetinin işi-gücümü qurtarıb bir sutka ərzində Azərbaycan kimi balaca bir ölkəyə 7 ayrı yazı həsr edir? Özü də yazılar ayrı olsa da mahiyyətləri demək olar ki, fərqli deyil. Açıq kampaniyaçılıqdır bu! Heç şübhəsiz ki, bu kampaniyaçılığın arxasında elə The Guardian-ın özünün də bulaşdığı çirkli pul yuma maşını dayanır. Yalnız bir fərqlə: o maşın The Guardian-ın iddia etdiyi kimi Azərbaycana deyil, ermənilərə və onların havadarlarına aiddir.
Bu yazılarda diqqətimi bir məqam da çəkir: Şotlandiya da hədəf alınır. Bu isə başqa bir kampaniyaçılıqdır. Bəllidir ki, bu ölkə Böyük Britaniya birliyinin tərkibində olan yeganə ölkədir ki, Avropa Birliyindən çıxmağa qarşıdır. Elə ona görə də Böyük Britaniyanın mərkəzi mediası davamlı olaraq Şotlandiyanı gözdən salır. Əgər Şotlandiya da Avropa Birliyindən çıxmağa səs vermiş olsaydı başına bu işlər yəqin ki, gəlməyəcəkdi…".