“ Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək“ Siyasət

“ Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək“

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".
Mariya Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. Rusiya-Azərbaycan əməkdaşlığının əsasında təkcə çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənəsi dayanmır, regional və büynəlxalq gündəmdə olan məsələlərlə bağlı mövqelərin üst-üstə düşməsi və ya yaxınlığı da dayanır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Dövlət başçılarımız arasında müntəzəm olaraq dostluq əlaqələrinin olması ikitərəfli münasibətlərin yüksək inkişafının dinamikasını müəyyən edir, hər hansı məsələnin operativ həllinə imkan verir. Digər səviyyələrdə də, o cümlədən parlamentlərarası səviyyədə intensiv təmaslar dəstəklənir. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində, humanitar və mədəni sahədə əlaqələr inkişaf edir".
Mariya Zaxarova Rusiyanın digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına, tərəflər üçün məqbul sayılan həll yolunun tapılmasına yardım etməyə davam etdiyini vurğulayıb.
XİN sözçüsü nazir Sergey Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib.
Mariya Zaxarova Metyu Brayzanın ATƏT-in Minsk qrupu formatının dəyişə biləcəyi barədə fikirlərinə münasibət bildirib. O deyib ki, əgər ATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir.
O əlavə edib ki, məsələyə praktik deyil, nəzəri baxımdan yanaşır: "Çünki bu sual ABŞ tərəfinə ünvanlanmalıdır. Burada məntiqi olmayan heç nə yoxdur. Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq. Dağlıq Qarabağ məsələsi bizim üçün beynəlxalq gündəlikdə olan prioritet məsələlərdən biridir. Söhbət tək qonşularımızdan getmir, bizi bu xalqlarla həyat, tale bağlayır. Biz yüz illərlə bu xalqlarla eyni taleyi bölüşmüşük. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi bizim üçün prioritetdir".