“BMT hər zaman Azərbaycan üçün çox mühüm platforma olub” Siyasət

“BMT hər zaman Azərbaycan üçün çox mühüm platforma olub”

Asim Mollazadə: "Azərbaycan Prezidentinin bu sessiyaya qatılması çox önəmlidir"


Fikrət Sadıqov: "Səfər ölkələr arasında bir sıra sahələrlə bağlı münasibətlərə də öz töhfəsini verəcək"

Qabil Hüseynli: "Azərbaycan prezidentinin ABŞ rəsmilərilə neft və qaz layihələri ilə bağlı görüş keçirməsi mümkündür"



Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfər ediblər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirakını çox mühüm hesab edir: "Çünki, BMT hər zaman Azərbaycan üçün çox mühüm platforma olub, təşkilatın Təhlükəsizlik Şurası ölkəmizə qarşı olan təcavüz və ərazilərin işğalı ilə bağlı müvafiq qətnamələr qəbul edib". BMT-də Azərbaycanın mövqeyinin çox böyük dəstək qazandığını deyən deputat bildirib ki, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı qazandığı dəstək buna əyani sübutdur. Azərbaycan-ABŞ arasında tərəfdaşlıq münasibətlərinin olduğunu dilə gətirən A. Mollazadə qeyd edib ki, iki ölkənin bir neçə sahədə ciddi əməkdaşlığı mövcüddur: "Çox güman ki, Azərbaycan prezidenti bu səfər zamanı həm ABŞ, həm də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək liderlər ilə görüşlər keçirəcək. Bu görüşlərin hər biri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, sözügedən sessiya dünya ölkələri üçün böyük platformadır. Bunun vasitəsilə bütün ölkələr ən azı öz mövqelərini bildirir, problemləri ilə dünyanı tanış etmək imkanı qazanırlar. Bu baxımdan Azərbaycan Prezidentinin bu sessiyaya qatılması çox önəmlidir".
Politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan prezidenti ABŞ-a rəsmi səfər deyil, BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün getsə də, dövlət başçısı Assambleya çərçivəsində ABŞ-ın bir sıra aparıcı rəsmiləri ilə görüşlər keçirəcək ki, bu da iki ölkə arasında əlaqələrin daha da canlanmasına imkan verəcək. Onun sözlərinə görə, Azərbaycan prezidenti sessiya çərçivəsində həm dövlət başçıları, həm görkəmli ictimai siyasi xadimlər, həm də biznes sahələrinin nümayəndələri ilə görüşlər keçirəcək: "Azərbaycan prezidenti İlham Əliyev həmçinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı hər zaman olduğu kimi ölkəmizin mövqeyini bildirəcək, bir sıra mühüm məsələlərə toxunacaq. Dövlət başçısı sessiyada çıxışı zamanı ola bilsin BMT-nin islahatlara məruz qalma məsələsini də yenidən qaldıracaq. Çünki bu, uzun müddətdir müzakirə olunan problemdir". ABŞ-da administrasiya dəyişikliyindən sonra Azərbaycan-ABŞ münasibətlərində canlanmanın müşahidə olunduğunu deyən F.Sadıqov qeyd edib ki, bu səfər ölkələr arasında bir sıra sahələrlə bağlı münasibətlərə də öz töhfəsini verəcək. Sessiya çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının planlaşdırılan görüşünə gəlincə, politoloq bildirib ki, əgər görüş zamanı hər hansı yeni ideya və təklif irəli sürülsə o zaman görüşdən müsbət nəsə gözləmək olar: "Bilirsiniz ki, bir müddət bundan öncə ABŞ-ın müvəqqəti həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın maraqlarına cavab verən ideya və təkliflər irəli sürmüşdü. Əgər həmin ideya yenidən gündəmə gəlsə, təbii ki, o zaman görüş haqqında müsbət fikir söyləmək olar. Ən əsası isə Ermənistana müəyyən təzyiqlərin göstərilməsidir. Çünki, görünür düşmən ölkə indiyədək beynəlxalq hüquq normalarının nə demək olduğunu başa düşmür və belə bir fikri də yoxdur. Bunu Ermənistana əlbəttə ki aparıcı dövlətlər, ilk növbədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri başa salmalı, müəyyən təzyiqlər etməlidirlər".
Politoloq Qabil Hüseynli isə "hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda Avropa dövlətlərinin liderləri ilə görüşlər keçirəcək", - deyə vurğulayıb. O qeyd edib ki, prezident "Əsrin kontraktı"nın müddətinin uzadılması ilə bağlı bir sıra iqtisadi xarakterli görüşlər keçirə bilər: "Bu kontekstdə TANAP layihəsi və türkmən qazının TANAP layihəsinə qoşulması da müzakirə mövzusu ola bilər".
Q.Hüseynli vurğulayıb ki, həmçinin Azərbaycan prezidentinin ABŞ rəsmiləri ilə neft və qaz layihələri ilə bağlı görüş keçirməsi mümkündür.
Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı keçiriləcək görüşlər mühüm əhəmiyyət kəsb edir: "Münaqişə ilə bağlı həm Azərbaycan və Ermənistan prezidentləri, həm də XİN rəhbərlərinin görüşünün baş tutması ehtimal edilir. Lakin bu görüşlərlə bağlı hələ ki, heç bir məlumat verilməyib".

Əli