Qanunvericilik sahəsində inqilabi dəyişiklik Siyasət

Qanunvericilik sahəsində inqilabi dəyişiklik

Azay Quliyev: "Həbsxana həyatı insanların taleyini alt-üst edir, onları normal cəmiyyətdən təcrid edir"

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci (azadlığın məhdudlaşdırılması) maddəsi ağır yox, əsasən az ağır və yüngül iqtisadi cinayətlər törətmiş şəxslərə şamil olunacaq. Bu fikri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.
Prezident İlham Əliyevin təqdim etdiyi AR Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin əlavə olunmasını şərh edən Azay Quliyev bildirib ki, söhbət cəzaların liberallaşdırılmasından gedir. Deputatın fikrincə, bu alternativ cəza növü böyük ictimai təhlükə yaratmayan cinayətlərin törədilməsi zamanı, ittiham olunan şəxsin həbsinə mütləq zərurət olmayacağı təqdirdə tətbiq ediləcək.
Onun sözlərinə görə, cəzanın liberallaşdırılması siyasəti istintaqın gedişində və məhkəmə hökmünün icrası prosesində təqsirləndirilən şəxsin həbsxana şəraitində olmamasını ehtiva edir: "Burada iki vacib məqam var. Əgər şəxs istintaq orqanları ilə əməkdaşlıq edirsə və onun azadlıqda gəzməsi istintaqın gedişinə mane olmursa, bu şəxs müəyyən şərtlər daxilində azadlıqdan məhrum edilmədən də istintaq hərəkətlərinə cəlb edilə bilər. Məhkəmənin hökmünün icrası zamanı məhkum alternativ cəza növü ilə cəzalandırılır. Belə olan təqdirdə xarici ölkələrin təcrübəsindən çıxış edərək elektron bilərziklərdən istifadə edilir. Yəni bu adamın harada olduğunu təsbit etmək üçün, həm istintaqın gedişində, həm də sonrakı dövrdə nəzarətdən kənar qalmaması üçün elektron bilərziklərin taxılması məsələsi var. Bu da məhkumların fiziki əzablara məruz qalmaması, eyni zamanda hüquq-mühafizə orqanlarının nəzarəti altında qalması üçün nəzərdə tutulur".
Azay Quliyev bunu Azərbaycanın qanunvericilik sahəsində inqilabi dəyişiklik adlandırıb. Onun sözlərinə görə, bu həll yolu həm cəza sisteminin yüngülləşdirilməsi baxımından, həm də cinayətkarlığın qarşısını almaq üçün effektivdir: "Çünki həbsxana həyatı insanların taleyini alt-üst edir, onları normal cəmiyyətdən təcrid edir. Cəza verildikdən sonra insanlar daha çox neqativ istiqamətə yönəlirlər, nəinki qanuna tabe olan vətəndaşa çevrilirlər. Və bu, cəmiyyət üçün yeni problemlər yaradır. Bu sistem vətəndaşları normal həyatdan təcrid etməmək üçün həyata keçiriləcək".
Azay Quliyev hesab edir ki, prezident tərəfindən qanunvericiliyə təqdim olunmuş bu maddə, hətta cinayət törətmiş, qanunu pozmuş vətəndaşa qarşı humanist bir addımdır və biz bunun müsbət nəticələrini görəcəyik: "Hələlik söhbətin hansı iqtisadi cinayətlərdən getdiyi məlum deyil. Yaxın günlərdə qanunun mexanizmləri üzərində iş başa çatacaq. Payız sessiyasında qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək".