“Rusiya Ermənistanı müharibəyə sürükləyir” Siyasət

“Rusiya Ermənistanı müharibəyə sürükləyir”

Sentyabrın 14-də müxalif "Yelk" (Çıxış) fraksiyası Parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə təşəbbüs irəli sürüb.
"Yelk" partiyasından olan deputat Edmon Marukyan bəyan edib ki, "Bütün Ermənistan bizim AİB-dən çıxmaq barədə layihəmizi aktiv şəkildə müzakirə edir".
Yeri gəlmişkən, həm Rusiya, həm də Ermənistandan olan ekspertlər ölkənin AİB-dən çıxması imkanına skeptik yanaşırlar. Çünki Rusiyanın Ermənistana təzyiq etmək üçün xeyli rıçaqları var və rəsmi Moskva sadəcə bunun baş verməsinə imkan verməyəcək.
AzVision-un əməkdaşı erməni kinorejissor, ictimai-siyasi xadim, "Ermənistanın Avropaseçimi" ictimai təşəbbüsünün həmsədri Tiqran Xzamyandan Ermənistanın AİB-dən çıxma şanslarını dəyərləndirməsini istəyib.
"Bu məsələ demək olar ki, bütün postsovet məkanı üçün universaldır və məhz bu sual Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, həmçinin Rusiyanın özündə siyasi vəziyyəti müəyyənləşdirir.
Rusiya özü aktiv şəkildə bizim işlərimizə qarışır və bizi bütün dünya ilə müharibəyə və keçmişə sürükləyir. Ermənistan məhz belə bir təzyiqlə 3 sentyabr 2013-cü ildə üzləşdi. Belə ki, məhz həmin vaxt Moskva ultimatum formasında İrəvanda Avropa İttifaqı (Aİ) ilə assosiasiya prosesini dayandırmağı və bunun əvəzində xəyali Gömrük İttifaqına üzv olmağı tələb etdi. Hamımızın xatırladığı kimi belə bir tələb rəsmi Kiyevə qarşı da irəli sürüldü və bu Avromaydan, Yanukoviçin devrilməsi, Krım və Donbasın Rusiya tərəfindən işğalı ilə nəticələndi. Şübhəsiz əgər rəsmi İrəvan Rusiyanın ultimatumu ilə razılaşmasaydı, onda Qarabağda yeni müharibə başlayacaqdı. Hər şey klassik Çörçill formulu kimi oldu: Əgər müharibə və şərəfsizlik arasında sonuncusunu seçsəniz, onda şübhəsiz hər ikisini əldə edəcəksiniz. Ermənistan məhz 2016-cı ilin aprelində ikincisini aldı və bu, bardağı daşıran son damla oldu. Həmin vaxtdan etibarən Ermənistanın Rusiya "birlik"lərindən çıxması gündəmdə əsas məsələlərdən oldu.
Təbii ki, Ermənistanda ölkənin iqtisadiyyatı, energetika, rabitə və nəqliyyat sahələrini ələ keçirən Rusiyanın xüsusi xidmət orqanları və biznesləri ilə əlaqələri olan feodallar bunun əleyhinədir.
Lakin xüsusilə də gənclər olmaqla, cəmiyyətin böyük əksəriyyəti Ermənistanın AİB-dən çıxmasının tərəfdarıdır. Ermənistan hərbçiləri yaxşı bilirlər ki, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir və Moskva ilə "tərəfdaşlıq" əlaqələrinə inanmır.
Ermənistan Avropa və ABŞ-da böyük diasporu olan bir ölkədir. Ona görə də Qərb əleyhinə olan primitiv Rusiya təbliği yazıq və fağır görünür. Qazanc dalınca Rusiyaya gedən ermənilər ya geri qayıdır ya da qayıtmaq barədə düşünürlər. Ermənistanda heç kim Rusiyanın 1920-ci ildə ilk Ermənistan Respublikasını işğal etməsini unutmayıb.