İlham Əliyev daha bir Dövlət Proqramını təsdiq edib Siyasət

İlham Əliyev daha bir Dövlət Proqramını təsdiq edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, bu sərəncamla təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunub.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bundan başqa dövlət başçısı "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat"da dəyişikliklər edilməsi haqqında fərman verib.
İndiyə qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları xüsusi Əsasnamə ilə müəyyən olunub.
Dəyişikliyə əsasən bundan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası"na uyğun olaraq həyata keçiriləcək.
Administrasiyanın struktur bölməsinin işçisi kompüterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompüteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompüterlə birləşdirən xətti kompüterdən ayırmalıdır.
Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə məsuliyyət daşıyacaq.