Ramiz Mehdiyev: “Ukrayna hadisələri hər bir suveren dövlət üçün dərs olmalıdır” Siyasət

Ramiz Mehdiyev: “Ukrayna hadisələri hər bir suveren dövlət üçün dərs olmalıdır”

"Qərbin Ukraynada maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının və milliyyətçi qüvvələrin fəaliyyətinin hansı faciəyə gətirib çıxardığı hər kəsə məlumdur"

"Morninqstar haqlıdır, Ukrayna hadisələri hər bir suveren dövlət üçün dərs olmalıdır".
APA-nın xəbərinə görə, bunu "Azərtac" Dövlət Agentliyinə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
R. Mehdiyev bildirib ki, baş verənlər Azərbaycanın inkişaf yolunun doğruluğunu sübut edir: " Demokratiya çox uzunmüddətli və yetərincə mürəkkəb prosesdir. Demokratiyaya can atmaq lazımdır, lakin bu, səliqəli və detallı şəkildə düşünülmüş olmalıdır. Avantüra və emosional can atma, xaricdən qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitlik və inkişafın bərqərar olmasına kömək etməyək. Bu dərsləri artıq neçə illərdir mənimsəyirik. Qərbin Maydandakı faciəvi proseslərdə fəal iştirakı göz qabağındadır. Qərb nümayəndələri destruktiv qüvvələri qanunsuz əməllərə açıq təhrik edirdilər, Kiyevdə qanuni hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak edirdilər, nümayişçiləri dəstəkləyirdilər, Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviçə qarşı sanksiyalarla hədələyirdilər. Bütün bu addımları suveren dövlətin daxili işlərinə bilavasitə kobud müdaxilə kimi xarakterizə etmək olar. ABŞ və Avropa Birliyi prezident Yanukoviçin devrilməsi və hakimiyyətə onların maraqlarına cavab verən qüvvələrin gəlməsi üçün səylər göstərdiklərini gizlətməyiblər. Və onlar buna 1990-cı illərin əvvəllərindən hazırlaşırdılar. Təsadüfi deyil ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi V. Nuland bəyan edirdi ki, ABŞ hökuməti 1991-ci ildən Ukraynada demokratik proseslərə 5 milyard dollar xərcləyib. Lakin təcrübə göstərir ki, əksər hallarda belə pullar dağıdıcı qüvvələrin formalaşmasına xərclənir. Qərbin Ukraynada maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının və milliyyətçi qüvvələrin fəaliyyətinin hansı faciəyə gətirib çıxardığı hər kəsə məlumdur".
R. Mehdiyev deyib ki, müxtəlif vaxtlarda Azərbaycan hakimiyyətinə də müəyyən qüvvələr tərəfindən oxşar ssenariləri ölkəmizdə reallaşdırmaq cəhdləri barədə məlumat daxil olub: "Ekspert və analitiklərin fikrincə, 2013-cü ilin yazında "Facebook inqilabı"na 3 milyon dollardan çox pul xərclənib. Bu "inqilab" altında nəyin gizləndiyini anlamamaq üçün siyasi cəhətdən savadsız olmaq lazımdır. Bütün ərəb dünyası gözümüzün qabağındadır.
Bu və ya digər ölkədə demokratik institutların bərqərar olmasına yardım göstərmək yaxşı işdir. Ancaq "təsir agentləri" yaxud da "beşinci kolon" xarici dövlətlərin xüsusi xidmət orqanlarının qoyduğu vəzifələri yerinə yetirərkən yox, yalnız bu niyyətlər vətəndaş cəmiyyətinin maraqlarına xidmət edəndə".
PA rəhbəri qeyd edib ki, Maydan hadisələri ölkələrin daxili işlərinə qarışmağın və onları qonşuları ilə münaqişəyə sürükləməyin hansı faciəvi nəticələrə gətirib çıxardığını göstərdi: "Təbii inkişaf dinamikasını pozmaq və demokratiyanı zorakı vasitələrlə bərqərar etmək olmaz. Güc yol ilə demokratik tranzit strategiyasının demokratik institutların inkişafına gətirib çıxarmayacağını, əksinə daha çox gözlənilməz nəticəsi olan yeni münaqişələrə səbəb olacağını dərk etmək vacibdir. Bu cür təcrübə həmişə təşəbbüskarlar üçün qanlı olur. Bu gün Ukrayna dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzədir, lakin Qərb tərəfindən münaqişənin nizamlanması üçün praktiki addımlar müşahidə olunmur. Ukraynanın siyasi və kriminal qruplarını demokratik inqilaba çağıranlar və buna xeyli vəsait ayıranlar hardadır?"
R. Mehdiyev bildirib ki, Qərb "göz qoyduğu" ölkələrdə mövcud hakimiyyətdən necə xilas olmaq, Qərbi qane etməyən hakimiyyəti hansı yollarla devirmək və inqilab etməklə bağlı öz əlaltılarına aktiv təlimatlar verir: "Lakin "beşinci kolon" işə düşən kimi, dərhal özünün təbliğat arsenalını nəzarət etdiyi dağıdıcı qrupların dəstəklənməsi üçün səfərbər edir".
PA rəhbəri səfiri Azərbaycanla bağlı narahat olmamağa çağırıb: "Biz çoxdandır özümüz üçün lazımi nəticələri çıxarmışıq, özü də heç də ən pis olmayanları. Daha doğrusu, biz özümüz üçün bu nəticələri hələ 2003 və 2005-ci illərdə çıxarmışıq. Tarix təkrarlanır və biz bu qanunauyğunluğu növbəti dəfə bugünkü dəhşətdən hələ uzun müddət özünə gəlməyəcək Ukraynanın timsalında müşahidə edirik".