“Ermənistanın Suriyaya qoşun göndərməsi onun İrana qarşı çıxmasıdır” Siyasət

“Ermənistanın Suriyaya qoşun göndərməsi onun İrana qarşı çıxmasıdır”

Mübariz Əhmədoğlu: "Ermənistan digər tərəfdən də ABŞ-ın mövqeyi ilə üzləşib"

"Geosiyasi vəziyyət nə qədər çətin olsa da, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğuru var". Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan etiraf etdi ki, heç bir şərt qoymadan bəzi ərazilər Azərbaycana verilməlidir. Politoloq deyib ki, ümumilikdə 7 rayon qaytarılmalıdır, ilk növbədə isə 5 rayon Azərbaycana geri qaytarılmalıdır. Politoloqun fikrincə, Ağdam və Füzuli kimi yarı işğalda olan rayonların qaytarılması belə ermənilərə ciddi psixoloji təsir edə bilər. M. Əhmədoğlu vurğulayıb ki, Nalbandyanın bu etirafı çox vacibdir. Bəs onu buna nə vadar edir?: "Hazırda 3 dövlətin Dağlıq Qarabağla bağlı mövqeyi Ermənistanın əleyhinədir. Ən gözlənilməz mövqe İrandan gəldi. İran ikihakimiyyətli dövlətdir. Orada dindarlar Azərbaycanın əleyhinə fikirlər səsləndirir. Lakin Ruhani hökuməti Ermənistanın boğazına kəmənd atıb çəkir". Politoloq bildirib ki, İran hökuməti nəqliyyat sektorunda Ermənistanı təcrid edir: "Ümid edirəm ki, İranın daxilindəki dindarlar Ruhaninin bu addımlarını poza bilməyəcək". Politoloq qeyd edib ki, digər tərəfdən Rusiya ATƏT-in Minsk qrupunun sabiq həmsədri Hoqlandın çıxışından sonra Dağlıq Qarabağ məsələsində Ermənistana əks siyasət aparmağa başladı: "Hesab edirəm ki, Rusiya Ermənistanın qarşısında çətin seçim qoyub. Mənim fikrimcə, Rusiya Ermənistana təklif edib ki, ya Türkiyəyə qarşı müharibə apar, ya da qoşunlarını Suriyaya göndər".
Politoloqun fikrincə, Ermənistanın Suriyaya qoşun göndərməsi onun İrana qarşı çıxmasıdır. M. Əhmədoğlu əlavə edib ki, Ermənistan digər tərəfdən də ABŞ-ın mövqeyi ilə üzləşib. ABŞ Ermənistana investisiyanı dayandırıb.
Politoloq həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfərindən də danışıb: "Azərbaycan Prezidenti İlham Əliyev daha çox Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün BMT Baş Assambleyasının sessiyasına qatılıb. Həmçinin Azərbaycan irimiqyaslı hərbi təlimlər başlayıb. ABŞ-dan lazımi sözlər alınmasa Azərbaycan Prezidenti münaqişənin həlli ilə bağlı addımlar ata bilər və buna haqqı da var. O qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə münaqişənin həllinin nəzəri konsepsiyası hazırlanıb. Bu iki tezisdən ibarətdir: "Dağlıq Qarabağ Azərbaycandan ayrıla bilməz. Ərazi bütövlüyü prinsipi prioritetdir. Bunun açıqlaması odur ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tezliklə Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özü isə nisbətən uzun müddətdən sonra geri qaytarılmalıdır". Politoloq əlavə edib ki, nəzəri hissə hazırdır, münaqişənin praktiki mərhələsinə keçmək lazımdır: "Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın bəzi ərazilərin Azərbaycana qaytarılmalı olduğu barədə etirafı da məsələnin praktiki həllinin yaxınlaşması deməkdir. Əgər praktiki mərhələ başlamasa Azərbaycan ordusu əməliyyata başlayacaq".