Yeni “SSRİ”-də Azərbaycanın yeri varmı? Siyasət

Yeni “SSRİ”-də Azərbaycanın yeri varmı?

Artıq belə rəsmi Bakıya qeyri-rəsmi şəkildə bir təklifin olduğu deyilir

Cavid

Srağagün Astanada yeni "SSRİ"-nin yaradıldığı rəsmən elan olundu. Aydın məsələdir ki, Avrasiya Birliyi adı altında rəsmi Moskvanın əsas niyyəti Sovetlər Birliyini bərpa etməkdir. Putin Azərbaycanı da bu qurumda görmək istəyir.
Elə ötən gün Rusiya Federasiyasının Beynəlxalq Əməkdaşlıq və İctimai Diplomatiya Komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Respublika Gününə həsr olunmuş "Yeni Azərbaycan: nailiyyətlər, çağırışlar, perspektivlər" adlı dəyirmi masada çıxış edərkən deyib ki, Minsk qrupunu fəallaşdırmaq üçün formatda dəyişikliklər olunmalıdır: "Rusiya həm Azərbaycan, həm də Ermənistanla mehriban qonşuluq və dostluq münasibətlərindədir. Düzdür, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Avrasiya İttifaqına daxil olmağı planlaşdırır. Düşünürəm ki, gələcəkdə Azərbaycanın da Türkiyə ilə birlikdə Avrasiya İttifaqına girməsi maraqlı olardı".
Bəs ekspertlər bu barədə nə düşünürlər. Politoloq Zərdüşt Əlizadə isə deyib ki, Rusiya, Belarus və Qazaxıstanın rəhbərliyi, onların hakim zümrələri real iqtisadi inkişafda maraqlı deyillər. Zərdüşt Əlizadə bildirib ki, Avrasiya İqtisadi İttifaqını yaradan Rusiya, Belarus və Qazaxıstan həqiqi iqtisadi inkişafa və inteqrasiyaya meylli olsaydı, Azərbaycanın da bu ittifaqa üzv olmasının xeyri olardı. Politoloq Vasif Əfəndi isə bildirib ki, bu ittifaq "ölü doğulmuş uşağa" bənzəyir: "Öncə onu qeyd edim ki, keçmiş sovet məkanında yaradılan hər hansı ittifaq Ukrayna olmadan ciddi qurum kimi qəbul olunmayacaq. Ukraynanın isə bu ittifaqa qoşulması mümkünsüzdür. Ermənistanın da ittifaqa üzv olacağı təqdirdə onun Azərbaycan sərhədlərini tanıması şərt kimi qoyulur. Onsuz da Putin istəsə belə Ermənistanı Qarabağla birlikdə İttifaq üzv edə bilməz. Əvvəla buna beynəlxalq normalar icazə vermir. Azərbaycan ərazisi Dağlıq Qarabağ daxil olmaqla BMT tərəfindən tanınıb və Ermənistan rəsmi olaraq bu prinsipləri qəbul edib. O səbəbdən də Ermənistan indiyə qədər qondarma Qarabağ respublikasının müstəqilliyini rəsmən tanımayıb. Bu gedişlə Putinin Azərbaycanı Avrasiya ittifaqına cəlb etmək istəyi alınmayacaq. Azərbaycan tərəfi daha çox Avropa Birliyinə inteqrasiya haqqında düşünməlidir. Bu yaxınlarda Azərbaycan rəsmiləri avrointeqrasiya layihəsindən daha geniş əməkdaşlıq şərtləri daxilində birliyin yaranması bəyanatını vermişlər. Azərbaycan və Ukrayna və Gürcüstanın nəzəri cəhətdən bu İttifaqa qoşulması mümkündür. Lakin ilk növbədə Rusiya işğal olunmuş Qarabağ, Krım, Abxaziya və Osetiyadan geri çəkilməlidir. Yalnız Rusiyanın bu torpaqları qaytarmasından sonra əməkdaşlıq məsələlərinə başlamaq olar".
