“Dağlıq Qarabağ erməni separatçılığına dəstək İranda bumeranqa çevrilə bilər” Siyasət

“Dağlıq Qarabağ erməni separatçılığına dəstək İranda bumeranqa çevrilə bilər”

Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində işləyən iranlılara haqq qazandırmaq cəhdidir"

"İranda erməni işğalçılığına dəstəyi göstərən bəzi yeni faktlar üzə çıxıb". Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İranın populyar "Şərq" qəzeti özünü separatçı rejimin Dağlıq Qarabağın "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyandan orijinal formada müsahibə götürməyi və yayımlamağı belə faktlardan birincisidir: "Masis Mailyan ekspert kimi Avropa və Rusiyada kifayət qədər fəaliyyət göstərib. Onun İran ekspertləri ilə təması barədə bizə ciddi bir şey bəlli deyil. Mailyan Avropa və Rusiya mətbuatına müsahibə verməkdə maraqlı olardı. Bu prizmadan onun İran mətbuatına müsahibə verməsinə təşəbbüs göstərməsini çox az ehtimallı hesab edirik. İran qəzeti Masis Mailyanı tapıb, ondan müsahibə üçün xahiş edib. Mayilyanın müsahibədəki yalanla sərbəst davranışı onun həm müsahibinə, həm mətbu orqanına, eləcə də İran ictimaiyyətinə münasibətinin göstəricisidir. İran ictimaiyyətinə daha böyük hörmətsizliyi müsahibənin müəllifi, ekspert, İİR vətəndaşı Salar Seyfəddini edir. O, Dağlıq Qarabağ münaqişəsinin ilkin tarixinin az bəlli olan hissəsini açıqlayır. Amma burada o İran ictimaiyyətini aldadır. Dağlıq Qarabağ münaqişəsi barədə 1987-ci ildən ABŞ Dövlət Departamentinin SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi məktublar, ABŞ konqresinin Dağlıq Qarabağ münaqişəsi barədə 1989-cu ilin iyun və noyabr qətnamələri haqqında susur. Bu qətnamələrdə Dağlıq Qarabağ separatçılarının "Qarabağ" komitəsi SSRİ hökuməti ilə bərabərtərəfli kimi təqdim edilir".
"İran indi az qala Dağlıq Qarabağı özünə bərabər hesab edir: 138 km ortaq sərhəd; Cənubi Qafqazda aktor; və. s Dəqiqləşdirmə aparaq: Sistan, Bəlucistan, puştular, kürdlər, türkmənlər, qaşqaylar İİR tərəfindən tanınmadığı kimi Dağlıq Qarabağı da heç bir dövlət, o cümlədən Ermənistan tanımayıb", - deyən politoloq əlavə edib ki, "Qanun" qəzeti İranın Ermənistan və Dağlıq Qarabağda məscidlərin təmiri və bərpası sahəsində fəaliyyətini ideal əməkdaşlığın nümunəsi olduğunu bəyan edir: "Ağdama "akna" demək erməni yalanını İran mənbələrindən üstün tutmaq anlamındadır. Qəzetin yazısında ""Dağlıq Qarabağ respublikasının" hökuməti nəinki məscidlərə zərər yetirib, hətta çoxlu xərc çəkərək onların təmirinə çalışmışdır", "Azərbaycanın atəş nöqtəsinə yaxın olmaq təmirə maneçilik törədir" fikirləri erməni separatçılığı ilə yanaşı, Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində işləyən iranlılara haqq qazandırmaq cəhdidir. Erməni işğalçıları işğal etdikləri Azərbaycan ərazisindəki məscidləri dağıtmasaydı, onun bərpasına ehtiyac da yaranmazdı. Bu sadə həqiqəti "Qanun" qəzetnin kollektivinin başa düşməsinə maneçilik edən səbəblər görünür, var. Ağdam məscidi 1828-ci ildən sonra, 1870-ci ildə tikilib. Əgər tarixi bu dərəcədə saxtalaşdırmağa İran tərəfi cəhd edirsə yada salaq ki, Fars körfəzində yerləşən Bəndərabas limanını Səfəvi hökmdarı Şah Abbas tikdirib. Ağdamdakı məscidin İrana məxsusluğundan daha çox Bəndərəbas Azərbaycana məxsusdur".
