“...Qarabağ münaqişəsinin həlli mümkün ola bilər“ Siyasət

“...Qarabağ münaqişəsinin həlli mümkün ola bilər“

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüflənirəm".
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Fransa parlamentinin deputatı Andre Villie bildirib.
Onun sözlərinə görə, Azərbaycanın özünə məxsus torpaqlarını 20 ildən artıqdır geri qaytara bilməməsi narahatlıq doğurur: "Fransa uzun illərdir ATƏT-in Minsk qrupunun həmsədridir. Amma buna baxmayaraq münaqişənin həllinə nail olunmamasına çox təəccüb edirəm. Mən Fransanın yeni prezidenti Emmanuel Makrona səs vermişəm və ona inamım böyükdür. Həm daxili siyasətində, həm də beynəlxalq məsələlərdə onun siyasətini bəyənirəm. O, prezident olduğu qısa müddətdə göstərdi ki, həllini tapmamış problemlərdən çıxış yolu tapmaq üçün bacarığı, enerjisi və uzangörənliyi var. Emmanuel Makron 6 ay ərzində dünyada baş verən bütün aktual məsələlərlə məşğul olmağa imkan tapıb".
A.Villie deyib ki, Suriyada, İraqda baş verənlər, terrorçuluqla mübarizə böyük əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdir: "Bununla belə, Fransanın yeni prezidenti Suriya məsələsində siyasi arenanı tərk etməkdədir. Hesab edirəm ki, bunda məqsəd Rusiya ilə münasibətləri bərpa etmək və münaqişələri sülh və danışıqlar yolu ilə həll etməkdir. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa və Rusiya arasında inam üzərində qurulan qarşılıqlı münasibətlər bərpa olunarsa, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün ola bilər".