İqtisadçı Vahid Əhmədovun fikrincə isə Azərbaycana güc nümayiş etdirmək, ölkəmizi sıxışdırmaqla onu Gömrük İttifaqına və Avrasiya İttifaqına qəbul etdirmək istəyirlər: "Amma bu, Azərbaycan üçün qəbul olunan yol deyil. Azərbaycan müstəqil dövlət kimi yoluna davam etməlidir. Bizi beynəlxalq aləmdə müdafiə edən əsas dövlət Türkiyədir. Türkiyə ilə iqtisadi, siyasi əməkdaşlığımız nə qədər yüksək olarsa, bu, bir o qədər də yaxşı olar. Məncə, Azərbaycanın dövlət qurumları, ölkə hakimiyyəti də bunu başa düşür ki, əgər Azərbaycan öz müstəqilliyini əbədi etmək istəyirsə, bunun üçün Avropaya inteqrasiya prinsipinə üstünlük verməlidir. O cümlədən viza rejiminin sadələşdirilməsi, müəyyən əngəllərin aradan qaldırılması ilə əlaqədar razılığın əldə olunması müsbət cəhətdir. Düzdür, Rusiya bizim strateji müttəfiqimizdir, qonşu dövlətdir, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir, bu ölkə ilə 2 milyarddan yuxarı ticarət dövriyyəsi var. Amma Rusiya da bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Bölgədə də azdan-çoxdan, digər dövlətlərə nisbətən iqtisadi imkanları geniş olan dövlətdir. Ona görə də əsas mövqeni dövlət başçısı bildirib".
Politoloq Razi Nurullayevin fikrincə isə Putinin müəyyən birliklər yaratması və sonrakı dövrdə bu birliklərin "Avrasiya İttifaqı" kimi inteqrasiya edilməsi 1-ci Pyotrdan başlanan və inkişaf edən Rusiya imperiyasının yeni formada təzahürüdür. XXİ-ci əsrdə zor və güc diplomatiyasi işləmədiyindən, mədəni, iqtisadi və sülh diplomatiyası xalqları bir yerdə saxlamaq gücündədir: "Tələsmək olmaz. Hazırda, Avropaya inteqrasiya haqqında düşünməli və Putinin təklif etdiyi birliklə isə Avropa Birliyi dövlətlərinin çərçivəsində əməkdaşlıq etməlidir. Xüsusən, Türkiyə Putinlə anlaşaraq, Avropa Birliyi ilə ciddi manevrlər edə bilər. Türkiyənin belə addım atmasını gözləyirəm və bu, AB üçün ciddi imtahana çevriləcək. Digər tərəfdən, regionda liderlik üçün siyasi müstəvidə Türkiyə ilə Rusiya arasında ciddi rəqabət baş verəcəkdir".
R.Nurullayev daha sonra qeyd edib ki, "Putin ideyalarını tam olaraq həyata keçirə bilməyəcək. Çünki, digər dövlətlər Putinin simasında II Pyotru görməkdədirlər. Vaxtilə Pyotr İstanbulu Rusiya imperiyasının paytaxtı kimi görürdü. Putin isə Vahid İqtisadi Məkanın Lissabondan başlayaraq Vladivostokda qurtarmasını istəyir. O istəyir ki, 400 milyonluq Avropa İttifaqı 200 milyonluq Avrasiya İttifaqı ilə inteqrasiya etsin. Avropa İttifaqı 40 ilə formalaşıb, Putin isə Avrasiya İttifaqını 5-10 ilə formalaşdırmaq istəyir. Putin Avrasiya İttifaqının yaranmasına müəyyən qədər nail ola biləcək və bu sürətlə baş verərsə, Avropa İttifaqı istər-istəməz Rusiya ilə hesablaşmalı olacaq".