İstanbulda QDİƏT-in iclası keçirilir Siyasət

İstanbulda QDİƏT-in iclası keçirilir

Sentyabrın 20-dən Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş ofisində bu təşkilatın iclası keçirilir.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, iclasda DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev iştirak edir. Sentyabrın 20-də QDİƏT gömrük məsələləri üzrə işçi qrupunun iclası olub.
İclasda gömrük proseduralarının sadələşdirilməsi və harmonizasiyası, malların və nəqliyyat vasitələrinin buraxılışının ölçülməsi layihəsi və onun metodologiyası üzrə təcrübə mübadiləsinin aparılması, QDİƏT üzv ölkələrinin gömrük sahəsində əməkdaşlığının genişləndirilməsi, elektron ticarət məkanında gömrük əməliyyatlarının daha da inkişaf etdirilməsi və yenidən baxılması və QDİƏT ilə Ümumdünya Gömrük Təşkilatının əməkdaşlığı barədə məsələlər müzakirə edilib. İşçi qrupu sonda bu məsələlərlə bağlı müvafiq sənəd hazırlayıb.
Həmçinin, iclasda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndəsi tranzit beynəlxalq yükdaşımalarında və logistika məsələlərində elektron sistemin, yəni e-TİR layihəsinin tətbiqinin problemləri, həlləri və perspektivləri haqqında təqdimatla çıxış edib. Azərbaycan gömrük xidmətinin də bu layihəyə qoşulması barədə məlumat verilib.
Sentyabrın 21-də isə QDİƏT ilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkil etdiyi ticarətin asanlanşdırılması və "bir pəncərə" sistemlərinin qarşılıqlı fəaliyyəti mövzusunda seminar keçirilib.
Seminarda UNECE eksperti ÜGT-nin ticarətin asanlaşdırılması müqaviləsində "bir pəncərə" sisteminin beynəlxalq standartları, Türkiyə Gömrük Xidmətinin nümayəndəsi "bir pəncərə" üzrə görülmüş işlər və təcrübələr, UNECE-nin beynəlxalq məsələlər üzrə məsul əməkdaşı "bir pəncərə" prinsipinin qarşılıqlı tanınması və inteqrasiyası üzrə beynəlxalq standartlar, ÜGT-nin eksperti ÜGT standartları və "bir pəncərə" sistemində məlumatlar mübadiləsinin həyata keçirilməsi, Ukrayna təmsilçisi Odessa şəhərinin dəniz limanında fəaliyyət göstərən "bir pəncərə" sistemi haqqında və Moldova gömrük xidmətinin nümayəndəsi "bir pəncərə" prinsipinin problemləri və qarşılıqlı əlaqələndirilməsi üzrə görülən işlərdən bəhs ediblər.
Öz növbəsində, Azərbaycan Gömrük Xidmətinin təmsilçisi Azərbaycanda "bir pəncərə" prinsipinin tətbiqi və gələcək layihələr mövzusunda təqdimatla çıxış edib. Azərbaycan gömrüyündə həyata keçirilən innovasiya layihələri, gömrük xidmətinin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlar və digər qanunvericilik aktları və "bir pəncərə" üzrə qarşılıqlı məlumat mübadiləsinin təşkili barədə ətraflı məlumat verilib.