M. Əhmədoğlu bildirib ki, İran parlamentinin spikeri Əli Laricani Ermənistan parlamentinin nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağ tənzimlənməsi barədə səsləndirdiyi fikirlər status-kvonun qorunub saxlanmasına yönəlib: "Ə.Laricani İranın adından qonşuluğunda yeni qarşıdurmada maraqlı olmadığını bildirdi. Başqa sözlə, Azərbaycan işğalçılara qarşı müharibə aparmamalıdır. Ə.Laricaninin İranda səfərdə olarkən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşməməsi yadımızdan çıxmayıb. İranın Mədəniyyət və İrşad nazirliyinin xətti ilə "Həvva" adlı İran-Ermənistan birgə film çəkilib, "Oskar" nominasiyasına təqdim olunub. Film yüngül həyat tərzinə meylli, boşanmış erməni qadının obrazında Ermənistan- Dağlıq Qarabağ bağlılığını nümayiş etdirir".
Politoloq vurğulayıb ki, İran mətbuatında, ictimai-siyasi mühitində Dağlıq Qarabağ trendinin yarandığını ehtimal etmək olar: "Ermənistan trendindən fərqli olan bu trendi yalnız bir qrup adamın şəxsi təşəbbüsü hesab etmək yanlışlıqdır. Din və dövlət adamlarını bu məsələyə diqqət ayırması faydası olar. ABŞ, Rusiya və Aİ erməni işğalçılığına açıq dəstək verməyi çoxdan unudublar. ABŞ vətəndaşlarına, hətta milliyyətcə erməni olanlarına Dağlıq Qarabağa getməyi qadağan edib. Nəticədə, Amerikadakı erməni təşkilatlarının nümayəndələri Masis Mailyanla Dağlıq Qarabağda deyil, Yerevanda görüşdülər. İran bunlardan örnək götürə bilər. İsrail-Ermənistan artan rəsmi münasibətlərinə İranda susmalarıı çox şey deyir. Belə başa düşülür ki, İranın İsraillə problemi yoxdur, problemi Azərbaycanladır. Çünki İranda guya ancaq İsrail-Azərbaycan münasibətləri hədsiz narahatlıq yaradır. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda Azərbaycan-Rusiya- İran üçtərəfli sammitində iştirakı zamanı İranın Ali dini rəhbəri ilə də görüşdü. Geniş fikir mübadiləsi aparılıb. Öz tərəfimizdən deyə bilərik ki, ölkə Prezidenti Azərbaycanın daxili-xarici, o cümlədən dinlə bağlı siyasətində hərtərəfli mövqeyini ortalığa qoydu".
O qeyd edib ki, bəzi İslam dövlətləri İslam dininə gəlir mənbəyi kimi baxırlar: "Azərbaycan yeganə dövlətdir ki, büdcə hesabına məscidlər tikir, təmir və bərpa edir. Bu zaman dindən bir qəpik də pul qazanmır. Azərbaycana antiİran siyasət aparmağı dəvət edən dövlətlərin sayı xeyli çoxdur. Azərbaycan bu dəvətlərin heç birisini qəbul etməyib. İranın din və dövlət adamlarının gözü qarşısında islam birliyinə zərbə vurulur. İranda bir qrupun başına xristian erməniləri toplayaraq Azərbaycanı təhdid obyektinə çevirməsi İİR-in bu günü və gələcəyi üçün təhlükəlidir. İran polietnik, Azərbaycan nümunəvi polietnik və polikonfessional dövlətdirlər. Ermənistan monoetnik və monokonfessional dövlətdir. Azərbaycan İranın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb. İranın daxilində heç bir milli və dini azlığı dəstəkləməyib. Söhbət İrandakı azərbaycanlılardan getmir. Zənnimcə, İrandakılar da bilir ki, İranda azərbaycanlılar artıq milli azlıq deyil. Azərbaycan güclü dövlətdir. Torpaqları işğal altında ola-ola inkişaf etdi. İndi Azərbaycanın qazandıqlarından İran da fayda götürür. Dinimizin prinsiplərinə necə riayət olunmasına İran tərəfi ciddi fikir verməlidir. İrandakılar din biliciləridir. Hətta içərilərində siyasi ayətullahlar da var. Amma bu Allahın və İslam peyğəmbərinin ayələrini dəyişmir".