“Əsrin müqaviləsi”nin müddətinin uzadılması...” Siyasət

“Əsrin müqaviləsi”nin müddətinin uzadılması...”

Qabil Hüseynli: "Yaxın zamanda Xəzərin statusunun müəyyən edilməsində böyük rol oynaya bilər"


"Əsrin müqaviləsi"nin müddətinin uzadılması yaxın zamanda Xəzərin statusunun müəyyən edilməsində böyük rol oynaya bilər". Bu sözləri politoloq Qabil Hüseynli "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılmasının Azərbaycanın siyasi həyatındakı rolu barədə danışarkən deyib. Onun sözlərinə görə, bu müqavilə Azərbaycanın düşmənlərinə ağır siyasi zərbədir: "Əsrin müqaviləsi"nin müddətinin uzadılması Azərbaycanda neft erasının başa çatması haqqında düşmənlərimizin uydurmalarını alt-üst etdi. Yəni "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilə qədər uzadılması o deməkdir ki, Azərbaycan neft ehtiyyatları nəinki azalır, hətta getdikcə artmaqdadır. Çünki geoloji kəşfiyyat aparılıb və xeyli yeni neft yataqları aşkarlanıb.
"Əsrin müqaviləsi"nin müddətinin uzadılması onu göstərir ki, Azərbaycan hələ uzun müddət, bəlkədə 100 il neft–qaz ölkəsi olaraq qalacaq, Avropa və dünya bazarlarına neft və mavi qaz çıxarmağa davam edəcək. Bu da öz növbəsində həm Azərbaycanın büdcəsinə gələn gəlirləri artıracaq, həm də ölkəmizi beynəlxalq münasibətlər sahəsində söz sahibi edəcək. Bütün bunlar Azərbaycanın siyasi reytinqinin artmasına səbəb olacaq və beynəlxalq münasibətlərdə oynadığı rola dinamiklik verəcək. Neft müqavilələrinin müddətinin uzadılması həm Azərbaycanın özünə olan inamı, həm də xarici dövlətlərin, xüsusilə bizdən neft-qaz alan ölkələrin Azərbaycana olan inamının artması ilə qırılmaz surətdə bağlıdır. Bu layihə Azərbaycanın gələcəkdə dünya neft-qaz cəbhəsində aparıcı rol oynamasını təmin edəcək, eyni zamanda, daxili və xarici problemlərinin həll edilməsində əhəmiyyətli rol oynayacaq". Ekspert bildirib ki, müqavilənin yenilənməsi yaxın zamanda Xəzərin statusunun müəyyən edilməsi ilə müşahidə oluna bilər: "Azərbaycanda olan neft-qaz yataqlarından istifadə edilməsinin təxirə salınması Xəzərin statusunun müəyyən edilməməsi ilə qırılmaz surətdə bağlıdır. Bu yaxınlarada Astanada İslam Əməkdaşlıq Təşkilatının iclasında İran Prezidenti Həsən Ruhaninin Xəzərin statusunun müəyyən edilməsi üçün bütün imkanlar olduğunu deməsi onu göstərir ki, indiyə qədər tərəddüd edən ölkələr, yəni Türkmənistan və İran da Xəzərin statusu məsələsində razılığa gələ bilərlər. Yaxın zamanda Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı müqavilə imzalana bilər. Bu zaman Azərbaycanın payına düşən Xəzərdəki yeni neft-qaz yataqlarının aşkara çıxarılması işi sürətlənəcək. Məsələn, Lənkəran yaxınlığında böyük qaz yataqlarının olması Geoloji Kəşfiyyat İdarəsi tərəfindən təsdiqlənib. Eləcə də dövlət "Azəri", "Çıraq", "Günəşli" istiqamətində yeni neft yataqlarının qazılması işlərini davam etdirir".
Qeyd edək ki, ötən gün "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi ilə bağlı 1994-cü ildə imzalanmış müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb.