“İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“ Siyasət

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir“

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dünən İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Səfir ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu bildirərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xüsusi qeyd edib.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, ölkələrimizin Silahlı Qüvvələri arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.