Oqtay Əsədov AŞ baş katibilə görüşüb Siyasət

Oqtay Əsədov AŞ baş katibilə görüşüb

"Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək"
Dünən Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Gbrüşdə spiker Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini bildirib.
Bu ilin mayından Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay müddətinə ilk dəfə sədrlik etməsinə diqqəti çəkən sədr bunun ikitərəfli əlaqələrin inkişafına töhfəsini verəcəyini deyib.
Parlamentin sədri qeyd edib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik edib və ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi var. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də yüksək səviyyədə həyata keçirməyə çalışacaq.
O.Əsədov Azərbaycanın beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası olduğunu və bu sahədə Avropa Şurasının da daim ölkəmizə dəstək verdiyini qeyd edib.
Torbörn Yaqland ölkəmizə səfərinin onda xoş təəssürat doğurduğunu bildirib. O, Azərbaycanda çox sürətli inkişafın şahidi olduqlarını məmnunluqla vurğulamışdır. Səfər çərçivəsində müxtəlif görüşlər keçirdiklərini deyən qonaq, xüsusilə "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirib. Torbörn Yaqland vurğulayıb ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən "ASAN xidmət" nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.
Azərbaycanın bölgələrinə səfər etdiyini qeyd edən qonaq ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq və həmrəylik şəraitində yaşamasını yüksək qiymətləndirib.
Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını vurğulayıb.